01 noyabr 2023 00:21
394

Paradoks...

Künc zərbəsi

Fuad Qəhrəmanlı niyə ermənipərəst Qərbə reinteqrasiya etmək istəyir?

Cənubi Qafqazda cərəyan edən son proseslərə yanaşma göstərdi ki, Qərb “demokratiyasının” əsl mahiyyəti görüntü naminə təqdim etdiklərindən tamamilə fərqlənir. Əslində, biz ABŞ-ın və ökeanın o tayından idarə edilən əksər Avropa ölkələrinin “ədalət” anlayışından xəbərsiz deyildik. Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi gündən indiyə qədər yaşadığı əksər siyasi problemlərin, üzləşdiyi hərbi təcavüzün köklərindən biri və ya bir neçəsi mütləq “günəşin batdığı istiqamət”ə uzanmış olub. Qərb üçün “ədalət”, “demokratiya”, insan haqları” daha çox öz maraqlarını təmin etmək üçün təsir və təzyiq vasitəsidir. Təəssüf ki, bu gün haqlı ikən haqsız kimi təqdim edilməyə çalışılan Azərbaycanın timsalında hər birimiz ikili standartların, yalan və iftiranın necə müxtəlif adlar altında tirajlanmasının şahidiyik...

Daha sadəsi belədir: Biz beynəlxalq qanunlar çərçivəsində Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücümüzlə, təkbaşına təmin etməklə Cənubi Qafqazda yeni reallıqlar yaratmışıq ki, bu da regionun siyasi mənzərəsini tamamilə dəyişib.

Ancaq rüşvət, şantaj, terror hədəsi kimi ən müxtəlif qanunsuz yollarla beynəlxalq arenada özünə “tərəfdaşlar” qazanmış Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil siyasi kurs yürütməsi bəzi Qərb dövlətlərinin maraqları ilə ziddiyyət təşkil edir. Faktdır ki, başda Fransa və ABŞ olmaqla Almaniya, Niderland, Avstriya kimi ölkələrin, Avropa İttifaqı, Avropa Parlamenti kimi siyasi, UNESCO, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi “humanitar” təşkilatların Ermənistanla Azərbaycan arasında uzun illərdir davam edən münaqişəyə ikili standartlarla yanaşmaları, reallıqları təhrif etmələri bu gün də regionda dinc qonşuluq münasibətlərinin yaranmasına ən böyük maneədir. Ermənistanı silahlandırmağa çalışan Fransanın qəzəbinin də, Niderlandın ədalətsiz yanaşmasının da, Almaniyanın, Avstriyanın “erməni sevgisinin” də kökündə dayanan əsl səbəb məhz, qeyd etdiyimiz kimi, Azərbaycanın sözün bütün mənalarında müstəqilliyinə nail olmasıdır. Yəni, bizim Qərblə heç bir düşmənçiliyimiz yoxdur, onlar isə bizim güclü, müstəqil dövlət kimi heç kimdən asılı olmadan inkişaf yolu ilə irəliləməyimizi həzm edə bilmirlər. 

Bütün qeyd edilənlər fonunda öz Vətənini sevən hər bir azərbaycanlı ölkəmizə qarşı ikili standartlar yürüdərək işğalçı Ermənistana dəstək olmağa çalışan Qərbin siyasətinə qarşı çıxmalıdır. Ancaq başqa vaxt sözdə özlərini “Vətəni, milləti sevən” kimi təqdim edən başda AXCP sədri Əli Kərimli və onun müavini Fuad Qəhrəmanlı olmaqla radikal müxalifətin nümayəndələri hər vasitə ilə Qərbin müdafiəsinə qalxıblar. Elə bir canfəşanlıqla ki, xüsusi missiya yerinə yetirdikləri şübhə doğurmur. Paradoksa fikir verin: Fransanın timsalında Qərb işğalçılıq etdiyinə görə cəzalandırmalı olduğu Ermənistanı əksinə, silahlandırmaqla məşğuldur. Otuz ildən artıq dövrdə bir milyona yaxın qaçqın və məcburi köçkün azərbaycanlının problemini tək bircə dəfə müzakirəyə çıxarmamış Qərb öz istəkləri ilə Qarabağdan Ermənistana köçmüş ermənilər üçün şivən qoparıb, şoular düzəldir. Qərb öz torpaqlarını işğaldan azad etdiyi üçün az qala Azərbaycanı nədəsə günahlandırmağa çalışır, bizə şər, böhtan atır, açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir. Fuad Qəhrəmanlı isə deyir ki, Azərbaycan Qərbə doğru inteqrasiya etməlidir. Sual olunur: Axı niyə? Niyə ölkəmizin əleyhinə siyasət yeridənlərə doğru inteqrasiya etməliyik? Gördüyümüz hansı ədalətə, demokratik dəyərlərə görə?

İndi gəl, bunların Vətən “sevgilərinə”, xəyanətkar olmadıqlarına, sifarişlə hərəkət etmədiklərinə inan...

Mahir Rəsuloğlu, “İki sahil”