07 noyabr 2023 03:18
373

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim!

Bayraq - bir ölkəni varlığını, mövcudluğunu bildirən dövlət rəmzidir və üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.

Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.

Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz yalnız 2 il yaşayıb və 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.

70 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Bayraq dövlətimizin ən ali atributlarından biridir. Bu bayraq uğrunda neçə qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 8-də Ali Baş Komandanın yürütdüyü uğurlu siyasət və Azərbaycan Ordusunun gücü nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edildi. Üçrəngli bayrağımız işğaldan azad olunan bölgələrdə qürurla dalğalanır.

İndi bayrağımız dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmaqdadır. Azərbaycan Respublikası üçrəngli dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Böyük iftixarla öpüb altından keçdiyimiz dövlət bayrağımızın müqəddəsliyini məsələ çevrilmiş bu sözləri heç vaxt unutmamalıyıq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir” Dünyanın hər guşəsində qəlbi vətən eşqi ilə çırpınan bütün azərbaycanlıları, respublikamızın gələcəyə nikbin baxan vətəndaşlarını Dövlət bayrağı Günü münasibəti ilə təbrik edir, hamıya vahid ideya ətrafında birləşmək, qarşıda duran işlərdə uğurlar arzulayırıq.

Bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də Onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Vüqar Nəsirov,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı