04 noyabr 2023 20:48
355

Azərbaycan xalqının Zəfər günü

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqımızın iradəsi ilə əsgərlərimizin başlatdığı və hər günü möhtəşəm uğurlarla müşaiyyət olunan 44 günlük qələbə yolumuz, qürur və şəfər yolumuz Azərbaycanın şanlı tarixinə həkk olundu. 44 günlük Vətən müharibəsinin gedişində bütün dünya Azərbaycan xalqının qeyrətinə, vətənpərvərliyinə, sönməz ruhuna, rəşadətli ordusuna bələd oldu. Qələbə xəbəri dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara möhtəşəm bir sevinc, görünməmiş xoşbəxtlik bəxş etdi.

 Vətən müharibəsidə qısa bir zaman kəsimində Azərbaycan ordusu 30 il müddətində düşmən tapdağında viran qalan əzəli torpaqlarımızı azad etdi.  Xüsusilə Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verdi və aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksək oldu. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail oldu. Şanlı Ordumuz Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs dilənməyə və nəhayət, təslim olmağa vadar etdi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan hərbi sahədəki qələbəsi, siyasi müstəviyə daşıdı. Beləliklə Azərbaycan qısa zaman ərzində nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək  Ermənistanı diz çökdürdü, ədaləti  bərpa etdi. Bütün bunların nəticəsi kimi 8 noyabr –Zəfər günü kimi Azərbaycan xalqının tarixinə yazıldı.

Tarixə nəzər salsaq görərik ki, bu mənfur dövlət daim bizə düşman olmuş, 200 ildən artıq bir zaman kəsiyində öz düşmənçilik siyasətini yürütmüşdülər. Dəfələrlə dinc əhaliyə qarşı hücumlar olmuş, amansız soyqrımlar törədilmişdir.Azərbaycan torpaqlarında məskunlaşdıqları ilk gündən ölkəmizə işğalçı nəzərlərlə baxmış, Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmışdılar. Bundan sonra isə azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması başlanmışdır. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri zamanı  kəndlərimiz, şəhərlərimiz dağılmış, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Bu münaqişəsinin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Lakin Azərbaycan dövləti heç bir halda bununla barışmayacağını nümayiş etdirmişdir. Murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən Ermənistan, quldur erməni silahlı birləşməşləri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi və Azərbaycan ordusunun  sərt üzü ilə qarşılaşdı. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik Xocalının intiqamını bu birliyimizlə aldıq. Ermənistana layiq olduğu yer göstərildi. Bu işdə milli birliyimiz, milli ideologiyamız əsas rol oynadı. Cənab Prezidentimizin liderlik qabiliyyəti, onun Azərbaycanın maraqlarını uğurla həyata keçirməsi, hər bir azərbaycanlının etimadını qazanaraq yeni bir tarix yazması bizim üçün çox böyük şərəfdir.

         Azərbaycan xalqının məşhur bir məsəli var: ordum varsa, yurdum var! Yəni güclü ordu yurd deməkdir, yurdu, vətəni sevmək isə imandandır. Böyük şərəf hissi ilə deyə bilərik ki, ordumuz da var, müstəqil və bütöv yurdumuz da. Yurdumuzu müdrik siyasəti ilə şöhrətləndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti bu məsələdə həlledici rol oynadı və torpaqlarımız əsl sahiblərinə, Azərbaycan xalqına geri döndü. Ordumuzun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə təkcə Qafqaz regionunda deyil, bütün dünyada böyük əks-səda doğurdu. Hətta II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunub, müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. qazandı. Təsadüfi deyil ki, dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, yüksək peşəkarlıq, orduda yüksək nizam-intizam, mobillik, hərbçilərimizin müasir hərbi texnologiyalardan məharətlə istifadə etməsi, Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu, eyni zamanda Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, Onun zəruri müdaxilələri, korrektələri qazanılan parlaq qələbənin kökündə dayanan mühüm amillərdəndir. Müharibədən sonra Qələbənin əbədiləşdirilməsi üçün Qələbə münasibətilə medal və ordenlərin təsis olunmuş, müharibə zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşdular.

Müharibə zamanı biz tək torpağımızı qazanmadıq, biz yenilməzliyimizi, özgüvənimizi və cəsurluğumuzu təsdiqlədik. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etdi. Bu birliyin təməlini İkinci Qarabağ savaşından öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Bütün bunlar bir daha sübut etdi ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir.

Vüqar Nəsirov,
YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı