04 noyabr 2023 13:04
450

Haqq yolunun sonu Zəfərdir

Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib.

Müasir Azərbaycan dövlətinin qurulması və inkişafı dövrü heç şübhəsiz, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın təhlükəsiz gələcəyinə təminat verən çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da bu, sadəcə olaraq kağız üzərində qalmışdı. O vaxtki iqtidarın yaratdığı xaos və özbaşınalıq ordu quruculuğuna da öz mənfi təsirini göstərirdi.

Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, separatçı qrupların maraqlarına xidmət edirdi. Əfsuslar olsun ki, ordudakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələndi. Lakin hər zaman çətin məqamlarda düzgün və qətiyyətli qərarlar qəbul etmiş xalqımız bu dəfə də öz iradəsini ortaya qoyaraq ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni mərhələnin təməli qoyuldu. Ulu Öndərin yüksək bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti ordudakı mürəkkəb problemləri tamamilə həll etdi.

Dahi şəxsiyyət Heydər Əliyev 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapdı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi.

Ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı bütün sahələrdə olduğu kimi, hərbi quruculuq sahəsində də dahi şəxsiyyət Heydər Əliyevin siyasətini uğurla davam etdirməkdədir. Hazırda Azərbaycan ilə NATO arasında səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. İndi hər il iki mindən çox hərbçimiz NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəyir. 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələri NATO standartlarına keçib. Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı tabor Şimali Atlantika Alyansının xətti ilə keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verir.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Ordumuzun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, Zəfər bayrağı ilə qayıtdıq. Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Azadlıq meydanı bir çox hadisələrin şahidi oldu. Zəfər paradı düşmənə, onun havadarlarına xatırlatdı ki, Azərbaycan Ordusu güclü ordudur. Şükürlər olsun ki, Ordumuz misli görünməmiş şücaət göstərərək 30 illik işğala 44 gündə son qoydu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur. Yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, torpaqlarımızı düşmən işğalından azad edən yüksək döyüş ruhuna malik ordumuz formalaşdı. Vətən müharibəsindən sonra da Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Ölkəmizin hərbi-sənaye kompleksində minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə də fəallıq göstərir.

Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün prioritet məsələ olaraq qalmaqdadır. Görülən bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq həyata keçirilir. Əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu hər bir əmri dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır.

Qarşıda duran ən mühüm vəzifə artıq yerinə yetirilib. Ordumuz torpaqlarımızı düşmən işğalından tamamilə azad edərək xalqımız və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən etimadı doğruldub. Azərbaycan Ordusu gecə-gündüz əzmlə çalışmaqla bu hədəfi inamla reallaşdırıb.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri