05 noyabr 2023 01:36
381

Daldan atdığın daş topuğa də dəymədi, Samvelçik!

Antiterror tədbirləri nəticəsində Qarabağda darmadağın olunduqdan sonra Ermənistana qaçan quldur separatçılar Fransadan və Rusiyadan dəstək əldə etməyə çalışırlar. “Status ölüsü” olan haylar ilk növbədə qaçqın statusu almaq üçün dəridən-qabıqdan çıxırlar. Bu yolda heç bir rəzillikdən çəkinmirlər. Bununla bərabər, digər variantları da “dişlərinə vururlar.” Variantlardan birincisi "cəhənnəmə vasil olmuş"  “dqr”in bərpasıdır.

Ancaq ilk addım uğursuz olub. İrəvanın “Marriott” otelində gizli formada toplanan Qarabağdakı keçmiş separatçı dəstənin müzakirəsi və heç bir qərara gələ bilməməsi ilə bağlı bəzi nüanslar üzə çıxıb.

Erməni mediası qapalı görüşdə məqsədin “artsax”ın dövlət qurumlarının saxlanması və “mühacir hökumətin” formalaşdırılması olduğunu yazıb. Əsasən Samvel Şahramanyanın “fərmanı” ilə bağlı məsələlər müzakirə edilib. İddialara görə, Şahramanyandan qondarma separatçı-terrorçu rejimin buraxılması ilə bağlı “fərmanını” ləğv etmək, “rəsmi strukturların” fəaliyyətinin davam etdirilməsi istənilib.

S. Şahramanyan buna razılaşsa da, “hüquqi mexanizm”in tapılması üzərində danışıqlar nəticəsiz başa çatıb. Hüquqşünaslar bildiriblər ki, bu “fərman” qeyri-qanunidir. Belə ki, bir şəxs “dövləti” buraxa bilməz. O da faktdır ki, Ermənistan “artsax”dakı “dövlət qurumlarının” maliyyə  xərclərini ləğv edib. Necə deyərlər, bir dəlinin quyuya atdığı daşı yüz ağıllı yığışıb oradan çıxara bilmir. Ancaq separatçılar pul mənbəyinin əllərindən çıxmaması üçün   müxtəlif ünvanlardan dəstək almağa çalışırlar.

 Xəbər verilir ki, separatçıların sonuncu “başçısı” olmuş arzuları gözündə qalan Samvel Şahramanyanın Qərb ölkələrinin və Rusiyanın Ermənistandakı səfirlikləri ilə gizli görüşlər keçirdiyinə dair də məlumatlar yayılıb. “Hparak” nəşri yazır ki, əsas məqsəd erməni əhalisinin yenidən Qarabağa köçməsini təmin etməkdir. Lakin separatçılar ermənilərin Azərbaycan qanunvericiliyinə uyğun olaraq geri qayıtmasını istəmir. "Şahramanyanın hazırda bir məqsədi var. Bu da əhalinin Qarabağa yenidən köçməsini təmin etmək. Bu məqsədlə o, müxtəlif Qərb ölkələrinin səfirləri, eləcə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşlər keçirir. Ümid edir ki, geosiyasi mərkəzlərin təzyiqi  vasitəsilə Qarabağa rəsmi “status” veriləcək və əhali yenidən geri qayıdacaq”, - nəşr yazır.

Ancaq gözünü axmaq iddialar pərdəsi tutmuş Şahramanyan qanmaq istəmir ki, törətdikləri həngamələrdən sonra Azərbaycan separatçılara nəinki status, heç bir cüt çürük qoz da verməz. Separatçılar gorbagor olana qədər Qarabağa addım ata bilməzlər. Çünki soyqırımlarda, talanlarda, azərbaycanlılara dəhşətli işgəncələr verilməsində iştirak edənlər beynəlxalq axtarışa veriliblər. İndi harada ələ keçirlərsə dərhal həbs olunub "arzuladıqları" Bakıya "çay içməyə" gətirilirlər. Burada onları "layiqli" cəzalar gözləyir. Dinc əhali isə burada yaşamaq istəmədiyindən könüllü köç edib və onları yalvarıb geri qayıtmağa çalışan da yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev dinc əhaliyə dəfələrlə qalıb birgə yaşamağı təklif etdi. Yalnız bir şərtlə ki, Azərbaycanın qanunlarına tabe olmalı və Azərbaycan pasportu almalıdırlar. Onlar da bunu qəbul etməyərək Ermənistana getdilər. Təbii ki, suçlarını yaxşı bildikləri üçün. "Allah haqqı" deyə and içən sürtük erməni qocasının otuz beş il əvvəl çıxardığı hoqqaların üstü açılandan sonra məlum olur ki, ağır xəstələrdən və uşaqlardan başqa bütün ermənilər azərbaycanlılara qarşı törədilən hərbi cinayətlərin iştirakçıları olublar. Onu da bilirlər ki, sağ qalmış azərbaycanlı əsirlər və hadisələrin şahidləri çoxdur və günlərin birində rastlaşacaq və hesab verməli olacaqlar. Vaqif Xaçaturyanın, Arkadi Qukasyanın, Bako Saakyanın, Araik Arutyunyanın, Ruben Vardanyanın və başqalarının həbs edilərək qolları qandallı Bakıya gətirilmələri bunun onlardan da yan keçməyəcəyini duyurlar. Bu səbəbdən də geri dönməyə üzləri yoxdur. Zori Balayanın şinelindən çıxmış və qaçaraq İrəvanda daldalanan Samvel Şahramanyan isə necə deyərlər, "gəlmişdi bığ aparmağa, saqqalı da qoyub getdi."

Ancaq bu Şahramanyan o qədər həyasızdır ki, eyibinə kor olub yerində oturmur, İrəvanda “kişilənib” hərdən bir sarsaq söz deyir. Buna bir deyən də yoxdur ki, daldan atılan daş topuğa dəyər, Samvelçik!

Vəli İlyasov, "İki sahil"