04 noyabr 2023 11:39
276

 Azərbaycanın müstəqil siyasəti və Qərbin ikili standartları

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalmışdır.Beynəlxalq təşkilatların uzun illər yürütdükləri ikili standartlar siyasəti münaqişənin sülh yolu ilə həllini qeyri - mümkün etmişdi.Bu illər ərzində saysız - hesabsız görüşlər sanki,münaqişəni unutdurmağa,xalqımızı mövcud reallığı qəbul etməyə yönləndirilmişdir.Vasitəçilərin əsas məqsədləri də münaqişəni dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq idi.Bu illər ərzində özlərini əbədi qalib  hesab edən,cəzasız qalacaqlarına tam əmin olmuş ermənilər isə ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməkdə idi.

Azərbaycan selektiv yanaşmadan və ikili standartlar siyasətindən son 30 ildə ən çox əziyyət çəkən ölkələrdən biridir. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğu bütün dünyaya bəllidir. Lakin Azərbaycana gəldikdə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı. BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində 822 saylı qətnamə qəbul etdi, Ermənistan qoşunlarının Kəlbəcərdən qeyd-şərtsiz geri çəkilməsini tələb etdi. 29 iyul 1993-cü ildə qəbul edilən 853 saylı qətnamə və həmin ilin 14 oktyabrında qəbul edilən 874 saylı qətnamə də atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi ərazilərdən geri çəkilməsini tələb edirdi. Qarabağ münaqişəsi ilə bağlı 1993-cü il noyabrın 12-də qəbul edilmiş 884 saylı dördüncü qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatlar nəticəsində atəşkəs pozulmaları qınanılır, Ermənistandan ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı.

Əsasını Ümummilli Liderin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən ordu quruculuğu da digər sahələrdə olduğu kimi öz bəhrəsini vermişdir.Qısa müddət ərzində ordumuz regionun ən müasir orduları sırasına daxil olmuşdur.44 günlük Vətən müharibəsi,lokal xarakterli anti - terror əməliyyatı ordumuzun gücünü,Ali Baş Komandanın əsl sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdi.Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi.

Prezident İlham Əliyev mütəmadi olaraq qərbin ikili planlarını ifşa edir. O, martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında da bildirmişdi ki, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Aydın məsələdir ki, Azərbaycanın dinamik inkişafını, regionun lider dövlətinə çevrilməsini, beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsini, dünyada söz sahibi olmasını istəməyən, müstəqil siyasət aparmasını həzm edə bilməyən anti-Azərbaycan qüvvələr, onların təsiri altında olan media qrupları ölkəmizə qarşı kampaniya aparırlar. Qatı ermənipərəst "Freedom House", "Amnesty International" və "Human Rights Watch" kimi üzdəniraq təşkilatlar da bu kampaniyanın əsas oyunçularıdırlar. Təsadüfi deyil ki, onlar 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı, I Avropa Oyunları ərəfəsində və oyunların davam etdiyi müddətdə Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışıblar.

Hazırda Fransa və Ermənistanın Azərbaycana qarşı apardığı yalan və böhtan kampaniyası dövlət siyasətinin ana xəttinə çevrilmişdir.Bu çirkin fəaliyyət günü - gündən artmaqdadır.Onların zaman - zaman dünyaya sırımaq istədiyi,hal-hazırda isə məhv edilmiş "Artsax Respublikası" ideyasını yenidən diriltməyə çalışırlar.Qarabağı könüllü tərk etmiş erməniləri "qovulmuş", "genosidə" uğramış kimi qələmə verirlər.Dünyanın hər yerində,xüsusilə Avropada saysız - hesabsız ermən cəmiyyətləri təşkil ediblər.Bu cəmiyyətlər gecə - gündüz yalan məlumatlar yaymaqla məşğuldurlar.Bu informasiya axını bir sıra mötəbər təşkilatların Azərbaycana qarşı qərəzli qərarlar qəbul edilməsinə,ölkə haqqında obyektiv olmayan fikirlərin formalaşmasına səbəb olur.Amma məhz bu dövlətlərin etdiyi vəhşilikdən söz açılmır.Təkcə Fransa dünyanın 50-dən artıq dövlətinin ərazisini işğal etmişdir.Həmin ölkələrin sərvətini talan edərək,xalqalarını əsarət altında saxlamışdır.Erməni vəhşilikləri də məhz bu silsilənin davamı idi.Biz azərbaycanlılar isə onların etdiklərinə əsl insanlıq nümunələri ilə cavab verdik.Ermənilər Azərbaycan dövlətinin humanistliyinə arxayın idilər,bilirdilər ki,biz onlar kimi vəhşi deyilik.

Azərbaycan xalqının Lideri Ali  Baş Komandan,Prezident İlham Əliyev tarixi yenidən yazdı.Xankəndində Azərbaycan Bayrağını ucaltmaqla Azərbaycan xalqına sonsuz qürur yaşatdı.Respublikamızın əraziləri üzərində nəzarəti və suverenliyini bərpa etdi.Bu Böyük Qələbədə hər bir vicdanlı - vətənpərvər azərbaycanlının zəhməti olmuşdur.Meydanda bizə uduzanlar revanş əldə etmək üçün planlar cızırlar.Bu Qələbəni qorumaq üçün hər birimiz bacardığımız sahədə dövlətimizə dayaq olmalıyıq.

Abasağa Səmədov,
Bakı şəhəri, 287 nömrəli Zəkalar liseyinin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü