06 noyabr 2023 22:36
214

Milli birliyimizin təntənəsi

Xalqımız bu il də Zəfər Bayramını böyük qürur və sevinc hissi ilə qeyd edir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən üç il ötür. 2020-ci ilin 8 noyabr tarixində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, nəticədə Ermənistan öz məğlubiyyətini etiraf etmələri və kapitulyasiya aktını imzalamalı oldu. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Bu gün şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alındı, ordumuz işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsini şərh edən yerli və beynəlxalq ekspertlər qeyd edirlər ki, dünya hərb tarixində hakimiyyət, xalq və ordunun birliyini təkrar edən ikinci belə bir təcrübəyə rast gəlmək, demək olar ki, mümkünsüzdür. Nəzərə alsaq ki, düşmən ərazi baxımdan çox böyük strateji üstünlüyə malik idi, Azərbaycan Ordusunun bütün bu əraziləri qısa bir zaman kəsiyində azad etməsi, hətta Amerika və digər böyük ölkələrin generallarında böyük təəccübə səbəb olub. Ümumiyyətlə, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün inkişaf etmiş ölkələrin hərbi məktəblərində öyrənilir. Azərbaycan Ordusu mövcud tarixi gerçəkliyi nəzərə alaraq işğala məruz qalmış ərazilərini azad etmək məqsədilə günbəgün modernləşdirilir, taktiki-strateji baxımdan daha müasir standartlar müstəvisində inkişaf etdirilir, əsgər və zabit heyəti arasında mənəvi-psixoloji, fiziki hazırlıqlar maksimum səviyyədə aparılırdı. Xalq da öz növbəsində döyüşən orduya maddi və mənəvi dəstəyini ən yüksək səviyyədə nümayiş etdirirdi. Çoxdan bəri böyük həsrətlə gözlənilən qələbə xəbərləri ard-ardıya gəlməyə başladı. Oktyabrın 3-də Suqovuşan üzərində Azərbaycan əsgəri şanlı bayrağımızı dalğalandırdı. Bu qələbə istər əhali, istərsə də əsgərlər arasında böyük ruh yüksəkliyinə səbəb oldu. Daha sonra Azərbaycan əsgəri Cəbrayıl istiqamətində uğurlu və ildırımsürətli əməliyyatlara başladı. Qısa bir zaman kəsiyində, oktyabrın 4-də Cəbrayıl şəhəri mənfur düşmənlərdən azad edildi. Azərbaycan Ordusunun sürətli hücumlarından dəhşətə gələn düşmən əsgərləri arasında fərarilik halları artıq adi hala çevrilmişdi. Düşmən qaçmağa belə yer tapmırdı, hətta qaçmasın deyə erməni zabitləri əsgərlərini hərbi maşınlara zəncirləyir, bu yolla müsbətə doğru nəyinsə dəyişəcəyinə ümid bəsləyirdilər. Amma elə bir güc yox idi ki, Azərbaycan əsgərinin qisas hissi qarşısında tab gətirsin.

Azərbaycan Ordusunun ilk qələbələrini həzm edə bilməyən, hər zaman ikili standartlardan çıxış edən xarici qüvvələr bu qələbəni yarımçıq qoymaq əzmi ilə, sözün əsil mənasında informasiya müharibəsinə başladılar. Lakin yanılırdılar, anlamırdılar ki, qarşılarında böyük siyasətçi, əyilməz iradə sahibi, Ali Baş Komandan İlham Əliyev kimi bir sərkərdə dayanıb. Azərbaycan əsgəri səngərdə tarix yazdığı bir zamanda Prezident İlham Əliyev də siyasət meydanında, sözün əsl mənasında qəhramanlıq tarixi yazırdı. Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibələrin hər biri beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə təzyiqlər cəhdinin qarşısının müvəffəqiyyətlə alınmasında mühüm rol oynayırdı. Qərəzli, birtərəfli mövqe nümayiş etdirən xarici ölkələrin mətbuat nümayəndələri ilə demək olar ki, dövlət başçısı İlham Əliyev hər gün ikinci bir cəbhədə döyüş aparırdı. Dünyanın məşhur informasiya mərkəzlərini təmsil edən jurnalistlərə müsahibə verən cənab İlham Əliyev öz arqumentləri, tarixə söykənən səlist məntiqi mülahizələri ilə, demək olar ki, təkbaşına ölkəsinə informasiya müharibəsində də qalibiyyət qazandırdı. Ali Baş Komandanın bu əzmindən daha da ilhamlanan Azərbaycan əsgəri, öz növbəsində döyüş meydanında hər gün qəhrəmanlıq salnamələri yazırdı. Uşaqdan böyüyə kimi hamının ürəyi qələbə təşnəsi ilə döyünürdü. Mülki əhalinin əsgərlərə göstərdiyi maddi və mənivi yardımlar hərbiçilər arasında daha böyük uğurların əldə edilməsinə vəsilə olurdu.  Hamı uşaqdan böyüyə kimi Ali Baş Komandanın qələbə dolu müjdələrini böyük intizarla gözləyirdi. Hər evdə hər gün qələbə təntənəsi yaşanırdı. İllər idi ki, bu xalq belə xəbərlərin həsrəti ilə qovrulub yanırdı.

Ermənilərin gözləmədiyi və ağıllarına gəlmədiyi bir zamanda, 9 oktyabrda şanlı ordumuz Hadrut qəsəbəsini işğalçılardan azad etdi. Artıq düşmən məğlubiyyətin qaçılmaz olduğunu anlamışdı. Ermənistanın baş naziri xarici ölkələrə müraciətlər edir, imdad diləyirdi. Lakin çox gec idi. Qardaş Türkiyə dövləti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq şəkildə Azərbaycanın yanında olduğu barədə verdiyi bəyanatlar xarici qüvvələrin əl-qolunu bağlamışdı. Həmin qüvvələr anlayırdılar ki, hər hansı şəkildə bu proseslərə müdaxilə etsələr qarşılarında Türkiyə kimi bir güclü dövləti görəcəklər. Qardaş Pakistan dövlətinin də Azərbaycanı dəstəkləyən açıq bəyanatları öz müsbət nəticəsini vermiş oldu. Bütün bu dost, qardaş təəssübkeşliyindən daha da ilhamlanan Azərbaycan əsgəri öz növbəsində  döyüş meydanında düşmənə göz açmağa macal vermirdi. 17 oktyabrda şanlı ordumuz Füzuli şəhərində Azərbaycan Bayrağını dalğalandırdı. Ardınca, 18 oktyabrda Xudafərin körpüsü üzərinə Azərbaycan əsgəri şanlı bayrağımızı sancdı. Artıq bununla da  düşmənin İran ərazisindən qeyri-qanuni silah-sursat təhçizatına son qoyuldu. Çox keçmədi ki, Azərbaycan əsgəri növbəti bir qələbəsi ilə xalqımızı müjdələdi. Zəngilan şəhəri 20 oktyabrda düşmənlərdən tamamilə təmizləndi. Təcavüzkar düşmən artıq can verirdi, əsgərlər arsında vahimə, qorxu, fərarilik baş alıb gedirdi. Hara gəldi qaçırdılar, hətta xeyli sayda düşmən əsgəri sağ qalmaq naminə könüllü Azərbaycan tərəfinə təslim olur, ağ bayraq qaldırırdılar. Şanlı Azərbaycan Ordusu 26 oktyabrda bizim doğma torpağımız Qubadlı şəhərini də yağı düşməndən azad etdi. Artıq ordumuzun hədəfi Azərbaycanın mədəniyyət mərkəzi Şuşaya istiqamətlənmişdi. Hər tərəfi uçrum qayalarla əhatə olunmuş alınmaz bu qalanı azad etmək elə də asan deyildi. Ağır, qanlı döyüşlərdən sonra qədim Şuşa şəhəri də erməni vandallarından azad edildi. O günlər Şuşada olan Fransanın nüfuzlu media orqanının əməkdaşının söylədikləri Azərbaycan əsgərinin Şuşanın alınmasında necə bir şücaət göstərdiyinə bariz nümunə ola bilər. Təsadüfi deyil ki, Şuşanın azad edilməsinə münasibət bildirən  Ali Baş Komandan İlham Əliyev demişdir: “Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu. Zəfər yolu ilə Şuşaya gələn hər kəs bizim ora haradan getdiyimizi görə bilər. Bu, fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Günlərlə meşədə, yolsuzluq şəraitində, yüngül silahlarla, yorulmadan irəliləmək və sonradan Şuşa şəhərini azad etmək misilsiz rəşadət, qəhramanlıq nümunəsidir. Təbii ki, Şuşanın azad edilməsi düşmənin belini qırdı, onlar demək olar, bundan sonra təslim oldular”.

Bəli, doğrudan da Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiya aktına imza atmaq dilemması ilə üz-üzə qoydu. Sonda Kəlbəcər, Laçın və Ağdam rayonları döyüşsüz təslim edildi. Düşmən bütün müstəvilərdə məhv edildi, ağır məğlubiyyətə uğradıldı. Azərbaycan əsgəri qanı-canı bahasına əzəli torpaqlarımızda şanlı bayrağımızı dalğalandırmağa müvəffəq oldu. Xalqımıza qalibiyyət bəxş edən Vətən müharibəsində 3 minə yaxın şəhid verdik. Böyük amallar uğrunda canlarından keçən, şüurlu şəkildə ölüm-dirim savaşına atılan şəhidlər öz ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə ərmağan etdilər. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq dağ qədər əzəmətlidir. Şəhidlərimizin ruhları, bir mahnıda olduğu kimi, artıq Vətən göylərində azad dolaşır.

Vətən müharibəsində Azərbaycanın Qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərin iştirakı xalqımıza qürurverici anlar yaşatdı. Özü də iki qardaş ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi, əslində böyük güclərə verilmiş mesaj idi. Bu, hələ son deyildi.

23 saat 43 dəqiqə... Azərbaycanın Qarabağ iqtisadi rayonunda bu ilin 19 sentyabr tarixində başlatdığı lokal antiterror əməliyyatı məhz bu qədər vaxt davam etdi. Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu mühtəşəm Qələbə qazandı. Bununla da biz cənab Prezident İlham Əliyevin “nəyi, necə, nə vaxt edəcəyimi, bunu mən bilirəm”ifadəsinin növbəti dəfə öz təsdiqini tapdığının şahidi olduq. Faktiki olaraq, Azərbaycan noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn və 3 ildir ki, yerinə yetirilməyən 4-cü bəndi uğurla icra etdi. Əməliyyatların uğurla başa çatması, separatçıların təslim olması və özlərini qondarma rejimin rəhbərləri kimi qələmə verən hərbi cinayətkarların həbs edilərək Bakıya gətirilməsi Azərbaycan dövlətinin gücünün və iradəsinin növbəti təntənəsidir.

Artıq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işləri o yerləri yenidən öz əvvəlki görkəminə qaytarır.  Aparılan sürtəli quruculuq işləri bizi müqəddəs hədəflərimizə daha da yaxınlaşıdırır. O, hədəflər arasında uzun illərdir blokada şəratində yaşayan Naxçıvan Muxtar Respublikasının tarixi Vətənlə birləşdirilməsi də var. Zəngəzur dəhlizinin işə düşməsini qarşıya mühüm məqsəd kimi qoyan Prezident İlham Əliyev bu hədəfə çatmaq üçün var gücü ilə çalışır.

Vətən müharibəsi Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçkiləri zamanı xalqa verdiyi vədlərin real həyatda öz təsdiqini tapmasıdır. Bu, həm də Heydər Əliyev yoludur və bu yolun uğuru ondadır ki, onu cənab İlham Əliyev kimi təcrübəli dövlət xadimi davam etdirir. 1993-cü ildə Azərbaycan dərin böhranlar içərisində dağılmaq və məhv olmaq təhlükəsi ilə üzləşəndə Heydər Əliyev Azərbaycan üçün kim idisə, indi həmin missiyanı Prezident İlham Əliyev yerinə yetirir. Ona görə də bu gün qüruru kədərindən böyük olan xalqımızın düşmənlə döyüşdə göstərdiyi misilsiz qəhrəmanlıq heç vaxt unudulmayacaq. Bu, öz hüququnu, mənliyini heç nəyə qurban verməyən, ədalətsizliklə heç vaxt barışmayan, öz torpağını namusu qədər müqəddəs bilən bir millətin şərəf məsələsi idi və millət şərəfinə qovuşub. Vətən müharibəsində əldə etdiyimiz Qələbənin əbədiliyinin təmin olunması istiqamətində daha da sıx birləşməyi şəhidlərimizin müqəddəs ruhları bizlərdən tələb edir. Bu gün Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsinir görür, bununla böyük qürur hissi keçirir.    

Şanlı qələbələrlə dolu zəfərlərin əbədi olsun, Azərbaycan!

Təhmasib Rüstəmov,
Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının sədri