03 noyabr 2023 11:16
213

Tarixi ədalətin bərpası

Azərbaycan xalqı əlamətdar hadisənin - 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin üçüncü ildönümü ərəfəsindədir. 2020-ci ilin məhz bu günlərində cəbhədən gələn xoş soraqların yaratdığı böyük coşqu ilə bütün cəmiyyətimiz tarixi qələbəyə köklənmişdi. Noyabrın 8-də milli mədəniyyətimizin beşiyi, milli qürurumuzun ünvanı olan Şuşa şəhərinin işğaldan azad edilməsi ordumuzun hərbi əməliyyatlar dövründə qazandığı olduqca möhtəşəm hərbi uğur olmaqla bərabər, həm də Vətən savaşının taleyini həll edən hadisə oldu. Şuşanın azad olunmasından sonra Ermənistanın məğlubiyyətini etiraf etməkdən, Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri yerinə yetirməkdən başqa yolu qalmadı. Şuşanın azad olunduğu gün isə cənab İlham Əliyevin sərəncamı ilə Zəfər Günü elan olundu. Beləliklə, “dəmir yumruq”la düşmənin başını əzən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da Azərbaycanın tam qələbəsini elan etdi.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri də daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Moskvada imzalanan üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) müqaviləyə əsasən, 10 noyabrda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılmasına qərar verildi. Qərardan sonra 2020-ci il 20 noyabrında Ağdam, 25 noyabrında Kəlbəcər, 1 dekabrda Laçın rayonları bir güllə belə atılmadan azad edildi. Beləliklə, 30 illik həsrətə, Qarabağ münaqişəsinə müzəffər Azərbaycan ordusunun gücüylə son qoyuldu.

Necə ki, hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıq doğurdu. Bununla da ölkəmiz uzun illərdən bəri mübarizə apardığı və uğurla başa çatdırdığı bu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi: "Zəfər adı xalqımıza çox yaraşır... Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır.

Ziyad Musayev,
Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının “İnqilab İsmayilov 17“ ünvanı üzrə ərazi partiya təşkilatının üzvü