06 noyabr 2023 23:25
343

Möhtəşəm Zəfər

Yaxud 8 Noyabrın bəhrələri

 Şifahi xalq ədəbiyyatımızın epik növünə aid olan nağıllarımızda “Az getdi, üz getdi, dərə-təpə düz getdi”, “Dərələrdən sel kimi, təpələrdən yel kimi”, “Qırx gün, qırx gecə yol getdi” ifadələrinə tez-tez rast gəlmək mümkündür. Bütün bu ifadələri bizim şanlı Zəfərimizə də şamil etmək olar.

Bəli, bizim də rəşadətli ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə az getdi, düz getdi, dərə-təpa düz getdi, dərələrdən sel kimi, təpələrdən yel kimi kimi keçdi. Amma qırx gün deyil, düz qırx dörd gün yol getdi. Nəticədə müzəffər ordumuz ermənilərin 30 il ərzində qurduqları, mifləşdirdikləri “Ohanyan səddini” yüksək peşəkarlıqla yararaq düşməni diz çökdürdü, neçə şəhər və qəsəbimizdə üçrəngli bayrağımızı qaldırdı. Müqəddəs missiyasını tamamlayaraq noyabrın 8-də ölkəmizə Şuşa zəfəri yaşatdı. Şuşanın işğaldan azad edilməsi “Dəmir yumruq” əməliyyatının pik nöqtəsi oldu. Yeri gəlmişkən, Prezident 44 günlük Vətən müharbəsindən danışarkən həmişə bu pik nöqtəni  xüsusi vurğulayır. Məsələn, dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə  demişdir: “Cəmi iki günə, iki gün yarıma Şuşanı əliyalın azad etdik. Budur, Vətən sevgisi, qəhrəmanlıq budur”.

Həmin günlərdə qazanılan qələbələrin, işğaldan azad edilən kənd, qəsəbə və şəhərlərimizin xoş xəbərlərini Müzəffər Ali Baş Komandan İlham Əliyevdən almağımız hər birimiz tərəfindən böyük fərəhlə qarşılandı. Bəli, dövlət başçımızın hər belə müjdəsini sevinc göz yaşları içərisində  qəbul etdik. Hər belə xəbəri eşidəndə əyilmiş qamətimiz düzəldi.

Üstəlik, Şuşa zəfərindən sonra Prezident İlham Əliyev siyasi, diplomatik, eləcə də hərbi sahədə yürütdüyü mahir strategiyası ilə təcavüzkar Ermənistanı 2020-ci il noybarın 10-da kapitulyasiya sənədi imzalamağa məcbur etdi. Bu, həm də düşmən tərəfindən başdan-başa mina tarlasına çevrilmiş, xarabalığa döndərilmiş Ağdamı,  çətin coğrafi relyefə malik  Kəlbəcəri və Laçını döyüşsüz almağımıza imkan yaratdı. Nağıllarımızın sonunda deyildiyi kimi, sanki göylərdən üç alma düşdü. Amma bu uğur bizim üçün heç də göydən düşmədi. Bu uğur müzəffər Azərbaycan Ordusunun buna qədər həyata keçirdiyi uğurlu əməliyyatların nəticəsi idi.

Bəli, düşmən tapdağı altında olan ərazilərimiz  şər qüvvələrdən  - erməni vandallarından azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Özü də Azərbaycan ATƏT-in Minsk qrupundakı güclərin bacarmadığını, BMT-nin yerinə yetirmədiyi dörd qətnamənin icrasını ölü nöqtədən tərpədərək  təkbaşına döyüş meydanında - “dəmir yumruq” sayəsində həll etdi. Bu mənada Zəfərimiz bir şirin tarixi nağıldır desək, yanılmarıq. Bu nağılın baş qəhrəmanı isə şübhəsiz, xalqı özünün dəmir yumruğu ətrafında birləşdirən, Ulu Öndərin ən ümdə arzusunu reallaşdıran Müzəffər Ali Baş Komandanımız İlham Əliyev oldu. Məhz Ali Baş Komandanın liderliyi, strateji baxışı və qətiyyəti, yüksək sərkərdəlik bacarığı İkinci Qarabağ müharibəsində Qələbənin əldə olunmasında misilsiz rol oynadı.

Şanlı Qələbədən sonra Füzuli rayonundan Şuşa şəhərinə yeni yol çəkilişi ilə bağlı göstəriş verən Prezident  İlham Əliyev igid oğullarımızın qanı-canı bahasına düşmənin üzərinə yeriyərək Şuşaya qədər keçdikləri bu ərazini Zəfər yolu adlandırdı. Bununla da bu yol möhtəşəm Qələbəmizin, Zəfərimizin  simvoluna çevrildi.

Bəli, hər bir xalqın tarixində daim fəxarət və milli qürur hissi ilə xatırlanan, milyonlarla insanın taleyini dəyişərək yeni parlaq səhifələrə yol açan şərəfli təqvim günləri olur. Bizim üçün həmin gün qürur mənbəyinə çevrilmiş 8 Noyabr oldu. Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 3-də imzaladığı Sərəncamla hər il noyabrın 8-nin  Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsini rəsmiləşdirdi.

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən  Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi oldu. İndi bu iqtisadi rayonlarımız da laləzara çevrilir. Artıq işğaldan azad edilmiş bəzi şəhər, qəsəbə və kəndlərimizdə keçmiş məcburi köçkünlər məskunlaşırlar. Şübhəsiz, bu prosesdə Zəfər ruhumuzun kifayət qədər payı var. Yeri gəlmişkən onu da qeyd edək ki, bu il Zəfər paradımız Xankəndidə keçiriləcək.

İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən, daha doğrusu, 8 Noyabrdan sonra bölgədə yaranan yeni reallıqlar göz önündədir. Artıq dünya da bizim bu yeni reallıqlarla hesablaşır. Şübhəsiz, bütün bunlar hər şeydən əvvəl bizim 8 Noyabrımızın bəhrələridir.

Qvami Məhəbbətoğlu, “İki sahil”