07 noyabr 2023 00:28
479

BABALARIMIZ OĞUZLAR (TÜRKMƏNLƏR)

(II yazı)

BABAMIN BABASININ... ULU BABALARI

Bu gün Şərqi Avropadan Çinə qədər geniş bir sahəyə yayılmış oğuzların tarix səhnəsinə çıxmalarından etibarən türk dövlətçiliyinin, mədəniyyətinin təşəkkülündə, inkişafında, türk xalqlarının formalaşmasında müstəsna rol oynadıqları inkaredilməz həqiqətdir. Faruk Sümər, Hüseyn Salman, Əhməd Bican Ərcilasun, Əhməd Taşağıl kimi nüfuzlu türkoloqlar Orxon-Yenisey abidələrinə istinadla oğuzların babası kimi türgişləri qəbul edirlər. Aşağıda bu xüsusdan ətraflı bəhs açacağıq. Amma aydın məsələdir ki, türgişlər VII əsrdə Tanrı dağı (Tyan-Şan) bölgəsində birdən-birə zühur etməmişdilər, necə deyərlər, yerdən çıxmamışdılar. Son tədqiqatlar onların qədim dövrlərdən bir çox türk boy birliklərinin tərkibində təmsil olunduqlarını söyləməyə əsas verir. Aşağıdakı məlumatlardan da göründüyü kimi, oğuzlar köklərini ümumtürk tarixinin dibsiz dərinliklərindən götürən ən “qocaman” etnik qruplardandır.

Bəşər tarixinə istiqamət vermiş, onun yönünü və gedişatını dəyişmiş azsaylı xalqlardan olan türklərin ana yurdu (pro-vətənləri) Altay və Sayan dağları ərazisi sayılır. Dünya sivilizasiyasının başlanğıcını əkinçilik və heyvandarlığa keçid dövründən hesablayan alimlər, türklərin əcdadlarının (prototürklər və ya ön türklərin) e.ə. VI minillikdə məhz bu bölgələrdə ovçu-toplayıcılıqdan qoyunçuluğa və atçılığa keçdiklərini qeyd edirlər.

•Nüfuzlu türkoloqlar Orxon-Yenisey abidələrinə istinadla oğuzların babası kimi türgişləri qəbul edirlər.

Dünyanın arxeoloji qazıntılar nəticəsində tapılmış ən qədim artefaktları ön türklərə aid olduğu şübhə doğurmayan Anav mədəniyyətinə (e.ə. 9000-3000) şamli edilir. Kopetdağın (müasir Türkmənistan) ətəklərindəki Anav bölgəsində aparılmış qazıntılarda ortaya çıxarılmış həmin artefaktlar, xüsusilə iki böyük kurqan prototürklərə məxsus mədəni irsin zənginliyindən soraq verir. E.ə. 2500-1700-cü illər arasında Afanasyevo (Şumer sivilizasiyasının əsasını təşkil edən türk mənşəli bu mədəniyyət e.ə. VII minillikdə Aral sahillərində meydana gəlmiş, tədricən Orta Şərqə, o cümlədən, Anadolu və Qafqaza yayılmışdır) və e.ə. 1700-1200-cü illər arasında Andronovo (arxeoloji qazıntılar nəticəsində Xakasiyada üzə çıxarılmışdır) mədəniyyətləri ilə təmsil olunan protürklərin atlı-köçəri həyat tərzi keçirdikləri, təqribən e.ə. 1700-cü illərdə böyük kütlələr şəklində Altay və Tanrı dağları arasındakı bölgəyə yayıldıqları məlumdur. Onların ilk siyasi birliyi (proto-dövləti) İskit (saka/sak/skif) qəbilə-tayfa ittifaqı hesab edilir. Dünya tarixşünaslığında arxeoloji, antropoloji və mədəni tədqiqatlar əsasında müasirləri ilə müqayisədə kifayət qədər geniş öyrənilən iskitlər türklərin ulu babaları (“turani qövm”) kimi qəbul olunur.

İSKİTLƏR (SKİFLƏR, SAKLAR/SAKALAR) e.ə. VIII əsrdə Tuna sahillərinə, sonra isə Anadoluya köç etmiş, soydaşları olan kimmerlər üzərində hakimiyyət qurmuş və bu hakimiyyəti uzun müddət əldə saxlamış, 200 il ərzində Şərqi Avropa və Şimali Qara dəniz ərazilərində urartulu və assurlularla yanaşı yaşamışlar. İskitlərin köç yollarını, xüsusilə Qafqaz-Anadolu xətti boyunca səpələnmiş kurqanlarını hərtərəfli araşdırmış Jeannie Davis Kimball onların izi ilə Şimali Qazaxıstana qədər gedib çıxmış, Anadolu-Şimali Qara dəniz və Şimali Qazaxıstan bölgələrində tapdığı kurqanların eyniliyini təsbit etmiş, belə bir qənaətə gəlmişdir ki, iskitlər və kimmerlər Daxili Asiyadan Qara dəniz və Anadoluyadək uzun bir yol qət etmişlər. Onun arxeoloji nəticələri genetik təhlillərlə də təsdiqlənmiş, beləliklə, iskitlərin 3 min il bundan qabaqkı türk tarixinin təmsilçiləri olması isbat edilmişdir.

E.ə. IX əsrdə Təkləməkan çölünün şərqində rastlaşdığımız atçı-qoyunçu iskitlər canlarını şiddətli isti və quraqlıqdan qurtarmaq üçün digər soydaşları hunlarla birlikdə qərb və cənub istiqamətlərində hərəkət edərək iqlimi daha mülayim olan Balxaş və Aral gölləri ətraflarına, oradan da massagetlərin basqınları nəticəsində Xəzər bölgəsinə gəlirlər. (Qeyd edək ki, Darxan Kıdırəli və Qaybulla Babayarovun dərs vəsaitində massagetlər e.ə. 1-ci minilliyin ortalarında “Altay dağlarından Qara dənizin şimal sahillərinə qədər uzanan ərazilərdə mövcud olmuş sak tayfalarından biri” hesab edilir və onların Aral və Xəzər dənizləri arasında, Şimali Qafqaz və Azərbaycanda yaşadıqları deyilir.) Kimmerlərlə iskitlərin savaşı burada da davam edir və təqribən e.ə. VIII əsrdə kimmerlər məğlub olaraq Şimali Qara dəniz bölgəsindən Anadolu və Qafqaza çəkilmək məcburiyyətində qalırlar. Onları təqib edən iskitlər isə hakim olduqları əraziləri genişləndirmək üçün dağınıq şəkildə Fərqanə vadisinə qədər yayılırlar. Şimali Qara dəniz bölgəsindən axın-axın Anadolu və Qafqaza doğru irəliləyən iskitlər Urartu, Assur, Manna, Midiya kimi dövlətlərlə toqquşmaqdan da çəkinmirdilər. E.ə. 610-cu ildə onlar cənub-şərqi Anadoluda ən güclü orduya malik idilər. Assur mənbələrindən məlum olduğu kimi e.ə. 679-cu ildə iskitlər artıq bir dövlət qurmuş və onun ətrafında birləşmişdilər. Belə ki, mənbələrdə onlar “işkigulu”, kralları isə “işpakai” adlandırılır. 

Lakin e.ə. IV əsrdə atlı-köçəri sarmatlarla girdikləri ağır münaqişə, habelə oturaq həyat tərzinə keçmələri ilə əlaqədar iskitlərin müqavimət qüvvəsi getdikcə zəifləyir. Nəhayət, Anadolunu tərk etməyə məcbur olub, Cənubi Qara dəniz bölgəsinə köçür və e.ə. 3-cü əsrə qədər orada yaşayırlar. N.Nəsiblinin bildirdiyinə  görə, e.ə. 250-ci ilədək davam edən sarmat işğalları nəticəsində hakimiyyətləri Krım yarımadasına qədər daralan iskitlər sonradan Skandinaviyadan Qara dənizə enən qotlar tərəfindən məğlub edilərək, bölgə xalqları tərəfindən assimilyasiyaya uğrayırlar.

Onu da qeyd etməliyik ki, son dövrdə Türkiyə və Azərbaycan tarixşünaslığında iskitlərə maraq güclənməkdədir. Onların Qafqaz üzərindən Anadoluya daxil olmaları və burada məskunlaşmaları İlhami Durmuşun “İskitlər/Sakalar” və Əkrəm Məmişin “Atlı qövmlər mədəniyyəti: iskitlərin tarixi” kimi ciddi elmi monoqrafiyalarının əsas mövzularındandır. Bu əsərlərdə iskitlərdən bir oğuz birliyi kimi bəhs olunması diqqəti xüsusi cəlb edir. “Xəzər və barsillərin başçılıq etdiyi tayfa birliyi” kimi təqdim olunan iskitlərin Qafqaz və Anadolunun türkləşməsində rolu, miladdan əvvəlki uzun bir zaman kəsimində Midiya hakimiyyətində təmsil olunmaları Azərbaycan alimlərinin əsərlərində də (Yusif Cəfərov, Həsən Həsənov və b.) tutarlı faktlarla təsbit edilmişdir.

HUNLAR. Bizim eranın əvvəllərində prototürklərin Anadolu və Azərbaycan istiqamətində axın və köçləri, hunlar və “hun konqlomeratı”na (Sara Aşurbəyli) aid tayfalarla əlaqələndirilir. Erkən orta əsrlərə aid qaynaqlarda hunlardan bir neçə imperiyanın qurucuları kimi söz açılır. Çin mənbələrinə əsasən, eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinə qədər Mərkəzi Asiya, Cənubi Sibir, Monqolustan, Şimali Çin, Şərqi Türküstan ərazilərində Asiya hunları imperiyası (“Suyun-nu”)  mövcud olub və bu dövlət, qurucusu Tumanın (Teoman) oğlu Metenin (onun adının “Mode”, “Mo-tun” variantları da məlumdur) hakimiyyəti dövründə yüksəlişinin zirvə nöqtəsinə çataraq Şərqi Türküstan şəhərlərini və qədim İpək yolunun şimal şaxəsini nəzarətə götürüb. Asiya hunları digər bir prototürk dövləti olan Kanqlı/Kanxa/ Kanq/Kanyuy (e.ə. II əsr-bizim eranın III əsri) qoşunları ilə birlikdə Çinə qarşı qanlı müharibələr aparmış və bu mübarizə nəticəsində gücdən düşərək, dağılmışdır.

•“Xəzər və barsillərin başçılıq etdiyi tayfa birliyi” kimi təqdim olunan iskitlər Qafqaz və Anadolunun türkləşməsində mühüm rol oynamış, miladdan əvvəlki uzun bir zaman kəsimində Midiya hakimiyyətində təmsil olunmuşdur.

Hunların bir hissəsi qərbə üz tutmuş, eramızın IV-V əsrlərində Şimali Qafqaz, Şimali Qara dəniz bölgəsi və Şərqi Avropanı əhatə edən Avropa hunları imperiyasını yaratmışdır. Roma imperiyasının şimal əyalətlərini daim təhdid altında saxlayan hunlar Fransa və İspaniyaya qədər irəliləyərək, “xalqların böyük köçü”nə səbəb olmuş, Avropanın etnik simasının dəyişməsində mühüm rol oynamışlar. Atillanın hakimiyyəti illərində (434-453) Avropa hunları dövləti böyük bir imperiyaya çevrilmişdir. Bundan başqa hunlar Mərkəzi Asiyanın cənub-qərbini (Baktriya), habelə Xorasan və Şimali Hindistanı əhatə edən Xionitlər dövlətinin (Asiya hunları imperiyasının davamı hesab edilir) də yaradıcıları sayılır. Bizim eranın IV-VI əsrlərində xionitlərin süqutu ilə həmin ərazilərdə Ağ hunlar dövləti (Eftalitlər) yaranıb.

Eramızın ilk əsrlərində hunların Qafqazda cərəyan edən siyasi və etnik proseslərdə fəallığı yazılı mənbələrin məlumatları ilə təsdiq olunur. II əsrdə yaşamış yunan tarixçiləri Klavdi Ptolomey və Dionisi Parieget hunların Qafqazda yerləşmələrinə dair önəmli məlumatlar vermişlər. Parieget Xəzərin qərb sahilində məskunlaşmış boylardan danışarkən iskit, hun, kaspi və albanların da adını çəkir. Y.Cəfərov mənbələr əsasında hunların IV əsrin ilk rübündə indiki Azərbaycan ərazilərində irəliləyərək Mil düzünə qədər axınlar etdiklərini göstərir. Gürcü salnamələrində hun torpaqlarının Dərbənd keçidindən (bəzi qaynaqlara görə Başbarmaq dağı ətəklərindən) başlayıb cənuba doğru uzandığı qeyd edilir. Onların 371-ci ildə Dunay sahillərinə köç etmələrinə baxmayaraq, uzun müddət basqınlar yolu ilə Qafqazın ictimai-siyasi həyatına təsir göstərdikləri məlumdur. S.Aşurbəylinin yazdığına görə, III əsrin birinci yarısında və sonralar, IV əsrin axırlarında (395-ci il) onların Dərbənd (Çor) keçidindən keçərək Albaniyaya yürüş etməsi Aqafangel və bir sıra digər müəlliflərin qeydlərində təsdiqini tapır. Alimin fikrincə, hunlar hətta V-VI əsrlərdə də Albaniyaya- Dərbəndə, Şirvana, Muğana və b. vilayətlərə basqınlar etmiş və böyük qənimət ələ keçirərək geri dönmüşlər. Onların Anadolu istiqamətində irəlilədiklərini qeyd edən müəlliflər də az deyil. Üçlər Bulduk yazır: “Sırdıryadan ilk oğuz (uz) yürüşləri Qərbi (Avropa) hunlar dövründə baş verib. Roma imperiyasının parçalanmasından sonra Qafqaz dağlarını aşaraq, Bizansın hakimiyyətində qalan Anadoluya gələn Kursık və Basık adlı hun sərkərdələri 398-ci ildə Ərzurum, Malatya, Çukurova xəttini keçib Qüdsə qədər axınlar etmiş, eyni yolla da geri qayıtmışlar. Hunlardan sonra 515-516-cı illərdə sabar (sabir, sibir) türkləri hökmdarları Balakın başçılığı ilə Şərqi Anadoludan Ankaraya qədər basqınlar etmiş, bol qənimət götürmüşlər ”.

•II əsrdə yaşamış yunan tarixçiləri Klavdi Ptolomey və Dionisi Parieget hunların Qafqazda yerləşmələrinə dair önəmli məlumatlar vermişlər. Parieget Xəzərin qərb sahilində məskunlaşmış boylardan danışarkən iskit, hun, kaspi və albanların da adını çəkir.

Ü.Buldukun hunlarla oğuzları yaxın (və ya eyni) etnik qrup(lar)a aid etməsi təsadüfi sayılmamalıdır. Oğuzlarla hunların bağlılığı fikri hələ Bizans tarixçisi və diplomatı Prisk tərəfindən irəli sürülmüşdür. O, uğor, sarağur və onoğurları (Ü.Buldukun yazdığına görə, “oğuz” sözü “oğur” variantında eramızdan əvvəlki dövrlərə aid Çin mənbələrində də işlənib) Qafqaz bölgəsində yaşayan hun boyları arasında sadalayır və V əsrin 60-cı illərində Qafqaza köç edən sabir/suvarların burada həmin boylarla qarşılaşdığını yazır. Ümumiyyətlə, erkən orta əsrlərdə bir çox türk tayfalarının hunlara və ya “hun konqlemeratına” aid edilməsi tarixşünaslıqda məlum məsələdir. Məhz bu mülahizə ilə protobulqarların “Qafqazda məskunlaşmış ilk hun boyu” hesab edilməsi əsassız sayıla bilməz. Yuxarıda D.Kıdırəli və Q.Babayarovun massagetləri sak/iskit tayfalarından bildiyini qeyd etmişdik. Burada başqa bir maraqlı faktı da nəzərə çatdıraq. Qədim yunan mənbələrində tez-tez xatırlanan massagetlərin qollarından biri “augasi” adlanırdı (onların b.e.ə. V əsrdə yaşadıqları məlumdur). 1947-ci ildə Orta Asiyada, xüsusən Xarəzmdəki oğuz şəhərlərində qazıntılar aparmış rus arxeoloqu S.P.Tolstov həmin “augasi”lərin oğuzlar olduğunu iddia etmişdir.

Eramızın ilk əsrlərində maskutların (massagetlərin) indiki Azərbaycan ərazisində- Müşkür düzündə öz dövlətlərini yaratdıqları və həmin dövlətin hərbi-siyasi, etno-mədəni həyatında hunların önəmli yer tutduqları da çoxdan məlumdur. Qafqaz Albaniyasının tanınmış tədqiqatçısı Fəridə Məmmədova Maskut dövləti ərazisinin “Masaha-hunların ölkəsi” adlandırıldığı qaynaqlara rast gəldiyini yazmışdır. Biz, əlbəttə ki, burada adıçəkilən tayfaların etnik baxımdan hunlara mənsub olub-olmadıqlarını araşdırmaq niyyətində deyilik, amma onların türk tayfalarından olduğu, müxtəlif dövrlərdə hun ordalarına qatıldığı, ən əsası isə Azərbaycan ərazilərində yaşadığı şübhə doğurmur. Bu sırada sabir/suvarlar (etnonimin sabar/sibir variantlarına da rast gəlmək olur) və xəzərlər xüsusi yer tutur.

SABİR/SAVİR VƏ YA SUVARLARın Xəzər dənizi və Don çayı arasında yerləşdikləri hələ eramızın I əsrində yunan coğrafiyaçısı Strabon tərəfindən qeyd edilmişdir. Y.Cəfərov onların daha sonralar Kuma və Terek çayları arasında yaşadıqlarını və dəfələrlə Qafqaza axın etdiklərini göstərir. Tariq Dostiyev isə V əsrin ortalarında sabirlərin buraya köç etdiklərini, oğur, sarağur və onoğurları sıxışdıraraq Qafqazda hakimiyyət qurduqlarını yazır. (Bu yerdə Aygün Attarın aşağıdakı mülahizələrini də xatırlatmaq lazım gəlir: “İskit və oğur topluluqlarının yayıldıqları coğrafiyanı diqqətə alsaq, oğuzların Anadolu və Azərbaycanla təmaslarının əski dövrlərə dayandığı aydın görünür... Ən azından IV əsrdən etibarən sözügedən bölgələr çoxsaylı oğur/oğuz qövmlərinin nəzarətində olmuşdur. Bu da Azərbaycan və Şərqi Anadolunun oğuzlarla səlcuqilərdən çox-çox əvvəl tanış olduğunu söyləməyə imkan verir”.)  T.Dostiyev həm də sabirlərin başçılıq etdiyi hun boylarının VI əsrdə Qafqazda möhkəmləndiklərini vurğulayır və yazır ki, Bizans imperiyası ilə Sasanilər dövləti arasında 502-ci ildə başlayan çoxillik müharibədə tərəflərin hər biri onların hərbi-siyasi dəstəyini almağa çalışmışdır.

•Eramızın ilk əsrlərində maskutların (massagetlərin) indiki Azərbaycan ərazisində- Müşkür düzündə öz dövlətlərini yaratdıqları və həmin dövlətin hərbi-siyasi, etno-mədəni həyatında hunların önəmli yer tutduqları tarixdən məlumdur. Tanınmış tədqiqatçı Fəridə Məmmədova Maskut dövləti ərazisinin “Masaha-hunların ölkəsi” adlandırıldığı qaynaqlara rast gəldiyini qeyd edir.

Y.Cəfərov VI əsrin 20-30-cu illərində sabirlərin bizanslılara qrşı döyüşdüklərini, bununla belə Sasani şahlarının onlara qarşı xüsusi demoqrafik siyasət hazırlayıb həyata keçirdiklərini də qeyd edir. Bu siyasətin məğzini isə sabirlərin cənuba doğru yayılmasının,  Qafqaz Albaniyasının şimal-şərq bölgələrində türklərin üstünlük qazanmasının qarşısını almaq məqsədi ilə Azərbaycan ərazilərinə farsmənşəli etnosların köçürülməsi təşkil edirdi. Belə bir siyasətin həyata keçirilməsi, əlbəttə ki, o dövrdə Qafqazda qərarlaşmış etno-sosial mənzərəni yanlış əks etdirən, Azərbaycan xalqının təşəkkülündə İran ünsürünə ağırlıq verən nəzəriyyələri sual altında qoyan kifayət qədər ciddi faktlardan sayıla bilər. Lakin çox keçmədən Sasani siyasətinin dəyişdiyini göstərən başqa bir fakt da məlumdur və bu barədə S.Aşurbəyli belə yazır: “VI əsr pəhləvi məxəzlərindəki məlumatları hifz etmiş İbn Misqəveyh (IX əsr) təsdiq edir ki, I Xosrov Ənuşirəvan (531-579-cu illər) savirlərə qalib gəldikdən sonra Şimali Qafqazın dörd türk tayfasından olan 50 min nəfərdən ibarət 3 min ailəni Arrana və Azərbaycana köçürdü. İbn Misqəveyhin dediyinə görə, türklərin qafiləsi (dəstəsi) on fərsəxədək (təqribən 60 kilometr) uzanırdı. Başqa məlumatlara görə, Azərbaycanda yerləşdirilən əsirlərin sayı 10 min nəfərə çatırdı. Savirlərin bir hissəsi könüllü surətdə Arrana köçərək, Bələncər, Gəncə, Qazax və başqa yerlərdə məskunlaşdı. I Xosrov Ənuşirəvan Bizansla müharibədə istifadə etmək məqsədi ilə onların Sasani dövlətinə keçmələrinə imkan verdi. Onlar torpaq payı aldılar, Arran və Azərbaycan mərzbanlarına tabe edildilər. Bizans tarixçisi Menandrın məlumatına görə, savirlər 575-ci ildə Kür və Araz çayları arasında və Kür boyunca şimal-qərbdə yerləşən torpaqlara köçürüldülər. Bu əlaqələr Arran və Şirvanda türk dilinin yayılmasına əlverişli şərait yaratdı”. Düşünmək olar ki, bütün cidd-cəhdlərinə baxmayaraq VI əsrdə yerli demoqrafik mühitdə türklərin xüsusi çəkisinin yüksəlməsini dayandırmağa müvəffəq ola bilməyən Sasani şahları hərbi zərurəti əsas alaraq, dörd (!) türk tayfasından olan əsirləri, ələlxüsus da savirləri Azərbaycan torpaqlarında yerləşdirməyi daha münasib görmüşlər.

•Sasanilərin sabirlərə qarşı həyata keçirdiyi demoqrafik siyasətin məğzini onların cənuba doğru yayılmasının,  Qafqaz Albaniyasının şimal-şərq bölgələrində türklərin üstünlük qazanmasının qarşısını almaq məqsədi ilə Azərbaycan ərazilərinə farsmənşəli etnosların köçürülməsi təşkil edirdi. Bu, həmin dövrdə Qafqazda qərarlaşmış etno-sosial mənzərəni yanlış əks etdirən, Azərbaycan xalqının təşəkkülündə İran ünsürünə ağırlıq verən nəzəriyyələri sual altında qoyan kifayət qədər ciddi faktlardan sayıla bilər.

Burada diqqəti çəkən digər bir xüsus isə sabirlərin böyük bir hissəsinin Sasani ordusu tərəfində döyüşdüyü bir dövrdə onların başqa bir qrupunun Albaniya ərazilərinə basqınlar etməsidir. Bu xüsus görkəmli rus türkoloqu Lev Nikolayeviç Qumilyovu hətta sabirlərin Albaniyanı işğal etməsi qənaətinə də gətirmişdi. Y.Cəfərov da əsərində analoji hadisələrdən bəhs edir. Alimin  yazdığına görə, Sasani qüvvələri qeyri-bərabər döyüşlərdə sabirləri məğlubiyyətə uğratmış və onları Şabran, Abşeron və Muğan xətti üzərində yerləşdirmişlər. Ü.Buldukun 515-516-cı illərdə Balak adlı bir boy öndərinin başçılığı ilə savirlərin Şərqi Anadoludan Ankaraya qədər torpaqları talan etməsii barədə məlumatı da deyilənlərlə səsləşir. Bu tipli hadisələri şərh edərkən T.Dostiyev yazır: “Sabirlərin bir bölüyünün sasanilərə dəstək verdiyi bir vaxtda digər bölüyünün Sasani hakimiyyətindəki torpaqlara basqınlar etməsi Şimali Qafqazdakı hunların müstəqil boylar halında yaşamalarından xəbər verir. Bizans tarixçisi Prokopi Kayseriyelinin dedikləri də bu fikrə əsas verir ki, hun-sabirlərin sayları olduqca çox idi və onlar müstəqil qollara ayrılmışdılar”. Fikrimizcə, belə misallar təsadüfi və ya ixtiyari olmayıb, türk konfederasiyalarında  boyların nisbi muxtariyyət prinsipindən irəli gəlir və vaxtaşırı təzahür edir.

•Savirlərin 575-ci ildə Kür və Araz çayları arasında və Kür boyunca şimal-qərbdə yerləşən torpaqlara köçürülməsi Arran və Şirvanda türk dilinin yayılmasına əlverişli şərait yaratdı.

Tarixşünaslıqda sabirlərin Azərbaycan torpaqlarına 550-ci illərdə də köç etdiklərinə dair mülahizələr mövcuddur. Bu ikinci köç dalğası, əsasən, Mərkəzi Asiyada jujanların (çinlilərin “juan-juan” adlandırdıqları bu etnosa Bizans mənbələrində “avarlar” deyilir) Göytürklərə məğlub olmaları ilə əlaqələndirilir. Belə ki, V əsrdə Monqolustan, Altay, Cunqariya/Hunqariya (Macarıstan) ərazilərində, habelə Şərqi Türküstanın şimal-şərq bölgələrində öz imperiyalarını yaratmış jujanların 552-ci ildə ildə tabeçiliklərində olan Aşina türk tayfasının üsyanı nəticəsində hakimiyyəti itirərək (onun yerini Birinci Göytürk Xaqanlığı tutur) qərbə, Qafqaza doğru çəkildikləri, burada isə sabirlərlə qarşılaşıb onları sıxışdırdıqları bəlli məsələdir.

•Hun-sabirlərin sayları olduqca çox idi və onlar müstəqil qollara ayrılmışdılar.

Jujanlardan qaçan sabirlərin bir qisminin Azərbaycana, xüsusən şimal-şərq ərazilərinə köç etməsi onların burada yaşayan qandaşlarının yanına gəlməsi kimi izah olunur. Eyni zamanda S.Aşurbəyli VII əsrə aid anonim bir mənbəyə istinadla Xəzər dənizinin şimal-qərbində Atil (İtil/Volqa) çayınadək sabir tayfalarının yaşadığını bildirir. O, Mitilenli Zəkəriyyənin 555-ci ilə aid salnaməsində “Dərbəndin arxasında, Dağıstanda və Şimali Qafqazda” yaşayan 13 etnosdan bəhs etdiyini, çadırlarda yaşayan, mal-qara, balıq və vəhşi heyvan əti ilə dolanan bu tayfaların arasında bulqarlar, xəzərlər, saragurlar, onoğurlarla yanaşı sabirlərin də xatırlandığını qeyd edir. S.Aşurbəylinin fikrincə, sabirlər hun ordası tərkibində Azərbaycana V-VI əsrlərdə gəlmiş, VII-IX əsrlərdə isə Qəbələyə və Muğana yayılmışlar. O, İbn Xordadbehin (IX əsr) belə bir məlumatını nəzərə çarpdırır ki, “Bab əl-Əbvabdan (Dərbənddən) o yana Suvar səltənətidir”. Deyilənlərdən sabirlərin Xəzər ətraflarında, xüsusilə Qafqaz, o cümlədən də Azərbaycanda bizim eranın ilk əsrlərindən məskən saldıqları, özü də digər türkdilli tayfalarla yan-yana yaşadıqları, buradan qonşu bölgələrə yayıldıqları aydın olur ki, bu da türk xalqları üçün xarakterik xüsisiyyətdir. Digər tərəfdən Orta Asiyada, Karaçuk dağının ətəklərində (Fərab şəhəri yaxınlığında) və Azərbaycan ərazisində sabirlərin adı ilə bağlılığı şübhə doğurmayan “Şabran” şəhərlərinin (Mahmud Kaşğari lüğətində bu ad “Şabiran” şəklində keçir) olması maraq doğurur.     

XƏZƏRLƏR. Mənbələrdə bir qayda olaraq adları sabirlərlə qoşa çəkilən konfederasiyalardan biri də xəzərlərdir. Dünya tarixşünaslığında xəzərlər mövzusuna maraq həmişə böyük olub. Bir neçə yüzillik ərzində Cənubi Qafqazdan Xəzər və Qara dəniz boyunca İtil (Volqa) və Dunay çaylarına qədər nəhəng bir coğrafiyanı hakimiyyəti altında saxlamış xəzərlər haqqında indiyədək yüzlərlə tədqiqat əsəri nəşr edilib. Müasir elmi fikrin yekdil rəyi bundan ibarətdir ki, xəzərlərin tarix səhnəsinə çıxışı bizim eradan çox-çox əvvəl, Heredot zamanında (təqribən b.e.ə. 484-425) baş vermişdir. Onların Azərbaycana gəlişi də eyni dövrə təsadüf edir. Azərbaycan tarixşünaslığında xəzərlərin  iskit tayfalarına aid edilməsi, savirlərin, bulqarların, barsillərin isə Xəzər Xaqanlığında təmsil olunması tendensiyası get-gedə güclənməkdədir. Əslində, eyni hadisələrin gah sabirlərə, gah da xəzərlərə aid edilməsi halları tarixşünaslıqda əvvəllər də olub. Misal üçün, S.Aşurbəyli “Şirvanşahlar tarixi” əsərində İbn Misqəveyhə istinadən I Xosrov Ənuşirəvanın 50 min əsir türkü Azərbaycan ərazisində yerləşdirməsindən iki dəfə bəhs edir; əvvəlcə həmin əsirlərin savirlər, bir qədər aşağıda isə xəzərlər olduğunu bildirir (yuxarıda bu hadisəyə toxunulub). Və bu, məxəzlərdəki qarışıqlıqla yanaşı savir və xəzərlərin etnik yaxınlıq və siyasi müttəfiqliyinə, əksər hallarda onların eyni proseslərdə birgə iştirakına dəlalət edir.

•Jujanlardan qaçan sabirlərin bir qisminin Azərbaycana, xüsusən şimal-şərq ərazilərinə köç etməsi onların burada yaşayan qandaşlarının yanına gəlməsi kimi izah olunur.

Xəzərlər və Azərbaycan mövzusuna İran alimi Səid Nəfisi də toxunur. V əsrin əvvəllərində türklərin müxtəlif tayfalar şəklində Xəzərin üç tərəfində yaşadıqlarını yazan tədqiqatçı, bu tayfalar arasında xəzərlərlə yanaşı səlcuq, türkmən (şimal-şərqdə məskunlaşanlar), salur, bayandur, əfşar və bayat kimi oğuz boylarının (şimal-qərbdə məskunlaşanlar) da adını çəkir, həmin dövrdə indiki İran ərazisi və Cənubi Qafqaza (Azərbaycana) iki istiqamətdən türk axınlarının baş verdiyini göstərir (Mehman Süleymanov). Ortaq türk tarixindən bəhs edən xülasələrdə isə xəzərlərin VII əsrdə əsasən, Aşağı Volqaboyunda və Xəzərin şimal-qərb sahillərində imperiya qurduğu və Xəzər Xaqanlığının ümumtürk tarixinin növbəti yüksəliş mərhələsini təcəssüm etdirdiyi vurğulanır. Böyük Türk Xaqanlığının şərq ərazilərində meydana gələn və onun davamı sayılan bu dövlətin sonradan Göytürklərin qurucuları olacaq Aşina sülaləsi tərəfindən idarə edildiyi və süquta uğradığı X əsrədək Şimali Qara dəniz boylarından Aral dənizinə, Azərbaycandan Ural dağlarına qədər genişləndiyi deyilir. Xaqanlığının başlıca inzibati mərkəzləri kimi Xanbalık (və ya Səməndər) və İtil şəhərləri göstərilir.

İslam (ərəb) ordularının VIII əsrdə Qafqaza və Azərbaycana hücumu ərəfəsində burada xəzərlərin hökmran olduqlarını nəzərə çatdıran S.Aşurbəyli bu iki güclü rəqib arasında uzun sürən mübarizəni ətraflı təsvir edir. Onun yazdığına görə, “Şimali Qafqazda və Volqanın mənsəbində güclü səltənət yaratmış” xəzərlər hələ 662-ci ildə Dərbənddən Albaniyaya yürüş etmiş, lakin alban hökmdarı Cavanşir tərəfindən geri oturdulmuşdular. 664-cü ildə isə onlar “yeni, daha güclü hücuma keçərək, Kürü adlayıb Araz sahillərinə çatdılar, çoxlu əsir tutdular və Muğan düzündən külli miqdarda mal-qara qovub apardılar. 684-cü ilin hücumu da Albaniya üçün dağıdıcı oldu. Həmin vaxtdan etibarən ölkə kütləvi surətdə Albaniyada məskunlaşan və yerli əhali ilə qaynayıb-qarışan xəzərlərin hakimiyyəti altına düşdü. VIII əsrin əvvəllərində ərəblər Dərbənd istiqamətində şimal yürüşünə başlarkən burada “tərkibində müxtəlif türk tayfaları- sabirlər, türkütlər, bulqarlar və b. olan çoxsaylı Xəzər ordusu ilə üz-üzə gəldilər”.

Xəlifə I Validin (705-715) dövründə Arran, Azərbaycan və Şirvana bir neçə dəfə hücum edən ərəblər müqavimət göstərən qala və şəhərləri alıb, özlərinə tabe etdirərək, Əl-Bab (Dərbənd) üzərinə yeridilər və şəhəri tutdular. Xəzərlər geri çəkildilər. Lakin ərəb qoşunlarının komandanı, xəlifənin qardaşı oğlu Məsləmə gedəndən sonra geri dönüb yenidən Dərbəndi ələ keçirdilər.

Xəlifə Yəzid ibn Əbdülməlikin hakimiyyət illərində (720-724) xəzərlərə qarşı mübarizə yenidən alovlandı. 722-723-cü illərdə Azərbaycan valisi təyin olunan əl-Cərrah ibn Abdullah əl-Həkəmi 25 minlik ordu ilə Kürü keçərək xəzər xaqanının oğlu Barsbəyin qoşununu məğlubiyyətə uğratdı. Çoxlu əsir alan əl-Cərrah onları Qəbələdə yerləşdirdi, sonra isə şimalda yerləşən Bələncəri zəbt etdi. 724-cü ilin əvvəlində ölən xəlifə Yəzidin yerinə qardaşı Hişam ibn Əbdülməlik (724-743) keçdi və onun vali kimi yenidən Azərbaycana göndərdiyi Məsləmə ibn Əbdülməlik 20 ildən artıq bir müddətdə Əməvilərin Qafqazda xəzərlərlə mübarizəsinə başçılıq etdi. O, 727-728-ci illərdə Azərbaycan torpaqlarından keçərək iki dəfə xəzərlərlə döyüşə girdi və onlara qalib gəldi. 729-cu ildə Şəki-Bərdə-Beyləqan-Varsan-Bacərvan yolu ilə hərəkət edən Əməvi qoşunu Ərdəbili hədəf götürmüşdü. Lakin Xəzər xaqanının oğlu Barsbəy 300 minlik ordusu ilə Ərdəbilə köməyə gəldi və Şəhrizad kəndi yaxınlığında ərəbləri məğlub edərək, şəhəri aldı.

735/736-cı ildə yeni vali Mərvan ibn Məhəmməd xəzərlərin ölkəsinə soxuldu. İslamı qəbul etdiyinə görə xaqanı taxtından kənarlaşdırmasa da 40 min xəzəri əsir aldı və Samur və Şəbəran çayları arasındakı düzənlikdə yerləşdirdi. Mərvan bir müddət sonra Şimali və Cənubi Dağıstanın bəzi vilayətlərini də ələ keçirdi və onların hakimlərini özünə tabe etdirdi.

Ərəb-xəzər qarşıdurması Abbasi xəlifələri dövründə də davam etdi. Doğrudur, Xəlifə Əl-Mənsurun (754-775) Azərbaycan, Arran və Şirvan valisi təyin etdiyi Yəzid ibn Üseyd əs-Süləmi xaqanın qızı Xatunla evlənərək, xəzərlərlə qohum olduqdan sonra münasibətlər müəyyən qədər yoluna düşmüşdü, lakin ara-sıra toqquşmalar baş verirdi.

•VIII əsrin əvvəllərində ərəblər Dərbənd istiqamətində şimal yürüşünə başlarkən burada tərkibində müxtəlif türk tayfaları- sabirlər, türkütlər, bulqarlar və b. olan çoxsaylı Xəzər ordusu ilə üz-üzə gəldilər.

Xəzərlərin ərəblərə qarşı son böyük hücumu isə 799-cu ilə təsadüf edir. Bu ərəfədə xəlifə Harun ər-Rəşidin (784-809) canişin təyin etdiyi Səid ibn-Səlm ibn-Qüteybə əl-Bəhilinin zülmündən narazı olan Dərbənd feodalları onun naibinə hücum çəkmiş, canişin isə buna görə Dərbənd əmiri ən-Nəcm ibn-Haşimi qətlə yetirmişdi. Həyyun ibn-Nəcm atasının qisasını alaraq Səidin Dərbənddəki naibini öldürdü və canişinə qarşı üsyan qaldırdı. Mənbələrdə deyildiyinə görə, “o, xəzərlərin xaqanı ilə danışığa girdi, xaqan ona yardım göstərdi, böyük ordunun başında müsəlmanlara hücum edərək, onları qırdı və çoxlu əsir aldı”. Xəzərlər Şirvan və Arranın içərilərinə doğru irəliləyərək, Kürün sahilinə çatdılar və 100 mindən çox əsirlə geri döndülər.

Göründüyü kimi, xəzərlər böyük hərbi qüdrətə malik olmuş, ərəb ordularına qarşı təxminən yüz il döyüşmüş, İslam xəlifəsi ilə qohumluq şərəfinə layiq görülmüşlər. D.Kıdırəli və Q.Babayarovun qeyd etdikləri kimi, bu cəsur türk tayfasının (tayfa birliyinin) Azərbaycan, qumıq, qaraçay, balkar və Krım türklərinin etnik-mədəni təşəkkülündə əhəmiyyətli yer tutduğuna şübhə yoxdur.

GÖYTÜRK İMPERİYASI VƏ OĞUZLAR

Amma, etiraf etməliyik ki, sözügedən dövrdə bütün türk arealının ən qüdrətli dövləti Göytürk imperiyası idi. Təqribən 200 illik siyasi varlığı müddətində (Birinci Göytürk Xaqanlığı: 552-630; İkinci Göytürk Xaqanlığı: 682-745) şərqdə Çinin cənub sərhədlərindən qərbdə Xəzər dənizi və Qara dəniz sahillərinə qədər uzanaraq Bizansın qonşuluğuna çatan, əhalisi bir çox türk və qeyri-türk etnik ünsürü birləşdirən bu dövlətin yaranması VI əsrdə Orxon və Talas vadilərində (indiki Monqolustan) Aşina adlı bir türk boyunun (qədim əfsanəyə görə, əlləri və ayaqları kəsilərək bozqıra atılmış “son türk”lə onu ölməkdən xilas edən “göy börü”dən - müqəddəs qurddan törəyən Asena/Açına/ Aşina soyu türklərin mifik-totemik babaları sayılır) jujanlar üzərində qələbə çalması ilə əlaqələndirilir. Belə ki, hələ eramızın 155-ci ilinə doğru hunlar buradakı hakim mövqelərini sienpilərə (monqoldilli syanbilərə), onlar isə juan-juanlara (jujanlara) tərk etmişdilər. L.Qumilyovun “Qədim türklər” əsərində qeyd olunduğuna görə, Aşina ailəsi Xesi hakimi, hun knyazı Muğanın təbəələrindən olub, hunların və syanbilərin çinlilərdən aldıqları Şensi əyalətinin qərb hissəsində yaşayırdı. 439-cu ildə tobalar hunlara qalib gələrək Xesini Vey imperiyasına birləşdirəndə knyaz Aşina “500 ailə” ilə (alimin fikrincə, bu rəqəm üslubi qəlibdir və əslində “azsaylı” mənasını verir) jujanların yanına qaçdı və Altay dağlarının cənubunda yerləşərək, onlar üçün dəmir emal etməyə başladı. L.Qumilyov Aşina ailəsini çoxsaylı syanbi və hun knyazlıqları ilə yola getməyən qoçaq adamlardan ibarət bir orda hesab edir (baxmayaraq ki, tam bir Aşina Xaqanlığından söz açan araşdırıcılar da yox deyil). Onun fikrincə, çinlilər Aşina bəylərinin  təbəələrini tu-kyu adlandırırdılar: “Bu söz Pelyo tərəfindən “türküt”, yəni, “türklər” kimi uğurlu açılmışdır”.

Tarixşünaslıqda qəbul olunmuş qənaətə əsasən, 552-ci ildə Aşina bəyi Bumın jujanları məğlubiyyətə uğradaraq İl-xan titulunu qəbul edir ki, Göytürk Xaqanlığının qurulması da həmin ildən hesablanır (L.Qumilyov isə Birinci Xaqanlığın 546-658-ci illər arasında mövcud olduğunu göstərir). Dövlətin qüdrəti artdıqca onun ərazilərinin Uzaq Şərqdən Şimali Qara dəniz boylarına, Cənubi Sibirdən Xorasana və Şimali Hindistana qədər böyüdüyü bildirilir. Göytürk Xaqanlığının əsas inzibati mərkəzləri kimi paytaxt Ötükənlə (müasir Monqolustan) yanaşı, Suyab və Taraz (Yeddisu bölgəsi), Cabqukənd və Xatunkənd (Daşkənd) kimi şəhərlər də göstərilir. Mənbələrdə məhz bu dövlətin mövcudluğu dövründə Mərkəzi Asiya və ətraf bölgələrin- Volqa çayından Xorasana və Çinə qədər geniş ərazilərin “Türküstan” adlandırılmağa başladığı deyilir. Orxon-Yenisey abidələrində və digər tarixi məxəzlərdə Göytürk Xaqanlığının Bumın, Muğan, İstəmi, Kutluq İlteriş, Kapaqan və Bilgə xaqan kimi hökmdarlarının, habelə vəzir (“ayquçı”) Tonyukuk, şahzadə və sərkərdə Gültəkin (“Kül-tigin”) kimi tanınmış dövlət xadimlərinin adları əbədiləşdirilib.

Qədim türk dövlət təşkilatı qaydasına görə, Göytürk dövləti iki cinahdan- şərq və qərb xaqanlıqlarından təşkil olunmuşdu. “Altay sistemi” adlandırılan və əsasının Oğuz Xaqan tərəfindən qoyulduğu bildirilən analoji hakimiyyət quruluşunun əsrlərlə davam edərək ilk türk-İslam dövləti olan Qaraxanilərdə (840-1212) də gözlənildiyi məlumdur.

Şərqi Göytürk Xaqanlığı Cənubi Sibiri, Monqolustanı, Uzaq Şərqi və Şimali Çini əhatə edir və Bumın xaqanın övladları tərəfindən idarə olunurdu. Qardaşı İstəmi Yabğu və onun övladları isə ölkənin qərbində (Altay dağları bölgəsindən Şimali Qara dənizə, Yaik (Ural) və İtil (Volqa) sahillərindən Şimali Hindistana qədər ərazilərdə) hökmranlıq edirdi. Qərbi Göytürk Xaqanlığı nisbi müstəqilliyə malik olsa da, Böyük Xaqana- Bumın və sülaləsinə tabe idi. Bəzi rəsmi sənədlərdə Qərbi Göytürk Xaqanlığının “On-ok” adı ilə keçməsi bu ölkənin mərkəzi əyaləti olan Jetisu bölgəsində on-okların (10 türk tayfasından ibarət birlik) hökm sürməsi ilə bağlıdır. İ.Qəfəsoğlunun yazdığına görə, “Ötüken yörəsində yurd tutan oğuzlar varlıqlarını əsasən, İstəminin və onun oğlu Talunun hakimiyyəti dövründə İli vadisi, İssık-göl, Yeddisu və Talas çevrəsində mövcud olmuş Qərbi Göytürk dövlətində göstərmişlər. Yalnız əldəki tarixi bilgilərə görə, bu dönəmdə onlar “oğuz” adı ilə deyil, “on oklar” deyə tanınırlar”. Zeynəb Qorxmaz isə bizanslıların Qərbi Göytürk oğuzlarını (“on oklar”ı) “uz” adlandırdıqlarını bildirir. Əslində, macar alimi Qyula Nemetin məlum qənaətinə əsasən, “oğuz” sözü əvvəlcə “qəbilələr” anlamında işlənib (“ok” - qəbilə + cəm şəkilçisi: -uz). Məntiqlə, “üçok”, “bozok” kimi ifadələrdə məhz həmin məna daşlaşıb. Ad bildirməyən “oğuz” ismi etnoloji semantikasını sonradan qazanıb: “doqquz-oğuz”, “onoğur” və s.

“Oğuz” sözünün bəzi mənbələrdə “oğur”, “ğuz” və ya “uz” şəklində işlənməsi isə linqvistik qanunauyğunluqlarla izah edilir. Yuxarıda oğuzlarla hunların bağlılığından söz açarkən Bizans tarixçisi və diplomatı Priskin uğor, sarağur və onoğurları Qafqazda məskunlaşmış hun boylarından hesab etdiyini xatırlatmış, Ü.Bulduka istinadla “oğuz” sözünün “oğur” variantında eramızdan əvvəlki dövrdə Çin mənbələrində işləndiyini qeyd etmişdik. A.Attarın fikrincə, “erkən orta əsrlərdə (IV-V əsrlər) Orta Qazaxıstandan Xəzərin və Qara dənizin şimalı boyunca Şərqi Avropaya qədər uzanan türk-ogur (oğur) qövmlərinin də oğuzlar olduğuna şübhə yoxdur. Bu anlamda Çin qeydlərində “ting-ling”, “kao-çe” və “töles” adı ilə keçən çoxsaylı türk qövmlərinin də hər biri oğuz kimliyinin parçalarıdır”.  

•Qyula Nemetin məlum qənaətinə əsasən, “oğuz” sözü əvvəlcə “qəbilələr” anlamında işlənib (“ok” - qəbilə + cəm şəkilçisi: -uz). “Üçok”, “bozok” kimi ifadələrdə məhz həmin məna daşlaşıb. Ad bildirməyən “oğuz” ismi etnoloji semantikasını isə sonradan qazanıb: “doqquz-oğuz”, “onoğur” və s.

“Oğuz” adına rəsmi şəkildə ilk dəfə Birinci Göytürklər dönəminə aid Orxon-Yenisey abidələrində təsadüf olunur: Yeniseyə tökülən Barlık çayı sahilindəki birinci kitabədə “Altı Oğuz bodunu”, “Kül-Tigin” kitabəsində isə “Dokuz oğuz” etnonimləri işlənir. Birinci kitabədən bəhs edən Ü.Bulduk yazır: “VII əsrə aid Yenisey kitabələrindən birində Alp Turanın 13 yaşında ikən “altı oğuz budunundan” ayrıldığı deyilir. Buradan düşünmək olar ki, VI əsrdə oğuzlar 6 boy şəklində Barlık irmağı sahillərində yaşamışlar. Ancaq onların yalnız 6 boydan ibarət olduqları, yoxsa bu ifadənin ancaq Barlık irmağı sahillərində yaşayanlara aid olması məsələsi hələ aydınlaşdırılmayıb”. Yeri düşmüşkən, onu da qeyd edək ki, abidələrdə oğuzların “üç oğuz”, “altı oğuz”, “doqquz oğuz” şəklində xatırlanmasını əsasən tayfa sisteminin özəllikləri və sosial-demoqrafik amillərlə bağlayan araşdırmaçılar da az deyil. Tufan Gündüzün fikrincə, oğuz boylarının əhalisi artib-azaldıqca ortaya yeni boylar çıxır, bəzi boylar isə başqalarının içində əriyirdi. Siyasi nüfuzu və gücü yüksələnlər boy birliyində öz adları ilə təmsil olunur (yəni ayrıca boy sayılır), zəifləyənlər isə bu haqqını itirirdi. Odur ki, belə hallar siyasi, iqtisadi, hərbi və s. faktorlar nəzərə alınmaqla oğuzların ümümi vəziyyətinin göstəricisi kimi qiymətləndirilməlidir.      

Türkiyə tarixşünaslığında İ.Qəfəsoğlu və Ü.Bulduk da daxil olmaqla əksər alimlər Göytürk dövlətinin zəifləyib Çinin nəzarəti altına düşdüyü 630-cu ildən etibarən Tola-Selenqa çayları hövzəsində yaşayan  boyların birləşərək, Doqquz Oğuz Xaqanlığını qurması fikrini qəbul edirllər. Ə.Taşağılın nöqteyi-nəzərincə, 626-cı ildən etibarən Birinci Göytürk Xaqanlığında mərkəzi hakimiyyət zəifləməyə başlamış və bu da dövlətə bağlı 9 oğuz boyunun (Çin qaynaqlarında ”chiou-hsing”=“doqquz qəbilə”) baş qaldırmasına səbəb olmuşdur. Doqquz Oğuz Xaqanlığının qurulmasında ətrafda yaşayan, lakin siyasi şəraitin diqtəsi ilə Göytürk dövlətinə qatılmayan qohum tayfaların iştirakı da istisna edilmir. Hər bir halda Ötükeni hakimiyyətləri altına alan asi oğuzlar uzun müddət Göytürk dövləti ilə mübarizə aparmış, Xaqanlar onları itaət altına almaq üçün müxtəlif üsullara əl atmışlar. Misal üçün, 634-cü ildə İşbara ölkəni 10 yerə bölərək, “onlu təşkilatlanma sistemi” tətbiq etmişdir (çox güman ki, göytürklərin “on-ok” adlandırılması da bundan sonra baş verir). Lakin oğuzların mərkəzi hakamiyyətlə ixtilafı bununla da bitməmiş, məsələ İnəklər döyüşünə (682-ci il) qədər böyümüş və yalnız bu döyüşdən sonra İlteriş Xaqana (Kutluğ Xaqan) məğlub olan oğuzlar İkinci Göytürk dövlətinin tərkibinə daxil edilmişlər. Yenisey hövzəsində oğuz bəylərinin məzar daşlarının olması onların burada da önəmli yer tutduqlarına dəlalət edir.

•“Oğuz” adına rəsmi şəkildə ilk dəfə Birinci Göytürklər dönəminə aid Orxon-Yenisey abidələrində təsadüf olunur: Yeniseyə tökülən Barlık çayı sahilindəki birinci kitabədə “Altı Oğuz bodunu”, “Kül-Tigin” kitabəsində isə “Dokuz oğuz” etnonimləri işlənir.

Diqqət yetirilməsi lazım gələn başqa bir məqam L.Qumilyovun Birinci Xaqanlığı “türküt dövləti” hesab etməsidir. Maraqlıdır ki, Şirvanşahlar tarixinə həsr etdiyi fundamental monoqrafiyasında S. Aşurbəyli də türküt dövlətindən söz açmışdır. Əsərin “VI əsrdə türkdilli tayfaların Albaniyaya gəlmələrinin xüsusilə intensiv şəkil alması” bəhsində deyilir: “Məlumdur ki, türklər (türkütlər) şərqdə Çinə, qərbdə isə Qafqaza və Bizansa qədər uzanıb gedən imperiya yaratmışdılar. VI əsrin ikinci yarısında onlar Qafqaza lap yaxınlaşmışdılar. Artıq bu vaxta qədər Qafqazdan keçən yol onlara bəlli idi. Belə ki, Bizanslı Menandrın (VI əsr) verdiyi xəbərə görə, türküt xaqanı Dizavul (İstəmi) İranla, sonra isə Bizansla ipək ticarəti yaratmaq məqsədi ilə 568-ci ildə Altaydan səfirlik göndərmişdi. Həmin səfirlik Qafqaz dağlarını aşaraq Bizansa gəlib çıxmışdı”. Söhbətin Qərbi Göytürk Xaqanlığının hökmdarı İstəmi tərəfindən göndərilmiş elçilərdən getdiyi aydındır. Deyilənlərdən sonra, “türküt dövləti” və “on-ok” terminlərini Birinci Göytürk Xaqanlığında etnik-siyasi dominantlıq daşıyan oğuz tayfa birliklərinin göstəricisi hesab edən tədqiqatçılara haqq verməmək, açığı, mümkün deyil. Türk tarixşünaslığında qəbul edilmiş ümumi qənaətə əsasən, “oğuzların qərb qolu olan oğurlar boy birliyi şəklində yaşayır və “budun” adlanan bu federasiyalar çox zaman onlara daxil olan boyların sayı ilə tanınırdı: “onogur” (10 oğur), “bittigur” (5 oğur), “altziogur” (6 oğur), “sattagur” (7 oğur), “kutrigur” (9 oğur), “utigur” (30 oğur) və s.” (Əli Əhmədbəyoğlu).

Burada L.N.Qumilyovun başqa bir fikrini də yaddan çıxarmaq olmaz ki, sözügedən dövrdə türk etnosları təkcə türkütlərdən ibarət olmamışdır: “Türk dili mühiti həmin dövrdə (VI əsrdə-N.M.) artıq Altaydan qərbə doğru uzaqlara- quzların, kanqlıların, yaxud peçeneqlərin, qədim bulqarların və hunların yaşadıqları ərazilərə yayılmışdı”.

Salnamələrdə söylənildiyinə görə, İkinci Göytürk Xaqanlığının tərkibində 9 və ya 10 boy (“doqquz oğuz”, “on oğuz”) şəklində təşkilatlanan oğuzların, Kutluq Xaqanla daha geniş bir ittifaq quraraq güclü ordu yaratmış, çinlilər və kitanlara qarşı vahid mövqe nümayiş etdirmiş və 682-ci ildə Korov gölü çevrəsində (tarixin ən böyük savaşlarından biri sayılır) Tonyukukun komandanlığı altında çinlilər üzərində mütləq qələbə çalmışlar. Bununla belə, oğuzların İkinci Göytürk Xaqanlığı dövründə, xüsusən də dövlətin qurucusu İlteriş xaqan və onun qardaşı Kapaqan xan dönəmlərində müstəqillik əldə etmək, yaxud muxtariyyətlərini genişləndirmək məqsədi ilə mərkəzi dövlətə qarşı üsyankar davrandıqları da tarixdən məlumdur. Dövlətin zəifləməsinə və 699-744-cü illər arasında süqut etməsinə rəvac verən amillər kimi ilk növbədə daxili çəkişmələr (oğuzların gücündən qorxuya düşən Çinin türk boyları arasına nifaq salma cəhdləri qeyd olunmalıdır), üsyanlar və xarici təzyiqlər nəzərdən keçirilir.

Müasir tarixşünaslıq Qərbi Göytürk Xaqanlığının siyasi-mənəvi irsinə 699-cu ildə Jetisu və həndəvərində qurulmuş Türkeş/Türgiş Xaqanlığının sahib çıxdığı qənaətindədir. Bu dövlətin “on-ok”lardan sayılan eyniadlı tayfanın liderliyi ilə yarandığı (İ.Qəfəsoğlu və b.), 766-cı ilədək mövcud olduğu (paytaxtı Suyab şəhəri) bildirilir. Artıq qeyd olunduğu kimi, bir çox tanınmış alimlər oğuzların ataları kimi türgişləri götürür, “tarixi ardıcıllıq nöqteyi-nəzərindən turgişlərin davamı olaraq oğuzları görməyi daha doğru” hesab edirlər. Ə.Taşağıl yazır: “Hər nə qədər oğuzların Seyhun (Sırdərya) boylarına 775-785-ci illərdə (Xəlifə əl-Mehdi zamanında) gəldikləri təxmin edilsə də, tarixi proseslər onların türgişlərin varisi olduğunu düşünməyə əsas verir”. Ə.B.Ərcilasunun fikrincə: “İstəmi Kağanın idarə etdiyi Qərbi Göytürklər türgişlərin ataları olduğu üçün onları da oğuzların babaları qəbul edə bilərik”. Başlanğıc dövründə (Göytürklər zamanı-N.M.) oğuzların beşi “nu-şe-pi”, beşi isə “tu-lu” olmaq üzrə 10 qəbilədən ibarət olduğunu yazan alim onların etnik təşəkkülünün Seyhun boylarına köçəndən sonra tamamlandığını və nəticədə Mahmud Kaşğari lüğətində qəbilələrin sayının 24-ə çatdığını təxmin edir.           

Zənnimizcə, Göytürk Xaqanlığının etnik tərkib və mirasından danışarkən Rəşad Gəncin bir mühüm mülahizəsini də xatırlatmamaq olmaz. Bilgə xaqanın oğuzlar haqqında dediklərinə özünəməxsus şəkildə yozum verən alim qətiyyətli şərhləri ilə diqqət çəkir: “Nə deyir Bilgə xaqan? Deyir ki, “oğuz budunu kəndi budunum idi”. Göytürklərin oğuz dövləti olduğuna dair bundan daha böyük dəlil-sübut gətirmək mümkündürmü? Deyir: “Türk-oğuz bəyləri, budunum, eşidin”. Bəylərə cəm şəklində, buduna təkdə xitab edir. Bir budun var çünki”. 

Şərqi Göytürk Xaqanlığına gəlincə, bu dövlətin 744-cü ildə basmil, karluk və uyğur boylarının üsyanı nəticəsində ortadan qalxdığı və onun yerində Kutluq Bilgə Kül xaqanın başçılığı ilə Uyğur Xaqanlığının (745-840) yaradıldığı bildirilir (paytaxtı Ordubalık şəhəri).  F.Sümərin fikrincə, üsyançıların əsas qüvvələrindən olan oğuzlar Göytürkləri sarsıtmalarına baxmayaraq, özləri də gücdən düşdükləri üçün hakimiyyətə uyğurlar gəlmiş, onlar isə  dövlətin ikinci mühüm sosial gücünü təşkil etmişlər. Ü.Bulduk ərəb mənbələrində çox vaxt Uyğur Xaqanlığının da “doqquz oğuz”, “doqquz ğuz” adlandırıldığını vurğulayır və bunu “dövlətdə təməl ünsürün” oğuzlar olmasının dəlili hesab edir. Ərəb mənbələrini əsas götürən Ə.Taşağıl da uyğurların öz dövlətlərini “doqquz oğuzlar üzərində qurduğunu” yazır. Tədqiqatlarda oğuzların Uyğur dövlətinin digər qurucu boyları ilə yola getmədikləri, ara-sıra müstəqillik mübarizəsinə qalxıb üsyan etdikləri tez-tez vurğulanır: “Oğuzlar eynən Göytürklərlə olduğu kimi, Uyğur dövlətinin qurucuları ilə də mücadilə etmişlər və bu mücadilə nəticəsində Orxon bölgəsindən köç etmək zorunda qalmışlar” (Ü.Bulduk). Unutmaq olmaz ki, İkinci Göytürk dövlətinin yıxılması ilə qərbə və Çinə köçən oğuz qruplarının bir hissəsi çox keçmədən Ötükenə qayıdaraq Uyğur və Türgiş  Xaqanlıqlarında birləşmişdilər və bunun da oğuzların gücünə güc qatdığı aydındır. Lakin görünür, nə qədər güclənsələr belə, hakimiyyəti ələ keçirə bilməmişlər. 

Təxminən 760-766-cı illərdə çinlilərin təzyiqi altında qərbə sıxışdırılan karluklar oğuzların Talas, Yeddisu, Çu, İssık-göl ətraflarında və İli vadisində məskunlaşdıqları yaylaları zəbt etdilər. Bu iki türk birliyi arasında toqquşmalar karlukların Türgiş, ondan da qabaq Qərbi Göytürk ölkəsi torpaqlarına hakim olmaları, oğuzların isə bu əraziləri tərk etmələri ilə nəticələndi (karluklarla kiməklər arasında müharibənin qızışması da prosesləri sürətləndirən xüsus kimi nəzərə alınmalıdır). Bununla türgişlər tarix səhnəsindən çəkilmiş, “766-cı ildən sonra “türgiş” adı (və əlavə edək ki, tarixi-mədəni irsi-N.M.) öz yerini “oğuz” adına buraxmışdır. Qərbi Oğuzların tarixi beləcə başlamışdır”. (Ə.Taşağıl)

Təqribən eyni illərdə Uyğur dövləti də süqut etdi (766-cı ildə hakimiyyət karluklara, 840-cı ildə isə qırğızlara keçdi). N.Nəsibli bu hadisələrdən sonra oğuzların o vaxta qədər görünməmiş kütlələr halında miqrasiya etdiklərini yazır və bunu “əsl böyük köç” adlandırır: “Asiyanın hər tərəfinə, amma daha kütləvi şəkildə qərbə köçdülər və burada əvvəlki qandaşları ilə birləşdilər”. Karluklar qarşısında geri çəkilən oğuzların əsasən Seyhun (Sırdırya) çayının aşağı yataqlarında, bir qədər şimaldakı çöllüklərdə və Aral gölü hövzəsində daha böyük kütlələr şəklində təmərküzləşdikləri məlumdur. Bununla belə, keçmiş oğuz yurdunda yaranmış Karluk Yabğuluğunda və Qırğız Xaqanlığında müəyyən miqdarda oğuzların qaldığı da, sözsüz ki, nəzərdən qaçmamalıdır (həmişə və hər yerdə bütün çətinliklərə rəğmən öyrəşdiyi coğrafiyanı tərk etmək istəməyənlər olur və bu, bir qanunauyğunluqdur).

Göytürk imperiyasında oğuzların dominantlığı dilçilik materialları ilə də təsdiqini tapır. Hələ keçən əsrin 70-ci illərində görkəmli sovet türkoloqu Ədhəm Tenişev yazırdı: "Yalnız genetik prinsipləri əldə rəhbər tutaraq sözügedən dili (Orxon-Yenisey kitabələrinin dilini-N.M.) "qədim oğuz dili", "müasir Cənubi türk dillərinin əcdadı" və ya başqa bir dil hesab etmək mümkün olmazdı. O nə bu, nə digəri, nə də hər hansı üçüncüsü deyil. Run abidələrinin dili qarışıq (oğuz-uyğur) təbiətə malik qədim türk koyne yazısı, türk dilləri tarixində ilk ədəbi variantdır". 50 il bundan əvvəl söylənmiş bu fikrin “kifayət qədər cəsarətli” olduğunu bildirən (“Türkləri yeni yaranmış xalqlar sayıb onların qədim mədəniyyətini tamamilə inkar edən sovet ideologiyasının hökm sürdüyü bir dövrdə qədim türk dilinin "ilk ədəbi varinatı"ndan bəhs etmək hər türkoloqun işi deyildi”) N.Cəfərov qeyd edir ki, “Bu cəsarətin tarixi əhəmiyyətini qiymətləndirməklə yanaşı, tükcənin daha əvvəlki dövrlərdə ədəbi dil törətmək ehtimalına göz yummaq da doğru olmazdı”. Belə ki, “qədim türk ədəbi dilinin 3 əsas mətnini - Bilgə Tonyukuk (720), Kül-tiqin (732) və Bilgə xaqan (734) şərəfinə qoyulmuş daş kitabələri”, eləcə də Ongin, Moyun-Çur, Kuli-Çur mətnlərini ətraflı təhlil edən Azərbaycan alimi bir qədər fərqli nəticə çıxarır: “Orxon kitabələrində öz əksini tapmış son dərəcə güclü milli təəssübkeşlik hissi göstərir ki, türkcənin türk cəmiyyətində böyük ədəbi nüfuz qazanmasının etnik mütəşəkkilliklə şərtlənən möhkəm siyasi-ideoloji əsasları olmuşdur. Qədim türk ədəbi dili oğuz koynesi üzərində təşəkkül tapsa da, digər türk tayfa dillərinin (dialektlərinin) xüsusiyyətlərini də özündə ehtiva etdiyinə görə ümumtürk xarakteri daşıyır. Hərçənd Ədhəm Tenişev bu fikirdədir ki, IX əsrdən formalaşan uyğur ədəbi dili də qədim türk ədəbi dilinin - "run koynesinin varisidir", ancaq bu mülahizə, fikrimizcə, müəyyən dəqiqləşmə istəyir”. 

N.MUSTAFA