06 noyabr 2023 23:22
319

Fransanın yedəyində gedən Almaniya, yalançı Berbok

Ölkəmizə səfər edən Almaniyanın xarici işlər nazirinin Qərbi Azərbaycandan olan soydaşlarımızla görüşmək istəməməsi, tarixi yurd yerlərimizin adlarını təhrif eməsi bağışlanılmaz səhv olmaqla beynəlxalq hüquqa ziddir

Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı müxtəlif səviyyəli danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Almaniya Federativ Respublikası Fransadan fərqli olaraq ölkəmizə qarşı ikili standartlardan çıxış etməyən ölkədir. Çox təəssüf ki, bu günlərdə Bakıya təşrif gətirən Almaniyanın xarici işlər naziri Annalena Berbok ermənipərəst mövqeyi ilə bu münasibətlərə uyğun olmayan təhriflərə yol verdi.

Xatırladaq ki, Bundestaqda, onun müvafiq komissiyalarında Qarabağ problemi ilə bağlı rəsmi Berlinin ədalətli, obyektiv bəyanatlarının dəfələrlə şahidi olmuşuq. Hətta ATƏT-in Minsk qrupunda təmsil olunan məkrli Fransanın Almaniya ilə əvəzlənməsi ilə bağlı təkliflər də irəli sürülürdü. Bu dövlət tərəfindən ölkəmizə qarşı ikili standartlardan yanaşma hiss edilmədiyindən tərəfsiz vasitəçi kimi rəsmi Berlinə etimad daha çox idi. Bu baxımdan bölgəyə səfəri çərçivəsində Ermənistandan sonra Azərbaycana gələn xanım nazir Annalena Berbokun bu günlərdə erməni düşüncəsi ilə açıqlama verməsi təəssüf və təəccüblə qarşılandı. Ölkəmizdə olarkən azərbaycanlı həmkarı Ceyhun Bayramovla XİN-də mətbuat konfransında həqiqətə uyğun olmayan təhrifləri ilə iki dövlət arasındakı münasibətlərə mənfi təsir göstərən Annalena Berbokun Azərbaycanın, İrəvanın, xüsusilə Qərbi Azərbaycanın tarixi, Cənubi Qafqazın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti haqqında mükəmməl məlumatının olmaması təəssüf doğurdu.

Hayastandan sonra ölkəmizə gələn, hayların yalanları, böhtanları əsasında açıqlama verən xanım nazir Ermənistanda Qarabağdan könüllü, rahat, sərbəst köçmüş azsaylı ermənilərlə təmasda olduğunu bildirsə də, Azərbaycanda olarkən 30 il bundan əvvəl daşnaklar tərəfindən ata-baba yurdlarından zorla qovulan, deportasiyalara, kütləvi qırğınlara məruz qalan köçkün və qaçqın soydaşlarımızla görüşməyi «məsləhət bilmədi.» QHT təmsilçiləri ilə restoranda keçirdiyi görüşü Ermənistanda etnik təmizləməyə məruz qalmış azərbaycanlıları dinləməsi kimi təqdim edən xanım Berbok bu yalanı ilə də ölkəsinin, özünün imicinə xələl gətirdi.

Mətbuat konfransında Qarabağdan Ermənistana köçən «məzlum» ermənilərlə görüşünü uzun-uzadı, ürək ağrısı ilə təsvir edən xanım nazirə Hayastandan zorla çıxarılmış qaçqın və məcburi köçkünlərlə görüş üçün təklifi verilsə də, Berbok buna ehtiyac görmədi. 30 ildə daşnakların tarixi torpaqlarından silah gücünə çıxardıqları Qərbi azərbaycanlılara qarşı edilən zorakılıqları eşitmək istəməyən xanım Berbokun bu hərəkəti Fransanın xarici işlər naziri Ketrin Kalonnanı xatırlatdı. Başqa cür ola da bilməzdi. Çünki ermənilərin ən dəhşətli zülmlərinə məruz qalan Qərbi azərbaycanlılara qarşı göstərilən vəhşilikləri dinləmək daşnaklara dəstək vədinin pozulması olardı.

Mətbuat konfransında Şuşayla Xankəndini hayların dili ilə adlandıran xanım nazir hələ də özünü İrəvandakı kimi hiss edib. Fransadan, ABŞ-dan fərqli olaraq ölkəsinin beynəlxalq münasibətlər imicinə almansayağı dəqiqliklə diqqət yetirməli olan xanım nazir hüquqşünas olduğu üçün ən azından beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalı idi. Açıqlamasında Azərbaycanın şəhərlərinin özü-özünü buraxmış hərbi xuntanın uydurduğu və imperiyadan qalma adlarla ifadə etməsi respublikamızın suverenliyinə deyil, beynəlxalq hüquqa da hörmətsizlikdir. Almaniyalı nazir bilməli idi ki, bu cür hərəkətləri ilə təmsil etdiyi ölkənin Azərbaycanla illərdən bəri qarşılıqlı hörmət əsasında formalaşan münasibətlərinə mənf təsir göstərir.
Son 3 il ərzində Ermənistanistanın dəstəyi ilə Qarabağdakı qanunsuz rejimin işğaldan azad edilmiş 480 kilometr ərazini minaladıqlarını yada salmayan xanım nazir mina terrorunun artan qurbanları ilə bağlı Ermənistana hər hansı çağırış belə səsləndirməyib.

Xanım Berbokun ölkəmizə səfəri ilə bağlı münasibətini «Almaniya tərəfindən belə bir görüş ilə bağlı İcmaya heç bir sorğu gəlməyib və görüşün baş tutması haqqında İcmada heç bir məlumat yoxdur» sözləri ilə bildirən Qərbi Azərbaycan İcmasının rəsmiləri də ata –baba torpaqlarından qovulan soydaşlarımıza qarşı belə münasibəti 250 mindən artıq qaçqına hörmətsizlik hesab edir.

Qərbi Azərbaycan İcması Almaniya xarici işlər nazirinin ikili standartlardan qaynaqlanan açıqlamasına münasibət bildirib. İcma tərəfindən bəyan edilib ki, bu görüş barədə nazirin mətbuat konfransında dediklərindən başqa İcmada heç bir məlumat yoxdur: «Bu görüş barədə nazirin mətbuat konfransında dediklərindən başqa heç bir məlumat yayılmayıb. Almaniyalı nazirin görüş keçirildiyi bildirilən şəxslər və aparılmış fikir mübadiləsinin məzmunu haqqında heç bir məlumatın yayılmaması ciddi suallar doğurur. Bu həm də ona görə sual doğurur ki, xanım Berbokun bir gün əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan köçmüş ermənilərlə keçirdiyi görüş barədə həm Almaniya tərəfi, həm də Ermənistan mətbuatı videogörüntülər daxil olmaqla, geniş reportajlar yaymışdı.Bütün bunlar ondan xəbər verir ki, xanım Berbok ya yalan danışır, ya da hansısa çirkin məqsədli əməlinin üstünü örtməyə çalışır.» Bu, həm də ona görə sual doğurur ki, xanım Berbokun Ermənistana səfəri zamanı Azərbaycandan köçmüş ermənilərlə keçirdiyi görüş barədə Almaniyanın, Ermənistanın mətbuatında informasiyalar yayılmış, videogörüntülər daxil olmaqla, geniş reportajlar nümayiş etdirilmişdi. Amma nazirin azərbaycanlı qaçqınlarla bağlı «görüşü» barədə mətbu orqanında informasiyaya rast gəlinməyib. Çünki Ermənistandan fərqli olaraq Azərbaycanda qaçqınlarla görüş olmayıb. Ermənistandan qovulmuş azərbaycanlıların qanuni və mötəbər təmsilçisi olan Qərbi Azərbaycan İcması Almaniya tərəfindən şəffaflıq prinsiplərinə hörmət etməyi və sözügedən görüş barədə geniş məlumat yaymağı tələb edir. Xanım Berbok Azərbaycan ərazisindəki yer adlarının, toponimlərinlərin adlarını təhrif etməklə də beynəlxalq hüququ pozmuşdur. Xatırladaq ki, almaniyalı nazirin açıqlamasında işlətdiyi saxta adlar, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası çərçivəsində uydurduğu, heç bir tarixi və hüquqi əsası olmayan yalanlar Almaniya kimi bir ölkənin xarici siyasətini idarə edən rəsmi şəxsə yaraşan hərəkət deyil. Əgər xanım nazir toponimlər məsələsində tarixi həqiqətlərə önəm versəydi Ermənistana səfəri zamanı ziyarət etdiyi yerlərin, həqiqi, tarixi adlarını çəkib İrəvanın, Keşişkəndin, Arazdəyənin, Göyçənin… azərbaycanlılara məxsus olduğunu söyləməli idi.

Fransadan sonra Almaniyanın da ölkəmizə qarşı ikili standartlar mövqeyindən yanaşması göstərir ki, bütövlükdə ümumavropa siyasəti cılızlaşmaqla, qitə dövlətlərində nüfuzlu siyasətçi, lider artıq yoxdur. Bu reallıq fonunda Fransa Prezidenti Emmanuel Makron kimilərinin özünü Avropanın əsas siyasətçisi, dövlət başçısı kimi aparması deyilənləri subut edir. Almaniya kimi dövlətin bu səviyyədə xarici işlər nazirinin olması Avropada sayılıb –seçilən Almaniyanın imicinə böyük zərbədir.

Almaniya kimi dövlət üçün bağışlanılmaz qəbahətdir ki, onun xarici işlər naziri Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşməsi barədə yalan danışır. Ona görüş üçün edilən təklifdən imtina, Azərbaycan şəhərlərinin adlarını təhrif , Şuşanın adını erməniləşdirərək «Şuşi» kimi təqdim etməsi xarici işlər naziri üçün bağışlanılmaz qəbahətdir. Məntiqlə belə qənaətə gəlmək olar ki, Almaniya Fransanın yedəyində gedən, özünün müstəqil xarici siyasəti olmayan ölkədir. Azərbaycanda olduğu zaman milli xəyanətkar və qrant naminə hər şeyə hazır olan, özlərini həyasızcasına vətəndaş cəmiyyəti təmsilçiləri adlandıran, Qarabağın azad olunmasına qarşı çıxan bir sıra QHT nümayəndələri ilə görüşü Qərbi azərbaycanlılarla təmasla əvəzləyən Almaniyanın ənənəvi siyasətinin koordinatları bəllidir: Azərbaycanı daha çox söymək.

Almaniyada mövcud olan islamobiyaya daha bir nümunə Qəzzadakı İsrail əməliyyatını dəstəkləməsidir. Təəccüblü deyil ki, bu ölkədə Fələstinə dəstək aksiyaları qadağan edilib. Qəzzada axıdılan qanlarda Almaniyanın və şəxsən onun xarici işlər nazirinin də əli var. Xatırladaq ki, Avropa İttifaqı daxilində humanitar atəşkəsə çağıran bəyanat olan zaman bunun əksinə çıxış edən şəxsən xanım Berbok olub.

Xuraman İsmayılqızı, «İki sahil»