02 noyabr 2023 01:15
407

Tüfeyli molla rejimini Məhəmməd peyğəmbərin düşməni adlandırdı

İran İslam Respublikasına başçılıq edənlərin dünyanın ən böyük dinlərindən biri olan İslamı bünövrəsinə qədər sarsıdacaq əməllərə qurşanmaları və hörmətdən salmaları barədə kifayət qədər yazmışıq. Göstərmişik ki, bu rejim dünyaya şeytani infeksiya yaymaq, insanları müti kölə vəziyyətinə salmaq, xalqları parçalayıb ərazilərini işğal etmək və s. iyrənc məqsədlərinə çatmaq üçün şarlatanlıqdan əl çəkmir. Belə dürlü cinayətlərdə "zəngin təcrübəsi" ilə dünyada pis ad çıxarıb. Göz qabağındadır ki, İslamın qadağan etdiyi tiryək alverinin "çiçəklənməsi", insanlara insanlıqdan uzaq dəhşətli işgəncələr verilməsi, onların min bir əziyyətlə edam olunması, adamların insan hüquq və azadlıqlarının əllərindən alınması adını İslam qoymuş ölkədə belə demək mümkünsə, qanuniləşdirilib. Ötən il gənc qız Məhsa Əmininin çadrasını açdığı üçün həbs olunması və müəmmalı surətdə öldürülməsi dünyada kəskin rezonans doğurmuşdu. Bir sözlə, bu ölkədə günahı oldu-olmadı insan ölümü həşarat ölümünə bərabər tutulur.

Kiçik müsəlman dövlətləri ilə cəllad kimi davranan davakar İranın İraqda, Suriyada, Fələstində və bəzi Yaxın Şərq ölkələrində törətdikləri qırğınlar yaddan çıxmır. Dünyaya muzdlu başkəsənlər hazırlayıb səpələyən bu dövlət İslam aləminə elə zərbələr vurub ki, onların düzəldilməsi bəlkə də heç mümkün deyil. Yaxın Şərq regionuna göndərdiyi hərbi birləşmələri xarici ölkələrdə uyuşdurucu maddələrin alverindən gələn milyonlarla maliyyələşdirir. Halbuki ayətullahlar yaxşı bilirlər ki, din o maddələrdən istifadəni və gəliri qadağan edib və haram buyurub. “Qardaşları” ermənilər kimi, onlar da terrorçuluğu özlərinə peşə seçiblər. Məhz bu "nümunə"nin nəticəsidir ki, dünyanın harasında saqqallı qara adam görürlərsə onu terrorçu-müsəlman hesab edirlər. Bu da molla rejiminin “xidmətlərinin” nəticəsidir. Bunların cikini-bikini yaxşı bilən Salman Rüşdi xomeyniçilər Rza şahı devirərək hakimiyyəti ələ keçirəndən sonra doğma vətənindən didərgin düşüb həmişəlik İngiltərəyə getdi və orada “Şeytan ayələri” adlı kitab çap etdirdi. Həmin kitabı çap etdirdiyinə görə molla rejimi ona ölüm hökmü kəsib. Ölkədə siyasi təqiblərdən canlarını qurtarmaq  üçün mühacirət edənlərin sayı az deyil. Çünki insan haqları, demokratiya, söz və din azadlığı deyənin “dilini kəsirlər”.

Xarici siyasətində də namərdliyinə görə dövlətlər İrana etibar etmirlər. Hətta ətrafındakı müsəlman ölkələrinin də heç biri onunla yaxınlaşmaq, dostluq əlaqələri yaratmaq istəmir. Çünki molla rejiminin əqrəb şakəri hər birinə tanışdır. Uzağa getməyək, elə götürək özümüzü. Azərbaycan otuz il Ermənistanla müharibə və silahlı toqquşmalar vəziyyətində yaşadı.  Həmin illərdə Tehran rejimi açıq və ya gizli formada Ermənistanı dəstəklədi, birgə tədbirlər, görüşlər keçirdi, onlara "qardaş" deyib qucaq açdı.  Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Məşhədi ziyarət etməsi isə əlbəttə, İslam dünyasına bir təhqirdir. Artıq elə bir vəziyyət yaranıb ki, hətta radikal islamçıların başçılarından bəziləri İranın molla rejimini, xüsusilə onun rəhbərlərini kəskin tənqid etməyə başlayıblar.

Livandakı "Hizbullah" təşkilatının ilk baş katibi və qurucusu Şeyx Sübhi Tüfeylinin İranla bağlı sözləri dünya gündəmində ciddi müzakirələrə səbəb olub. İnformasiya agentlikləri  xəbər verir ki, Tüfeyli Qəzzada baş verənlərə görə İranı kəskin ittiham edib. O, üzdə başqa cür danışan Tehranı Vaşinqtonla gizli əməkdaşlıqda günahlandırıb və Xameneini ittiham edərək, “O adam Məhəmməd peyğəmbərin və İmam Əlinin düşmənidir. Əhli-beytlə heç bir əlaqəsi olmayan sünni-şiəlik yaradır” - deyib. Bəli, Tüfeyli tamamilə düz deyir. O, nəhayət, özündə cəsarət taparaq çoxlarının açıq mətnlə deyə bilmədiyi acı həqiqətə güzgü tutub.

Təbii ki, bu fikirdə olan təkcə Tüfeyli deyil, tüfeylilər çoxdur.

Vəli İlyasov, "İki sahil"