07 noyabr 2023 00:19
275

Qandonduran etiraflar...

Xocalı qatili Madat Babayanın ifadəsi bir daha erməni vəhşiliyinin miqyasını göstərir

Gözlərində bəlkə bir az qorxu var, ancaq törətdikləri tükürpədən cinayətləri elə sakit, soyuqqanlılıqla etiraf edir ki, elə bil adi bir xatirəsini danışır. İnsan vəhşiliyinin, qəddarlığının hüdudsuzluğunun sübutudur danışdıqları, göstərdikləri. İnsan adlandırdıq? Yox, o, insan deyil! İnsan qanı ilə bəslənmiş zombilərin insan cildinə girmiş nümayəndəsidir, iblisin özüdür! Təpənin başında dayanıb Xocalıdan – evlərinin alovunun ərşə qalxdığı o kiçik kənd-şəhərdən sağ qala bilmək, yaşamaq ümidilə yalın ayaqla fevral qarının üstündə özlərinə xilas yolu açmağa çalışan qocaları, hamilə qadınları, məsum körpələri pusquya salaraq avtomat silahlardan atəş açmaqla amansızcasına qətlə yetirənlər insan ola bilməz. Ey ədalət hissini itirmiş, onillərdir cəlladlara havadarlıq etmiş dünya, “demokratiyanı” gözümüzə soxmağa çalışan ABŞ, “insan hüquqlarından” dəm vuran Qərb, işinə gəlməyəndə karlığa qoyduğun qulaqlarını aç, eşit Xocalı qatillərindən biri olan erməni Babayan Madat Arakeli nələr danışır? Kor gözlərini aç, gör nələri göstərir?

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərksilah edilərək saxlanılan Babayan etiraf edir ki, digər erməni silahlıları ilə birlikdə azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndi şəhərindən Xocalı istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgərana tərəf qaçmaq istəyən 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini pusquya salaraq qətlə yetiriblər. Əli ilə başqa yüksəklikləri göstərərək orada da Araikgilin (Qarabağdakı xunta rejiminin keçmiş rəhbəri, lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs edilmiş Araik Arutyunyan-red.), Sarkisyangilin (Ermənistanın keçmiş prezidenti, Xocalı cəlladlarından olan Serjik Sarkisyan-red.) dəstələrinin dayandığını, onların da çoxlu sayda Xocalı sakininə qarşı qətliam törətdiklərini bildirir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən Babayan dinc insanlara qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verir. Deyir ki, üç yük maşınına azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, onların üz nahiyəsindəki bəzi orqanlarının kəsilməsini müşahidə edib. Sadəcə müşahidəmi edib? Xeyr, bu qədər dəhşətli hadisələr haqqında belə soyuqqanlılıqla danışan caninin yəqin özü də adlarını çəkdiyi dəstə üzvlərindən geri qalmayıb.

Madat Babayanın ifadələrindəki daha bir etiraf kütləvi məzarlıqlarla bağlıdır. Belə ki, Babayan azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını bildirərək qeyd edir ki, hadisədən üç gün sonra bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını görüb.

Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimiz minalardan və partlamamış döyüş sursatlarından təmizləndikcə, tikinti-quruculuq işləri aparıldıqca aşkarlanan kütləvi məzarlıqlar Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə baxmayaraq Ermənistanın humanitar əməkdaşlıqdan niyə yayındığını göstərdi. Erməni vəhşiliyinin sübutu olan belə məzarlıqların sayı bölgədə kifayət qədərdir, bu günə qədər artıq 10-a yaxını aşkarlanıb və Babayanın ifadəsindən sonra ehtimal ki, yenə artacaq. Aşkarlanan kütləvi məzarlıqlarda itkin düşmüş azərbaycanlı hərbçilərin, mülki şəxslərin xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırıldıqları müəyyən edilib. Bütün bunlar isə ermənilərin bu qatı cinayətləri məqsədli şəkildə həyata keçirdiklərinin, əsir və girov düşmüş azərbaycanlıların ağlasığmaz işgəncələrə məruz qaldığının sübutudur.

Qeyd edək ki, beynəlxalq hüquq normalarına məhəl qoymayan erməni quldurları tərəfindən “Hərbi əsirlərlə rəftar haqqında” və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” konvensiyaların müvafiq müddəalarının kobud şəkildə pozulması nəticəsində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfərin əksəriyyətinin taleyindən bu günə qədər də xəbər yoxdur.

Onlardan 71-i yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326-sı isə yaşlı insanlar olmaqla 719 nəfəri mülki şəxsdir.

...Otuz iki ilə yaxındır biz erməni vandallarının Xocalıda törətdikləri amansız qətliama, soyqırımına ədalətli qiymət verilməsini tələb edirik. Ancaq bu gün əksəriyyəti həmin cinayətlərdə bilavasitə əlləri olduğu üçün Qarabağda qalıb yaşamaq istəməyən, heç bir maneə ilə üzləşmədən könüllü şəkildə Ermənistana köçən ermənilər üçün əl-ayağa düşən, onlara yardımlar yağdıran, Azərbaycana “etnik təmizləmə” iftirası atan, insanlıqdan paylarını almayanların “pozulmuş insan hüquqlarından” narahat olanlar bircə dəfə olsun belə Xocalı boyda dərdimizə şərik çıxmayıb, vaxtilə Ermənistana rəhbərlik etmiş Xocalı qatillərinə “gözünüz üstə qaşınız var” deməyiblər. Olsun. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdiyi kimi, ədaləti də özü bərpa edir. Əli günahsız azərbaycanlıların qanına bulaşmış cinayətkar ermənilərin hamısı növbə ilə Madat Babayan kimi qolları qandallı törətdikləri əməlləri etiraf etməli, daha sonra Azərbaycan qanunları qarşısında cavab vermək üçün məhkəmə qarşısına çıxmalı olacaqlar. Onlardan artıq neçəsi Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında öz növbələrini gözləyir. Əbəs yerə deməyiblər ki, qisas qiyamətə qalmaz!

Mahir Rəsuloğlu, “İki sahil”