04 noyabr 2023 23:54
427

Zəfər tarixinin qəhrəmanları

Lənkəran elinin  qeyrətli oğulları-  Elməddin Məmmədli, Ramid Əliyev  Azərbaycanın, eləcə dünyanın hərb tarixinə qızıl  hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində  ölümün gözünə dik baxmaqla Vətənin harayına birinci səs verdilər. Və 30 il yağıya əsir düşmüş Vətən torpaqlarının azadlığı uğrunda  şüurlu surətdə  son damla qanına qədər vuruşaraq  canlarını fəda etdilər.  Sonda qəhrəmanların axıtdığı qızıl qan üçrəngli qələbə bayrağımıza  dönüb müqəddəs Vətən torpaqlarında ucaldı.  Tökülən qanla Vətən yaşamaqla həm də müdriklər beşiyi, dahilər diyarı Azərbaycan xalqının mənliyi, kimliyi bilindi. Məhz  bu yolda şəhidlik zirvəsinə ucalan  Elməddinin və Ramidin  ömrü nə qədər qısa olsa da,  örnək kimi tarixə düşdülər.  Neçə-neçə  qərinələr   ötsə belə, xalq  onları heç vaxt  unutmaz,  xatırladıqca iftixarla adlarını anacaqlar. Vətənə, onun torpağına halal sevgini   Elməddinin, Ramidin  qoyduqları əməllərdən öyrənəcəklər.

Bəli, Azərbaycanın   tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi daxil olan haqq savaşımızda  Lənkəran elinin hər iki qəhrəman oğlu elə bir tarix yazıblar ki, bu heç zaman unudulmaz.  Bu fikirlər  qalib şəhidlərin  şəhadətə qovuşduğu 3-cü il münasibətilə təşkil olunmuş anın günüdə  bir daha bildirildi. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin  başçısı Taleh Qaraşov, digər  rəsmi şəxslər, ictimaiyyət nümayəndələr, şəhid ailələrinin üzvləri  olmaqla    Vətən sevdalıları Elməddin Məmmədli və Ramid Əliyevin uyduqları məzarları ziyarət edib,  önünə təzə güllərdən çələng  hörməklə xatirələri ehtiramla anıldı.  Daha sonra şəhidlərin  ailə üzvləri ilə  görüşən icra başçısı qayğı və problemlərini öyrənməklə bərabər onu da əlavə etdi ki,  öz doğma Vətəninin müdafiəsi uğrunda canından keçən qeyrətli oğullar heç  vaxt unudulmur, daim qəlblərdə yaşayırlar.  Bu baxımından ölümü ilə özlərinə əzəmətli abid ucaldan oğul tərbiyə etdiyiniz üçün qarşınızda  baş əyirik.

Şəhidliyi Vətən sevgisindən başlanan,  xalqın qəhrəmanlıq  simvoluna dönən, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi  iştirakçısı”, Cəbrayılın, Qubadlının azadlığına  görə medallarına  layiq görülən Elməddin Ələddin oğlu  Məmmədli Lənkəran rayonunun Göyşaban  kəndində anadan olub.   Onun bu işiqlı dünyaya gəlib-getməsi cəmi 25 il çəkdi. Qaldı  olduqca şərəfli həyat yolu keçməklə, adı əbədi yaddaşlara yazıldı.  O, Vətən müharibəsi başlanan  gün tərəddüd etmədən  cəbhəyə yollanıb,  silaha  sarılan andan yağıya qan qusdurub.  Qubadlıda, Zəngilanda göstərdiyi şücaət döyüşçü yoldaşlarında  şanlı  qələbəmizə  böyük inam yaradıb. Qubadlıda gedən ağır müharibədə ölümcül yaralansa da, dığalara təslim olmur, döyüşə-döyüşə şəhidlik zirvəsinə ucalıb.

İgidliyi, mərdliyi  ilə təkcə bir ailənin yox, bütün Azərbaycan xalqının övladı olan  Ramid Kamal oğlu Əliyev  1996-ci ildə Lənkəranın Şağlaser kəndində boya-başa çatıb. O, 44 günlük haqq savaşımıza könüllü qatılıb. Müharibə meydanında İlk ciddi sınaqdan alnıaçıq çıxıb, hünəri  onunla çiyin-çiyinə vuruşan  döyüş yoldaşlarını heyran qoyub. Düşmən onun vurduğu  sarsıdıcı  zərbələr qarşısında  itki verə-verə  qaçmağa üz qoyub. Vətən torpaqlarının çox yerində üç rəngli qələbə bayrağımızın ucalmasında Ramid böyük şücaət göstərib.  Beləcə, Vətəni alınmaz qalayan çevirən   qəhrəman Qubadlı istiqamətində erməni dığaları tərəfindən qəfil  atılan artilleriya  mərmisi nəticəsində dünyasını dəyişib.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallara layiq olub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü