05 noyabr 2023 00:34
503

Eşidilən səsimiz, duyulan nəfəsimiz!

Dövlət Bayrağımızın ad Gününə sevgilərlə...

Qarşıdan gələn Günün mübarək, ey özündə birliyimizi, milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılığı təcəssüm etdirən, dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq Azərbaycan Türkünün Bayrağı!

105 yaşın mübarək, ey hər qarışı azad Vətənin zirvələrindən müstəqil, suveren, düşmənlərin yuxusuna haram qatacaq qədər güclü, dostları sevindirəcək qədər qüdrətli Azərbaycanın gələcəyinə boylanan, mavisiylə soyumuza, kökümüzə bağlandığımız, qırmızısı ilə müasirləşdiyimiz, yaşılı ilə müqəddəsləşdiyimiz and yerimiz!

Hər zaman belə xoşbəxt ol, ey yağı üstünə yeriyən igidlərimizin sinələrində gəzdirdiyi, dirək tapmayanda silahlarının süngüsünə taxıb ucaltdığı, yurdumuza kəm baxanları pərən-pərən salıb qarış-qarış arındırdıqları yurd yerlərimizdə - oddan-alovdan keçərək, quşqonmaz sıldırım qayalardan dırmaşaraq əliyalın toplu-tanklı düşmənin anasını ağlar qoyub azad etdikləri, başının dumanını didərgin saldıqları Şuşamızda, xan babalarımızın kəndi Xankəndimizdə, yaralı ruhların rahatlığa qovuşduğu Xocalımızda dalğalanan qürur yerimiz!

İllər, qərinələr boyu başın nə müsibətlər çəkib, ey qanlı imperiyanın əsarəti altında azadlıq eşqi ilə yananlarımızın təsəllisi, bu gün arzuları gerçəkliyə çevrilmiş sələflərimizin əmanəti, səni ilk tikən, adi üç fərqli rəngli parçanı bütöv bir millətin, xalqın taleyinə çevirən anamızın yadigarı!

...Bundan 105 il əvvəl Vətən sevdalı həmin ana işığı heç zaman sozalmasın, parıltısı azalmasın deyə gözünün nurundan nur qatıb göyü masmavi səmanın, qırmızısı torpaq uğrunda can verənlərin, baş qoyanların al qanı və yaşılı müqəddəs dinimizin, Tanrının Cıdır düzünə sərdiyi xalça-çəmən rəngində bir bayraq tikdi. Ortasına qaranlığı aydınladan aypara, səkkiz Oğuz tayfasının yolunu işıqlandıran səkkizguşəli ulduz da tikərək övladlarına ötürdü ki, əbədi sahib çıxıb əbədi zirvələrə ucaltsınlar!

...Bundan 105 il əvvəl bir səhər qoca, müdrik, ancaq əsrlər boyu ədalətsiz, qaniçən hökmdarların meydan suladığı qəddar Şərq yuxusundan oyanıb gördü ki, bir işıq bürüyüb hər yanı. Qəhrəman övladın şanlı Vətəninin - Azərbaycan adlı cənnət məkanın göylərində dalğalanan üçrəngli Bayrağın parıltısı gözlərini qamaşdırdı. İstibdadın, zülmün və əsarətin ədalət və demokratiya qarşısında məğlubiyyətinin, istiqlal və azadlığın Zəfərinin bayrağı idi Şərqin heyrətli baxışları altında ucalmış həmin üçrəngli Bayraq. Bir kərə elə ucaldı ki, bir daha enməyəcəyini hər kəs anladı! Hər kəs anladı ki, milyonlar bu müqəddəs üçrəngli Bayraq uğrunda can verməyə hazırdır, qan tökməyə qadirdir! Və hər kəs anladı ki, bu yurdun insanları sələflərindən aldıqları ana Vətən sevgisini, torpaq üçün savaşmaq, onu əzizləmək, yağılardan qorğanıb sahib çıxmaq eşqini, ehtirasını övladlarına, xələflərinə ötürəcəklər. Bu eşq, ehtiras bizim pozulmaz törəmizə çevriləcək. Buna görə də həmişə Azərbaycan adlı dövlət var olacaq, həmişə göylərdə ay-ulduzlu Bayraq dalğalanacaq!

Böyük Məmmədəmin Rəsulzadənin dediyi kimi: “Bir kərə ucalan bayraq bir daha enməz!”

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Gərək hər bir evdə Azərbaycan dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan Bayrağına itaət etsin. Bu Bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun!”

Azərbaycanın qalib Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim Bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu Bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir!”

Bayraq tək qürurlanmağımız üçün deyil, həm də qarşısında müqəddəs borcumuz var. Borcluyuq ki, bu gün və hər zaman gözünün nurundan pay verib azadlıq bayrağımızı tikən ananın, torpağın Vətən olması üçün canından-qanından keçənlərin, bizə hürriyyətin qana işləyən, ruha hakim kəsilən, heç zaman unudulmayacaq dadını dadızdıran sələflərimizin xatirinə və azad, güclü, müstəqil dövlət əmanət etməli olduğumuz xələflər naminə bir olaq! Bir olaq ki, bir kərə və əbədi ucalmış, hər birimizin həyatının əziz hissəsinə çevrilmiş, eşidilən səsimiz, duyulan nəfəsimiz olan şanlı üçrəngli Bayrağımız daim zirvələrdə dalğalansın!

Mahir Rəsuloğlu, “İki sahil”