02 noyabr 2023 00:58
655

Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gündə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı

Təcavüzkar Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. İşğalçı Ermənistanın bu növbəti təxribatının qarşısını almaq, mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başladı. Silahlı Qüvvələrimiz apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi obyektləri və döyüş texnikaları məhv edildi. İşğal edilmiş rayonlarımız Azərbaycan əsgərinin qəhrəmanlığı, rəşadəti və şücaəti ilə bir-bir düşmən tapdağından təmizləndi. İşğal olunmuş torpaqlarımızın azad olunması xəbərini Prezident İlham Əliyev hər gün şəxsi “Twitter” hesabından paylaşırdı. Qələbə müjdəsinin dövlətimizin başçısı tərəfindən verilməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanırdı.

 Döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan düşmən cəbhə xəttində, eləcə də sərhəd bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki əhalini hədəfə alan təxribatları davam etdirirdi.

Əslində Ermənistan rəhbərliyi bu cür təxribatlarla erməni cəmiyyətinin diqqətini hökumətin yarıtmaz daxili və xarici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa çalışırdı. Ermənistan hökuməti işğalçı siyasəti davam etdirmək və genişləndirməklə təkcə Ermənistanın vəziyyətini daha da çətinləşdirmir, həm də bütün regionda sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terorrçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu.  Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Qırx dörd gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.

 Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin məntiqi nəticəsi kimi bu Zəfəri rəsmiləşdirən 2020-ci il 10 noyabr Bəyanatı imzalandı. Bu, Ermənistanın kapitulyasiyası idi. Üçtərəfli Bəyanat uzun illər davam edən münaqişəyə son qoydu və Bəyanata uyğun olaraq, münaqişənin hərbi mərhələsi başa çatdı. Qırx dörd gün davam edən müharibədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, və nəhayət, Şuşa şəhəri işğaldan azad edildi.  Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana qaytarıldı. Bununla da Azərbaycan Ordusu “böyük Ermənistan” mifini darmadağın etdi, məğlubedilməz erməni ordusu mifi isə yerlə-yeksan oldu. Bu Qələbə Azərbaycan haqqında məğlub xalq sindromunu sındırdı. İndi xalqımız qalib xalq, ordumuz qalib ordu, dövlətimiz də qalib dövlətdir. Bəyanat Azərbaycan Ordusunun şərtsiz hərbi üstünlüyünü təsdiq etdi.

Azərbaycanı 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etməyə çalışanların məkrli planları fiaskoya uğradı  

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, o zaman bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı.

2022-ci ilin sonu 2023-cu ilin əvvəllərində Azərbaycanın hüquq müdafiə təşkilatları Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görüləndə bəzi region ölkələri və Qərb dairələrinin məsələnin mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi.

ABŞ, Avropa İttifaqı, Fransa və s. 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı olmuş, bu məqsədlə ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərilmiş, yenidən uzun-uzadı danışıqlar prosesinə start verilmişdi. Vəziyyətin belə qalması daim “parçala hökm sür” siyasəti yürüdən qüvvələrin öz işlərini bu ənənəvi fəaliyyət prinsipi üzərində qurmaqla Azərbaycana qarşı real təsir və təzyiq mexanizmlərini saxlamağa imkan yaradırdı. Bütün bu prosesin məntiqi ondan ibarət olmuşdur ki, Qərb ermənilərin Azərbaycanda  yaşaya bilməyəcəyi və buna görə də ayrılmasının zəruriliyini ehtiva edən hüquqi proseduru işə salsın.

Azərbaycana, şəxsən Prezident İlham Əliyevə qarşı olan təzyiqlər, dövlət başçısına və onun ailə üzvlərinə qarşı aparılan çirkin kampaniyalar, BMT, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaq cəhdləri, sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr Qərb dairələrinin sadəcə sözçülüklə məşğul olmadığını və öz niyyətlərini praktiki müstəviyə keçirdiklərini aydın nümayiş etdirdi. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək olmuşdur.

2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı

Qətiyyətlə demək lazımdır ki, heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamış, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olmuş və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatmışdır. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın dövlət Bayrağının asılacağı günü yaxınlaşdırdı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 51 dəqiqə ərzində  Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə qırx dörd günlük müharibə və 8 noyabr Zəfər Gününə bərabər növbəti parlaq Qələbə olmuşdur. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.

Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə kompleks yenidənqurma işləri gündən-günə genişlənir. Bu istiqamətdə qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Zəfərini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.  Həmin sənəddə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i tarixinin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi öz əksini tapmışdır.

2020- ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad milli iradənin, milli ruhun, milli ləyaqətin Zəfəri idi. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad əsl qalibiyyət yürüşünə çevrildi. Prezident İlham Əliyev paraddakı çıxışında bildirmişdi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır

Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Liderdir. Azərbaycanda vaxtilə həyata keçirilən bir çox iqtisadi layihələr, siyasi arenada atılan bir çox addımlar illər sonra necə tam yeni bir keyfiyyət yaradırdısa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və Azərbaycanın fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi. Cənab İlham Əliyevin böyüklüyü, uzaqgörənliyi və siyasi məharətinin qayəsini təşkil edən həqiqət ondan ibarətdir ki, O, böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan Prezident İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı;

İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Bu gün zəngin tariximizin müxtəlif mərhələlərində xalqımızı və dövlətimizi qələbədən qələbəyə aparmış Cavanşir, Atabəy Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan kimi hökmdarların, Şah İsmayıl  Xətainin ruhu şaddır...

Zahid Rza, “İki sahil”