02 noyabr 2023 12:18
495

8 Noyabr iftixar və qürur mənbəyimizdir – Aydın Hüseynov

"Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqları bu gün azaddır, işğalçılardan təmizlənib və aparılan möhtəşəm quruculuq işləri bu torpaqların kimə aid olduğunu bir daha bəlli edir. 3 il bundan əvvəl yaşanan hadisələrin memarı və icraçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Məhz onun rəhbərliyi altında şanlı Ordumuz işğal altındakı bütün torpaqlarımızı bizə qovuşdurdu. Möhtəşəm Qələbə danışıqlar masasında deyil, məhz döyüş meydanında əldə edildi.

Bu, yalnız tarixi ədalətin deyil, eyni zamanda, milli qürurun bərpasıdır. Azərbaycan qalib ölkə kimi bütün regionda yeni geostrateji reallıq yaratdı. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi: “Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bütün bunlar sayəsində Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən sənəddir. Üçtərəfli bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı”.