05 noyabr 2023 00:15
459

Haqlı da bizik, güclü də!

Torpaqların əsl sahibləri qayıdır  

Dövlət başçısı İlham Əliyev bu hədəfi açıqlayır ki, 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur

Tarixi Zəfərimizin üçüncü ilini qeyd edirik. Üç il tariximizə bərpa-quruculuq dövrü kimi yazılıb. Dövlət başçısı İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirir ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası və müdafiə gücümüzün artırılması əsas prioritetlər sırasındadır.

“Yaşıl texnologiyalar” tətbiq edilir

 Tarixi Zəfərimizin reallıqları yeni Dövlət proqramlarının qəbulunu bir zərurətə çevirdi. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də nəzərdə tutulan perspektivlər reallaşdırılır. Milli Prioritetlərin hədəfi ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsini sürətləndirmək, dayanıqlı makroiqtisadi sabitliyə, Böyük Qayıdışın mərhələli həllinə nail olmaq, əhalinin həyat tərzini daha da yaxışlaşdırmaqdır. Qlobal dünya iqtisadiyyatının tərkib hissəsi olan milli iqtisadiyyatımızın şaxələndirmə prinsipinə uyğun inkişafının əsas məqsədi bu tərəqqidən bütün ölkə vətəndaşlarının bəhrələnməsini təmin etməkdir. Nəticə ehtibarilə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Bu sahədə diqqət göstərilən ən mühüm amil insanların sağlam həyat tərzinin formalaşdırılması üçün ekoloji baxımdan əlverişli "yaşıl texnologiyalar”ın tətbiqinə diqqətin artırılmasıdır. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.  Qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Qarabağ bölgəsində cənnət yaradacağıq

 Bir mühüm məqamı da qeyd etmək istərdik ki, tarixi Zəfərimizdən sonra Ölkə Prezidenti İlham Əliyev 2021-ci il üçün planları və tapşırıqları açıqlayarkən bildirmişdi ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki,  sözümüzlə əməlimiz arasında  heç bir fərq yoxdur: «Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.”

Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə  yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə  yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu , dəmir yolu və hava limanının tikintisi prioritetdir. Yeni tikilən beynəlxalq hava limanları  Qarabağ və Şərqi Zəngəzur zonalarını bərpa etmək, yüklərin daşınmasına, turizmin inkişafına  böyük kömək olacaq.   Zəfər yolu qısa zamanda istifadəyə verildi.  Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi,  necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.

Azad edilmiş ərazilərimiz  böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək.  Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

Artıq bütün dünya görür ki, erməni vəhşilərinin dağıtdıqları ərazilərdə bərpa-quruculuq işləri sürətlənir, Qarabağ, Şərqi Zəngəzur dirçəlir, insanlar doğma ocaqlarına qayıdırlar. Azərbaycanın dünyaya təqdim etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən bərpa edilən və qurulan torpaqlarımızda sakinlərin rahat yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılıb. 30 illik torpaq həsrətinə son qoyularaq bu yerlərdə çal-çağırın yaşanması qürurvericidir.

Son üç ilin mühüm uğurlarından, tariximizin Zəfər səhifələrindən  biri 2023-cü ilin aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində nəzarət -buraxılış məntəqəsini yaradılması oldu. Azərbaycan bu mühüm addımı ilə ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.

Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi

 Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında postmünaqişə dövrünün reallıqları, o cümlədən 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsi dövründə yaşananlar bir daha diqqətə çatdırılır və bunların fonunda Azərbaycanın qarşı tərəfə sülh təklifini etməsi bildirilir. Təbii ki, xalqımız nə ermənilərin zaman-zaman başımıza gətirdiklərini, nə də canları, qanları ilə tarix yazan şəhidlərimizi unudur. Şəhidlərimiz tarixi Zəfərimizin qəhrəmanlarıdır. Faciələrimiz çoxəsrlik tariximizin qara səhifələri kimi daim vərəqlənir, ermənilərin nə qədər vəhşi millət olduqlarını açıqlayır. Buna görə  dövlət başçısı İlham Əliyev bildirir ki, biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşi xislətli qüvvələrdən təmizlədik: “Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir." Postmünaqişə dövründə “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları, ən əsası centyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal antiterror tədbirləri Ordumuzun gücünü, eyni zamanda. “Dəmir yumruğ”un yerində olmasının təsdiqidir. Cənab İlham Əliyev noyabrın 3-də Türk Dövlətləri Təşkilatının  Astanada keçirilən “Türk Əsri” çağırışı altında 10 yubiley Zirvə görüşündə də bu məqama xüsusi diqqət yönəltdi. “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki,  2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.

Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatsa da…

 Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün səylərini artırsa da Ermənistan hər vəchlə prosesin uzanmasına çalışır. Törətdiyi təxribatlar, səsləndirdiyi  qeyri-ciddi, sərsəm bəyanatlar da bunun təsdiqidir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu çağırışı da edir ki,   indi  artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb: “Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.»

   Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışı dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir. Lokal antiterror tədbirlərindən sonra da belə qənaət yarandı ki, artıq sülh müqaviləsinin imzalanması üçün maneə yoxdur. Dövlət başçısının yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən deyə bilərik ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatsa da belə Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini uğurla davam etdirir, sülh gündəliyinin  və yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə qeyd etdiyi kimi, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard  dolların ayrılacağı nəzərdə tutulur. “Biz Böyük Qayıdış Proqramını icra edirik” söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur: “Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.”

Biz bu Qələbəyə layiqik

Cənab İlham Əliyev hələ işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə yeni başlayarkən bildirmişdi ki,  bütün çətinliklərə, işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi Böyük Qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.»

  Arxada qalan hər gün Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü yaxınlaşdırır. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sıralaması genişlənir. Tarixi Zəfərimizin üçüncü ilinin mühüm qələbə  səhifələrindən biri də Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanmasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesaj kimi dəyərləndirilən “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” fikirlərinin davamı olaraq bildirdi ki,  bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “ Doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Yeganə Əliyeva, “İki sahil”