07 noyabr 2023 01:36
315

TDT-nin “Türk Əsri” Zirvə görüşü

Sən özünə dönəndə böyük olursan!

“Ey Türk milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!..”

Bu məşhur kəlam Şərqdəki  Göytürk Xaqanlığının 716-735-ci  ildədək xaqanı olmuş əfsanəvi Türk sərkərdəsi  Bilgə xaqana məxsusdur. Onun dövründə başçılığı altında olan türk xalqları həm güclü, həm də ümumi düşmənə qarşə birgə idilər və əmin-amanlıq içərisində yaşayırdılar.  Həmin dövrdə türklər düşmənlərinə qarşı bir yumruq kimi birləşmişdilər. Aradan 1300 il keçəndən sonra çağdaş günlərimizdə həmin məşhur çağırış bir daha aktuallaşıb və türk dövlətlərinin rəhbərləri bir araya gəlməyə, sarsılmaz birliyi bərpa etməyə qərar veriblər.

Türk dövlətlərinin liderləri növbəti dəfə Qazaxıstanın paytaxtı Astanada toplaşdılar.  Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi statuslu ölkəsi, Hun imperiyasının varislərindən biri  Macarıstan Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə bir araya gəldilər.

Möhtəşəm qarşılanma mərasimləri, Zirvənin başlanğıcındakı qürurverici təqdimatlar, türk dövlət başçılarının vaxtilə müşahidə etdiyimiz kimi “böyük qardaşın dili ilə” deyil, türk dilində nitq söyləməsi ruhumuzu daha da yüksəldirdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə ev sahibinin - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, digər türk dövlət başçılarının liderlərinin səmimi görüşü, isti və mehriban münasibətlər damarından türk qanı axan hər kəsin ruhunu coşdururdu. Axı, bu günləri, Türk ellərinin, onların rəhbərlərinin birliyini, Böyük  Türk Evinin qurulmasını çox gözləmişik. Yüz illər boyu aramıza nifaq toxumu səpənlər, qarşımızda divar kimi durub bizləri ayrı salanlar, parçalayıb hökm edənlər olub. Ancaq bu dəfə aramıza girməyə cürət etmirlər.

Ev sahibi, Qazaxıstan lideri Zirvə görüşünü açarkən qonaqlarını səmimi salamladıqdan sonra Türkün növbəti  Zəfəri münasibətilə Azərbaycanı bir daha təbrik etdi: hamımızı duyğulandıran bir mənzərənin şahidi olduq. Prezident Tokayev Zirvədəki çıxışına  “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm!Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım BMT-nin Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğuin olaraq atılıb” sözləri ilə başladı. Əslində bu, Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələrə, paytaxtlara, beynəlxalq təşkilatlara Türk Dövlətləri Təşkilatının mesajı idi. Yəni, Azərbaycanın haqqına girmək təkcə onun Şuşa Bəyannaməsi ilə müttəfiqliyini, qardaşlığını daha da möhkəmləndirmiş Türkiyəyə qarşı deyil, bütövlükdə Türk Dövlətlər Təşkilatında cəm olan dövlətlərin haqqına müdaxilədir, heysiyyatına toxunmaqdır, birimizə hörmətsizlik etsəniz qarşınızda bizi görəcəksiniz,-xəbərdarlığı idi.

Tarixi tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin öz  nitqinə Böyük Göytürk Xaqanı, əfsanəvi türk sərkərdəsi Bilgə Xaqanın “Ey Türk milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!” məşhur sözləri ilə başlaması da həm bizdə, həm də tədbir iştirakçılarında bir özgə ovqat yaratdı.

Macarıstanın Baş naziri Viktor Orbanın Türk Zirvəsi ilə bağlı dəyərləndirməsi, Azərbaycan Prezidentinə xitabən ölkəmizin uğurlarından danışması, dövlət başçımızı bu münasibətlə təbrik etməsi, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərə və Qarabağın bərpa işlərində Prezident İlham Əliyevə uğurlar arzulaması Avropanın qədim Türk dövlətindən möhtəşəm jest oldu.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev yubiley Zirvəsində çox mühüm məsələlərdən bəhs etdi. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq xüsusi vurğulayan dövlətimizin başçısı bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ənənələrimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Bəli, qeyd olunduğu kimi, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Zamanında Naxçıvanda bir araya gələn Türk dövlətlərinin liderlərinin qısa müddətdə bu qədər uğurlu yol qət edəcəklərini çox mərkəzlər hesablaya bilməzdi. Amma oldu, babamız Bilgə Xaqanın dediyi kimi, türk özünə qayıtdı və daha da böyük oldu. Prezident Əliyevin qeyd etdiyi kimi, bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Türk dövlətləri arasında əlaqələrin səmimiyyət dərəcəsini əks etdirən önəmli statistikadan bəhs edərkən təkcə bir faktı xatırlatmaq yetərli sayıla bilərdi: son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunub. Eyni zamanda, qardaş dövlətlərin rəhbərləri də bu müddət ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər, qarşılıqlı şəkildə əlaqələrin inkişafı, siyasi-iqtisadi-mədəni münasibətlərin səmimi məcrada inkişafı istiqamətində əhəmiyyətli addımlar atlılıb.

30 il ərzində işğaldan əziyyət çəkən, 1 milyon qaçqın-köçkünün yükünü təkbaşına daşıyan Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu,  göründüyü kimi, kiçik rəqəm deyil. Eyni zamanda, birgə sərmayə fondlarının yaradılması prosesi başlanıb, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2023-cü ilin ilk yarısında Azərbaycan Milli Məclisi Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişi təsdiq edib ki, bu da Türk dövlətləri arasında daha geniş əməkdaşlıq imkanları qazandıran tarixi qərardır.

Azərbaycan Prezidenti öz çıxışında məmnunluqla qeyd etdi ki, əməkdaşlıq əlaqələri artan dinamika ilə inkişaf edir. Konkret rəqəmlər aydın təsəvvür yaradır: 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Bu, adi rəqəm deyil. Türk düşmənlərinin də aldığı mesajlar var. Artıq onlar da anlamağa başlayıblar ki, əski vəziyyət deyil. Ona görə əvvəllər yeritdikləri mənfi tendensiyanı “dondurublar.”

Qədim babalarımız daim irəliyə hərəkətin, yeni nailiyyətlərin sorağında olublar. Onlar yetişdirdikləri nəsillərə də bunu təlqin ediblər. Ancaq dayanmaq, durmaq, yerində saymaq yox. Ölkə başçısının da qeyd etdiyi kimi, münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Doğma xalqlarımız  bundan sonra da bir olub  bir-birlərinə hələ çox belə töhfələr verəcəklər. Qoy dostlar sevinsin, düşmənlərinsə bağrı çatlasın.

Vəli İlyasov, “İki sahil”