04 noyabr 2023 23:10
496

Qələbənin üçüncü ildönümü: ZƏFƏR ÜSTÜNƏ  ZƏFƏR!

Tarixi Zəfərimizin üçüncü ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələbə çevirir. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. 

Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsinin  hər gününü tariximizə Qələbə səhifəsi kimi yazdı. Qəhrəman əsgər və zabitlərimiz 44 gündə hansı imkanlara, gücə, qüdrətə malik olduqlarını dünyaya nümayiş etdirdilər. Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Zəfərimizin rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatı birliyimizin və gücümüzün təqdimatıdır. Azərbaycan Ordusu yazdığı Zəfər tarixi ilə ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya bir daha gördü ki, yenilməz, məğrur xalq Azərbaycan xalqıdır, güclü ordu Azərbaycan Ordusudur. Qüdrətli ordumuz düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Azərbaycan Ordusunun 44 gündə erməni silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnika 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında nümayiş olunmaqla yanaşı, dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə təqdim edilir.  

Bu gün böyük qürurla torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri bayram əhval-ruhiyyəsində qeyd edirik. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. İqtisadi və siyasi müstəqilliyimiz Zəfərimizi şərtləndirən əsas amillərdəndir. Güclü iqtisadiyyatı olan dövlət bütün sahələrdə dayanıqlı inkişafını təmin edəcək. Azərbaycan 30 ilə yaxın dövrdə müharibə vəziyyətində yaşasa da inkişaf modeli ilə dünyanın diqqətində oldu.

Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır.  Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan öz haqq savaşında zəfər çaldı.

2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində mühüm addımlar atıldı. Belə ki, Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan  Bayrağı sərhəddə dalğalandı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın  konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi.

15 oktyabr 2023-cü ildə dövlətimzin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bu gün qürür və fəxrlə deyirik ki, artıq  ölkəmizin hər bir guşəsində üçrəngli Bayrağımız dalğalanır. Bütün bunlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev heç vaxt başladığı işləri yarımçıq qoymayan,verdiyi vədləri yerinə yetirən və bütün fəaliyyəti boyunca nəyi, nə zaman və necə etməyi  çox  yaxşı bilən  Liderdir. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərimiz, o cümlədən mədəniyyət paytaxtımız Şuşa diplomatik mərkəzə çevrilib.

Bu gün tarixi sahibinə qovuşan torpaqlarımız çal-çağırlı dövrünü yaşayır. Soydaşlarımzın Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində qayıtdığı ünvanların sıralaması genişlənir. Böyük Qayıdış strategiyasının həyata keçirilməsi qalib Azərbaycan dövlətinin yeni inkişaf dövrünün əsas istiqamətlərindəndir.

Qədirbilən xalqımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən, bizə bu Zəfəri yaşadan Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacaq. Onların əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq.

Yaqut Ağaşahqızı, "İki sahil"