02 noyabr 2023 22:49
345

Ermənilərin sığal çəkəni az idi...                       

...Coli də gəmi ilə gəldi

ABŞ-ın marionetkası olan Kanada kimdir ki, Azərbaycanı sanksiyalarla hədələsin?

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməklə regionda yeni reallıqlar yaradıb. Lakin Azərbaycanın dünyada sülhü dəstəkləməsinə, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq atdığı addımlara təəssüf ki, qısqanclıqla yanaşan ölkələr var. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. Ölkəmizin ərazi bütövlüyünün pozulmasına və torpaqlarımızın işğalda qalmasına 30 il ərzində susmuş dövlətlərin hazırda irəli sürdükləri ittihamlar əsassızdır. Vaxtilə sakit dayanmış və Ermənistanın təcavüzünə göz yuman dövlətlərin bu gün qərəzli bəyanatları və atdıqları addımlar bu ölkələrin ermənipərəst siyasətini  ortaya qoyur.

Qudurasan qurbağa...

Son dövrlərdə regionla heç bir əlaqəsi olmayan Kanada da bu oyunların əsas iştirakçılarından birinə çevrilib. Azərbaycana qarşı əsassız fikirlər səsləndirən Kanadanın müxtəlif dairələri öz tarixlərini isə görünür ki, yaxşı bilmirlər. Hökumət daxilində "erməni sevgisi"nin pik həddə yüksəlməsi hər iki dövlətin oxşar işğalçı və vandal tarixindən qaynaqlanır. Məhz regiondan on minlərlə kilometr uzaqda yerləşən Kanadanın Qarabağ məsələsinə müdaxilə cəhdi onun diletantlığından irəli gəlir. Rəsmi Ottavanı sözügedən diletantlığa sürükləyən isə həmişə olduğu kimi, erməni lobbisinin fəaliyyətidir. Heç bir arqument olmadan Ermənistanın məsələlərini özü üçün prioritet elan edən Kanadanın İrəvanı "su yolu"na döndərən xarici işlər naziri xanım Melani Colinin son səfəri zamanı Azərbaycanı etnik təmizləmədə ittiham etməsi və binoklla sərhəddə Azərbaycana baxması onun xalqımıza olan nifrətini göstərir.

M.Coli bildirmişdir ki, rəsmi Bakı Qarabağdakı ermənilərin hüquqlarını pozur və həmin regionu tərk etmiş er­mənilərin geri qaytarlıması vacibdir. Guya Azərbaycan “Qarabağa qarşı aqressiya nümayiş etdirmişdir. Bundan başqa, rəsmi Bakı Ermənis­tanın ərazi bütövlüyünə hörmət et­məsə, ona qarşı sanksiyalar “masa­nın üstündədir.

M.Coli Kanadanın Avropanın mülki missiyasına qoşulduğunu xüsusi vurğulamışdır. Sən demə, Er­mənistan Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əlindən gələni edirmiş və Kanada özünə mənə­vi borc bilir ki, İrəvana bu prosesdə dəstək versin.

Azərbaycanı Qarabağdan olan ermənilərin qayıtmasına imkan verməyə çağıran kanadalı nazirin eyni müraciəti azərbaycanlılara münasibətdə Ermənistan hökumətinə ünvanlamaması, 30 il ərzində bir dəfə belə olsun Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmayan bir ölkənin indi Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə səsləməsi M.Colinin açıq-aşkar səlibçi mentalitetindən qaynaqlanır.Melani Colinin Kanadada erməni lobbisinə, yaxud ermənipərəst hansısa icmaya yaxın olduğu danışığından bəlli olur. Eyni zamanda, onun Azərbaycanın ünvanına kirlənmiş ittihamlar səsləndirməsi böl­gədə baş verən son hadisələrdən tam bixəbər olmasından xəbər verir.

Tarixən Fransanın müstəmləkəsi olan bir dövlətin fransızların neokolonial siyasətinə qarşı qətiyyətli mövqe tutan Azərbaycana qarşı bu cür iddialarla çıxış etməsi gözlənilən idi. Bugünkü açıqlamanın əsas səbəblərindən biri də təbii ki, Amerika Birləşmiş Ştatlarıdır. Kanadaya verilmiş tapşırıqların yalnız bir məqsədi var - Cənubi Qafqazda heç bir vəchlə sülh olmasın.

Utanmasan oynamağa nə var ki?..

Azərbaycanın Xarici İşlər Nazirliyi Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi də tamamilə əsassız hesab edib. Vurğulanıb ki, bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.

“Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır”, -deyə XİN bəyan edib.

Səriştəsiz və mərifətsiz…

30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir. M.Colinin XİN başçısı kimi səriştəsizliyi - Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Kanada ilə Amerikanın hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Eyni zamanda, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir. Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma “əlaltısı” vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir.

Göründüyü kimi, erməni diasporunun əlaltısına çevrilmiş Melani Colinin özü və təmsil etdiyi ölkə müstəqil qərar qəbul etmək gücündə  deyil.

Xanım Coli, binoklla bizə baxınca, güzgüdə özünüzə baxın!

Ədalətdən, insan hüquqlarından dəm vuran xanım Melani Coli yaxşı olar ki, Kanadanın keçmişinə boylansın və həqiqətləri ifadə etsin, əgər doğrudan da ədalətlidirsə…

Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Multikultural dəyərlər, digər xalqlara ehtiram və tolerantlıq xalqımızın həyat tərzidir. Kanadadan fərqli olaraq Azərbaycan yerli aborigen xalqların soyqırımı nəticəsində özünə dövlət qurmayıb, kütləvi şəkildə uşaq qatili olan ölkə deyil. Kanadanın gerçək siması məlumdur. Ona görə də bütün bu vəhşiliklərin fonunda ölkəmizi  etnik dözümsüzlükdə ittiham etməsi siyasi əxlaqsızlıq və mənəviyyatsızlıqdır. 

Bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün deyil, odur ki, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır.

“Dəmir yumruq” yerindədir: Dövlətimizin iradəsinə təsir edə bilmədiniz, bilməyəcəksiniz də!..

3 il öncə Zəfər savaşı zamanı Kanadanın “Bayraqdar“ məsələsində qardaş Türkiyəyə embarqo məsələsini gündəmə gətirməsi  bu ölkənin Qafqazda baş verən hadisələrə beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipləri əsasında deyil, erməni lobbisinin maraqlarına uyğun münasibətinin təsdiqidir. O zaman Kanadanın bu cəhdi daxil olmaqla, bütün ermənipərəst dairələrin niyyəti boşa çıxdı və Prezident  İlham Əliyev - Xalq birliyi müzəffər ordumuzun qələbəsini təmin etdi.

Beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyimizə baxmayaraq erməni lobbisi, Hayastanın havadarları, təəssübkeşləri ölkəmizə qarşı qərəzli mövqelərini davam etdirirlər. Belə yanaşmalar ikili standartların təzahürüdür və təhlükəli presedentlərə yol açır. Amma bu cür qərəzli mövqelərin nümayiş etdirilməsi dövlətimizin iradəsinə təsir edə bilməz. Heç şübhəsiz, indi dövlətimizin və xalqımızın haqqı olaraq Xankəndidə dalğalanan üçrəngli Bayrağımızdan narahat olan qüvvələr yenə də xəyal qırıqlığına uğrayacaq. Çünki artıq Cənubi Qafqazda bütün şərtləri diktə edən tək qüvvə var, o da Azərbaycandır! Ermənipərəst dairələrin rahatlığını pozan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü tam təmin etmiş qüdrətli Azərbaycanın varlığıdır!

Yaqut Ağaşahqızı, “İki sahil”