07 noyabr 2023 00:08
344

And yerimiz - üçrəngli bayrağımız

Bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarıdır. Özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır.  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib. Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir. Ulu Öndərin milli mənafelərə əsaslanan, siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir.Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.

Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir. Millətimiz illər öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün ağır sınaqlarla üzləşdi - qalib gəldi. Bu qələbə işığın qaranlıqları əritməsi qələbəsidi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edildikdən sonra milli Dövlət bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızda qaldırılır, bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada... dalğalanır. Artıq qürurverici günü biz fəxarətlə yaşayırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!"

Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı