03 noyabr 2023 10:11
145

Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq

Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə  müdaxilə edilməməsi prinsipləri əsasında qurub.

Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir. Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Noyabr ayının 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının quruma üzv ölkələrin «Türk Əsri!» çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın üzv, Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri Təşkilatının Astanada keçirilən bu Sammitdə türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlər müzakirə olunub. Sammitdə türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunaraq və birgə layihələr təsdiq edilib. Dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Dünyada və regionda baş verən siyasi və iqtisadi hadisələr fonunda türk birliyi üçün gərəkli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb

Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Bu  ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılmasında qardaş ölkəyə dəstək olan Azərbaycan türk birliyinin sarsılmazlığını göstərdi.  

Nuranə İbrahimova,
Ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının “İnqilab İsmayilov 17“ ünvanı üzrə ərazi partiya təşkilatının üzvü