06 noyabr 2023 23:47
289

Bu adamın qarnının ağrısı nədir?

Əli Kərimli hələ də öz gözündəki tiri görmək istəmir

Bəli, bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli hətta ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir. 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etmək lazımdır ki, Əli Kərimlinin əslində qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir.

Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması onun sosial şəbəkələrdə ki, statuslarında da aydın şəkildə görünür. O, yazır: «Rejim faktiki olaraq bizə deyir ki, onlar  korrupsiya, monopoliya, rüşvət yolu ilə ölkənin milyardlarını talasalar da, milyonlarla insanı işsizliyə, hüquqsuzluğa, yoxsulluğa düçar etsələr də, biz bu hakimiyyətə qarşı müxalifət olmamalıyıq. Bizə faktiki olaraq deyirlər ki, Azərbaycan ordusu minlərlə şəhid verərək torpaqlarımızı azad edib deyə, biz də bu ölkədə ədalətin ayaqlar altında tapdalanmasına, haqsızlığın, zorbalığın tüğyan etməsinə, səhiyyənin, təhsilin, məhkəmə sisteminin məhv edilməsinə, milyonlarla insanın sosial müdafiəsiz qalmasına razılaşmalı və rejimə qarşı  daha müxalifət olmalı deyilik.»

Əziz oxucular. diqqət yetirin görün bu adamın qarnının ağrısı nədir? Qalibiyyətlərimizə, şanlı zəfərləri bizə yaşadan ordumuza, Müzəffər Ali Baş Komandana müxalif olmaq… Bu gün bütün Azərbaycan və onun dostları Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsini tarixi Zəfərlə başa vurmasını, bu prosesin davamı olaraq 2023-cü ilin senytyabrın 20 –də isə  Qarabağ iqtisadi rayonundakı  separatçı-terrorçulara qarşı həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində  xuntanın birdəfəlik məhv edilməsini bayram edərkən  bu adam hələ də dağıdıcı müxalifətçilik oyunları ilə baş qatır.

Görünən odur ki, daxildə Əli Kərimli və dəstəsi, xaricdə isə ermənipərəst  qüvvələr  böhtan və qara piar kampaniyaları ilə ətrafımızda hörümçək toru qurmağa çalışırlar ki, növbəti uğurlarımızı qaralasınlar. Ən acınacaqlısı isə odur ki, onun Azərbaycanın geosiyasi uğurlarına qısqanclıqla yanaşması adi haldan çıxaraq kin-küdurət püskürmək rəzilliyinə çevrilib.

Qeyd edək ki, o, statusunda mövcud iqtidarı «rejim» adlandırmaqla açıq-aşkar ermənilərin havasına oynayır. Məğlub və aciz haylar da bu gün dünyaya Əli Kərimli kimi böhtan püskürərək qanuni Azərbaycan hakimiyyətini «rejim» adlandırır. Bununla da ölkəmizin demokratik imicinə, qalib və qətiyyətli xarakterinə kölgə salmağa çalışırlar.

Əli Kərimlinin daha bir gülünc statusu isə qardaş Türkiyə ilə bağlıdır. O yazır ki, Türkiyənin ana müxalifət partiyasında sədr dəyişikliyi təkcə Cümhuriyyət Xalq Partiyası (CHP) miqyasında  deyil, bütövlükdə  Türkiyə üçün böyük hadisədir. CHP qurultayında keçirilmiş şəffaf seçki yarışında CHP parlament fraksiyasının rəhbəri Özgür Özəl partiyanın əvvəlki sədri Kamal Kılıcdaroğluna səs çoxluğu ilə qalib gələrək  yeni sədr seçilib. Türkiyə üçün xeyirli, uğurlu olsun.

Burada deyirlər ki, avazın yaxşı avazdır, oxuduğun quran olsa… Əgər sən Türkiyənin ana müxalifət partiyasındakı bu dəyişikliyi dəstəkləyirsənsə, bəs niyə rəhbərlik etdiyin AXCP-də reallaşdırmırsan? Artıq 23 ildir ki, AXCP-nin sədri postunu zəbt etmisən və imkan vermirsən ki, oradakı gənclərdən biri irəli çıxıb, özünün siyasi fəaliyyətində fərqlənsin. Ona görə ki, sən Əli Kərimli, nəinki AXCP-ni ümuumilikdə müxalifəti inhisarına almısan. Bu düşərgədə haqq söz deyənləri, konstruktif müxalifətçiliyə meiyl edənləri sıxışdıraraq elə bir aciz duruma salırsan ki, onlar da ya partiyadan, ya da ki, ölkədən çıxıb gedirlər.

Bu gün AXCP yeganə müxalifət partiyasıdır ki, orada hökm sürən antidemokratik mühit gənclərin siyasi fəaliyyətini tamamilə iflic edib. Ona görə də indi bu partiyanı əbləh və gerizəkalı qocalar yığnağı da adlandırırlar. O da məlumdur ki, nə qədər ki, AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə dəyməz. Çünki onlar hələ də çağdaş dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmırlar. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir. Necə ki, aşığın sözü qurtaranda neynim neynim deyir, Əli Kərimlinin sözü qurtardığında heç onu da deyə bilmir…

Elçin Zaman, «İki sahil»