06 noyabr 2023 15:30
504

Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir

Müasir dünyada dövlətlərarası münasibətlərin ilk növbədə iqtisadi maraqlar üzərində qurulması faktı artıq heç kimə sirr deyil. Çünki iqtisadi tərəqqiyə can atan hər bir ölkə ilk növbədə öz milli maraqlarını önə çəkir. Lakin yaxın əlaqələrin qurulmasında tarixi mədəni əlaqələr, eyni kökə bağlılıq və s. bu kimi məqamlarda heç də az rol oynamır. Bu baxımdan türkdilli dövlətlərin eyni tarixi köklərə və ortaq mədəni dəyərlərə malik olmaları onları daha da yaxınlaşdırır. Son dövrlərdə dünyada baş verən proseslər, xüsusən də təhlükəsizliklə bağlı problemlərin ön plana çıxması türkdilli dövlətlər arasında əməkdaşlığı daha da zəruri edir. Sözsüz ki, burada ilk növbədə siyasi-iqtisadi təhlükəsizlik məsələləri ön plana çıxır. Sevindirici məqam isə bundan ibarətdir ki, türkdilli dövlətlər arasında iqtisadi münasibətlər və sıx əməkdaşlıq münasibətləri ötən hər gün daha da genişlənməkdədir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq,  Türk dövlətlərinin hər biri Azərbaycanın haqlı mübarizəsinə öz  dəstəklərini verdilər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi, həmin ölkələr arasında qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi baxımından ardıcıl addımlar atır. Azərbaycan Prezidentinin Mərkəzi Asiyanın Türk dövlətlərinə rəsmi səfərləri və həmin ölkələrin dövlət başçılarının ölkəmizə səfərləri son illərdə əməkdaşlıq əlaqələrini ən yüksək səviyyəyə qaldırmışdır. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir.

3 noyabr 2023-cü il tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə həm Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən çox önəmli açıqlamalar verildi. Cənab İlham Əliyev öz çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər haqqında Türk dövlət başçılarına ətraflı məlumat verdi. Ölkə başçımız Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə isə Prezident Kasım-Jomart Tokayevə təşəkkürünü və minnətdarlığını bildirdi. Bütün bunlar sözsüz ki, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirdi ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Müasir qloballaşma şəraitində iqtisadi əməkdaşlıqla bağlı Türk dövlətlərinin atdığı addımlar dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Biz tam əminik ki, Orta Dəhliz ideyası da ən yaxın zamanda reallaşacaq. Bu böyük layihə Türk dövlətləri arasında iqtisadi əməkdaşlığa mühüm töhvələr verəcək.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi