01 noyabr 2023 15:02
352

Qalib xalq, Qətiyyətli Sərkərdə, Müzəffər Ordu, Tarixi və şanlı ZƏFƏR!

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən mühari­bəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı ordu illərlə işğal altında qalan torpaqlarımızı düşməndən qarış-qarış təmizlədi, Vətən bütövləşdi. Məhz o günlərdə dövlət başçısı xalqın ürəyindən keçən sözləri deyirdi: “Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərir”. Məhz o güc Vətən müharibəsindən keçən 3 ilin tamamında ərazi bütövlüyü üzərində dövlətin suverenliyini təmin etdi. 

Bu gün Qarabağda baş verənlər, qəhrəman ordumuzun cəmi bir sutkaya uğurla başa çatdırdığı lokal antiterror əməliyyatı sübut etdi ki, Azərbaycanla heç bir halda şərt, hədə dilində danış­maq olmaz. 30 illik düyünü təkbaşına açan bir ölkənin qarşısında hansısa qeyri-konstruktiv tələblər qoymaq, ya­lançı sülh təşəbbüsləri irəli sürmək yalnız Ermənistanın ziyanına işləyir, bunların heç biri Azərbaycanı öz hədəf­lərindən yayındırmır. 

Vətən müharibəsində Böyük Qələbəmizdən yazarkən qeyd edilməsi vacib olan amillərdən biri də ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam edilməsidir. Prezident İlham Əliyevin son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib. Keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordu, döyüş əməliyyatlarının səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması, həyata keçirilməsi və hərtərəfli, planlı şəkildə hazırlıq ölkəmizin döyüş meydanında qələbə qazanmasını səciyyələndirən faktorlardır. Məhz sadaladığımız bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusunun qəlbi vətən eşqi ilə döyünən şəxsi heyəti hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə daha bir uğura, yeni qələbəyə imza atmaqla növbəti günlərdə düşmən üzərində tam üstünlüyə nail oldu. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı eşelonlaşdırılmış müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sardan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Biz indi bir millət olaraq yenidən doğuluruq. Xalqımızda qeyri-adi ruh yüksəkliyi var. Məhz bu əhval-ruhiyyə ilə 30 il ərzində dağıdılmış şəhər və rayonlarımız öz he­sabımıza yenidən qurulur, insanlarımı­zın öz doğma yurdlarına qayıtması ilə azad Qarabağda həyat yenidən canla­nır. Bundan sonra bizim hər uğurumu­zun adı “Zəfər” olacaq. 30 illik Qarabağ həsrətinin tükənən ümidi bu möhtəşəm zəfəri gerçəyə çevirən, ona əbədi ömür verən liderin sayəsində ölmədi, əksinə, “dəmir yumruq” əbədiyyət qazandı. İndi illərlə əsir olan ruhumuz azaddır. Bu azadlığın qüdrəti bizim birliyimizdə, xalqımızın hünərində, tarixdən gələn qəhrəmanlığındadır. 

Yaşasın Azərbaycan! Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!

İsa İsayev, 

YAP Naftalan şəhər təşkilatının fəal gənc üzvü, Vətən Müharibəsi veteranı