04 noyabr 2023 00:35
349

Ancaq irəli!

Tarixi Zəfərimizin üçüncü ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələbə çevirir. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verdi. İşğalçı ölkənin 30 il ərzində möhkəmləndirdiyi təmas xəttini Azərbaycanın müzəffər Ordusu qısa zamanda yararaq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Şuşa şəhərini, 300-dək kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi.

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz təhvil verildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi əməliyyatlar dövründə  göstərdiyi qətiyyətlilik, mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.  Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanı kimi Azərbaycan əsgəri və zabiti olduğunu qeyd edir: “Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.” Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib.  Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Silahlı Qüvvələrimiz maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir.

Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi. 

Azərbaycan Ordusunun 44 gündə erməni silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnika 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında nümayiş olunmaqla yanaşı, dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə təqdim edilir.  Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı  İlham Əliyevin Zəfər paradında səsləndirdiyi bu fikirlər gələcəyimizin təqdimatı oldu: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır. Bundan böyük xoşbəxtlik ola bilərmi? 30 illik işğal dövrünün dağıntıları hazırda bərpa-quruculuq işləri ilə əvəzlənib. Tarixi sahibinə qovuşan torpaqlarımız çal-çağırlı dövrünü yaşayır. Soydaşlarımzın Böyük Qayıdış proqramının uğurlu icrası nəticəsində qayıtdığı ünvanların sıralaması genişlənir. Növbəti ünvan Xankəndidir.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri