06 noyabr 2023 23:19
421

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifəsi

Fəaliyyəti boyunca «nəyi, nə zaman və necə etməyin» ən yaxşı nümunələrini göstərən Prezident İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırdı

Dövlət başçısı İlham Əliyev 2020-ci il 10 noyabr tarixində xalqa müraciət edərkən «Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyərək bunun davamı olaraq bildirmişdir ki, dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

Artıq üç ildir xalqımız tarixi Zəfərimizin sevincini yaşayır. 44 gündə 30 ilin işğalına son qoymaq gücün, qüdrətin, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə yenilik kimi daxil olan strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az itkilər verərək qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Dövlətimizin başçısının müsahibələrində də qeyd etdiyi kimi, ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər.

Özü haqqında məğlubedilməzlik mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində məhz Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün uzun illər lazım olacaq.

Azərbaycanın 1993-2020-ci illər dövrü əldə olunan uğurları şərtləndirən əsas amillər kimi qeyd edilir. Təbii ki, sabitlik olmasa, iqtisadi inkişaf olmazdı, bu halda da heç bir sahənin tərəqqisindən danışmaq mümkün deyildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmizi müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi. Əgər 1993-2003-cü illəri əsasən bərpa və inkişafın təməlinin qoyulması dövrü adlandırırıqsa, ikinci mərhələ böyük və sürətli quruculuq və inkişaf dövrü kimi xarakterizə edilir. Birinci mərhələ Ümummilli Liderin, ikinci mərhələ isə bu siyasi kursu uğurla davam etdirən, qətiyyətli lider olduğunu həyata keçirdiyi nəhəng transmilli layihələrlə, sosial-iqtisadi islahatlarla, diplomatik mübarizədə qələbələri ilə, eyni zamanda, 44 günü Azərbaycan tarixinə zəfər günü kimi yazan, noyabrın 10-da imzalanan razılaşma əsasında Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini dünyaya təqdim edən Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Qarabağ münaqişəsinin həllində sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantı istisna edilmir. Müharibə şəraitində yaşayan ölkə olaraq ordu quculuğu, hərbi xərclərimizin artırılması suveren hüququmuzdur. Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”.

Döyüş meydanında üstünlüyü qazanan ordumuz 300-ə yaxın yaşayış məntəqəsini, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etməklə digər işğal altında olan ərazilərimizi də azad etmək gücündə, əzmində olduğunu nümayiş etdirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatın müddəlarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı, dekabrın 1-də isə Laçını təhvil verməlidir. Noyabrın 15-də ermənilər Kəlbəcəri təhvil vermək üçün əlavə vaxt istədilər. Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə bir daha təsdiqləyərək vaxtın noyabrın 25-dək uazadılmasına razılıq verdi. Digər tərəfdən bu məqamı da unutmayaq ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyi kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanındadır. Bu, məsələnin bir tərəfi. Digər tərəfi, azərbaycanlıların 1993-cü ildə Kəlbəcəri tərk edərkən ermənilərin hansı vəhşilikləri ilə üz-üzə qaldıqlarını bugünkü gündə onlara göstərilən humanizm ilə müqayisə etmək mümkünsüzdür. Hansı ki, o zaman soydaşlarımızın öz ərazilərimizi tərk etmələrinə yalnız 5-10 saat vaxt qoyur, əks halda insanlığa sığmayan addımlar atırdilar. Amma Azərbaycan humanist addım ataraq onların öz torpaqlarımızdan çıxmaları üçün zəruri imkanlar yaratdı. Bu humanistliyin qarşılığı olaraq ermənilərin Kəlbəcərdə hansı vandalizmi və barbar hərəkətlərini törətdikləri dünyanın gözü qarşısında baş verdi. Apara bildiklərini apardılar, apara bilmədiklərini yandırdılar. Dünya gördü ki, humanist ölkə olan Azərbaycan hec zaman mülki əhaliyə qarşı cinayət əməlləri törətmir, onların təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Bu gün istər ölkə, istərsə də dünya mətbuatında qalib Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədə qalibiyyət qazanmaq üçün atdığı addımlar, informasiya müharibəsində Ermənistanı diz çökdürməsi geniş şəkildə təhlil edilir. Dünya siyasətçiləri, politoloqlar, aparıcı mətbu orqanların nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyanın təlxəkliyi insanlığa sığmayan, bir dövlətin rəhbərinə yaraşmayan hərəkət kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinadən bildirilirdi ki, Ermənistanın təlxək baş naziri Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə sonda belə acınacaqlı vəziyyəti yaşayacağını düşünməli idi: “Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik.”

İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə baş verənlər dövlətimizin başçısı İlham Əliyevin 30 ilin imitasiya naminə danışıqlara son qoyub döyüş meydanında ədaləti bərpa etməsinin mahiyyətini daha dərindən dərk etməyə geniş imkan yaratdı. Ermənistanın baş nazirinin sərsəm bəyanatları, münaqişənin diplomatik yolla, havadarlarının isə hərb yolu ilə həllinin mümkünsüzlünü bildirmələri Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi: “Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”

Qeyd etdiyimiz kimi, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm Qələbənin əldə olunmasına öz töhfələrini verdilər. Dövlətimizin başçısı xalqa 10 noyabr müraciətində bildirmişdir: “Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik.”

Təbii ki, böyük qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin yeri ayrıca qeyd edilməlidir. Həm ölkə daxilində fasiləsiz şəkildə təşkil edilən, dünya miqyaslı problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər, həm də dünyanın fərqli ölkələrində keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı ölkələrində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadı. Azərbaycanın siyasi qələbəsini təsdiqləyən 10 noyabr razılaşması da bu məqamlara işıq salır. Cənab İlham Əliyev xalqa müraciətində bu məqamı da xüsusi qeyd etmişdir: “Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər.”

Gərgin və davamlı təbliğat nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Döblətimizin başçısının 44 gündə 30-a yaxın xarici mətbuata müsahibələrində dünyaya tarix, hüquq, hərbi və milli qürur dərsi kecildi. Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabında bildirmişdir ki, Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik. “Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub” sualına cavabında isə tarixi öyrənməyə məsləhət ifadə edilmişdir: “Ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib. Hər vəchlə tarixi inkar etməyə çalışan jurnalistin “Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər” sualına cavab olaraq dövlətimizin başçısı bildirmişdir ki, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz: “Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun.”

Dövlətimizin başçısının hər bir müsahibəsi həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası baxımından xüsusi diqqət çəkdi. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldu. Baxmayaraq ki, 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır.

Qələbənin memarı, Ali Baş Komandan İlham Əliyev “BBC News”a müsahibəsində ölkəmizin gələcəyi ilə bağlı fikirlərini belə ifadə etmişdir ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək: “İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik.”

Reallıq budur ki, bu günə qədər qarşımızda duran bütün vəzifələri uğurla həll etmişik. Bütün hədəflərə çatmışıq. “Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi” söyləyən dövlətimizin başçısı bu fikirləri də böyük qürur hissi ilə qeyd etmişdir: “Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.”

Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində isə bu reallığı diqqətə çatdırmışdır ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu ədaləti, ərazi bütövlüyümüzü bərpa etdi. Bu, tarixi Qələbədir. Bu məqamı da qeyd etmək istərdik ki, 10 noyabar 2020-ci il tarixli üçtrəfli Bəyanatdan sonra belə təsəvvür yaranmışdı ki, qələbəmiz tam deyil. ABŞ, Avropa ittifaqı, Fransa və sair 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idilər. Bu məqsədlə ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərildi, yenidən uzun-uzadı danışıqlar prosesinə başlamağa cəhd edildi. Azərbaycan tərəfi 30 illik işğal dövrünün faciələrinə baxmayaraq qarşı tərəfə sülh təklifini etdi. Məqsəd bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi idi. Lakin Ermənistan yenə də 30 illik işğal dövrünün reallıqlarına söykənərək danışıqlar prosesini uzatmağa cəhdlər edir. Sülh müqaviləsinin imzalanması təklifindən üç il keçməsinə baxmayaraq Ermənistan hələ də konkret addım atmaq barədə düşünmək istəmir. Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək cəhdləri oldu. Fəlaliyyəti boyunca «nəyi, nə zaman və necə etməyin» ən yaxşı nümunələrini göstərən Prezident İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırdı.

2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müstəqilliyimizin bərpasından sonra ilk dəfədir biz bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində « Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” fikirlərinin davamı olaraq belə bir əminliyi də ifadə etmişdir ki, bu meydanda durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Doğma xalqıma bir daha demək istəyirəm ki, bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Yeganə Əliyeva, «İki sahil»