31 oktyabr 2023 23:33
544

Könül candan ayrılmadı!

Dünya bildi ki, sən bizimsən!

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Xalq şairimiz  Səməd Vurğunun məşhur misraları məktəbə qədəm qoyduğumuz ilk gündən dilimizin əzbəri olub. İllər keçdi, biz böyüdükcə bu şeirin hər kəlməsinin təkcə şeir kimi dilimizin əzbəri olmadığının, müqəddəs amal kimi canımıza, qanımıza hopduğunun, iliyimizə işlədiyinin şahidi olduq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusu sübuta yetirdi ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Şükür olsun ki, canımızdan olan Qarabağımız illər sonra əzəli-əbədi sahibinə qayıtdı. Şair demişkən, könül candan ayrılmadı…

27 sentyabr qisas günü idi, qalibiyyət uğrunda tarixi Qarabağ torpaqlarının işğaldan azadlığının başlanğıc anı idi.  Biz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində  bu amal uğrunda Zəfər üçün yola çıxdıq.  Yolumuz  keşməkeşli olsa da, biz qorxmadıq, çəkinmədik,  ölümün gözünə dik baxdıq. Qarşımıza məqsəd qoyduq və 44 günlük ölüm-dirim savaşında şanlı Qələbə qazanaraq  tarixə qızıl hərflərlə  “QARABAĞ AZƏRBAYCANDIR!” yazdıq.

 Qarabağımız öz azadlığına qovuşdu, rahat nəfəs aldı. Azərbaycan qəhrəman oğulların şücaəti sayəsində  bütün dünyaya  nəyə qadir olduğunu göstərdi. İllərdir beynəlxalq təşkilatlar tərəfindən heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 gün ərzində öz həqiqətlərini hərbi qüdrətimizlə dünya birliyinə hayqırdı. Vətən, torpaq həsrətli 30 ilin nisgili, ağrı-acısı, kini, nifrəti vulkan olub 44 gündə püskürdü, od-alovu düşməni yandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi.

Müzəffər ordumuzun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı Ermənistan ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. İlk günlərdə bir sıra kəndləri və strateji yüksəklilkəri işğaldan azad edən ordumuz oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzüli, Zəngilan, Qubadlı və noyabrın 8-də Şuşa işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olan 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi azad olundu.

Ard-arda qazanılmış qələbələr, xüsusilə Qarabağın tacı olan Şuşanın düşmən əsarətindən qurtulması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan təmizlədi və bununla da düşmənə son zərbə vurdu. Müqavimət göstərə bilməyən Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana  döyüşsüz qaytarmağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşınyan münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar.

Bu Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.   Torpaq həsrətli xalqımızın əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-dövlət birliyi ölkəmizin qələbəsini təmin edən amillər oldu. Biz, “Ömürdən pay verərlər, Vətəndən pay olmayır” deyən igid oğulların sayəsində Şuşamıza, Qarabağımıza qovuşduq. Yaralı torpaqlarımızda “Yallı” gedən düşmənlərin başını əzdik. İndi bütün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. «Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan mövcud deyil» deyən Qalib Sərkərdəmiz, Prezident İlham Əliyev 44 gün ərzində 30 illik həsrətə son qoymaqla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həm də bu torpaqların azad edilməsi istiqamətində canlarından keçən bütün şəhidlərimizin ruhunu şad etdi. Bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın ərazisi bütövləşdi və qalib xalq olaraq regionda yeni reallıq yaratdı.

Bu gün müdrik dövlət başçısı İlham Əliyevin rəhbərliyi nəticəsində müstəqil Azərbaycan dövləti inkişafının yeni mərhələsinə - İntibah dövrünə qədəm qoyub. Azərbaycan xalqı öz taleyinin sahibidir və Prezident İlham Əliyevin rəhbərliyi ilə  daha böyük uğurlar qazanmaqda israrlıdır. Bizi bu yoldan bir günə döndərə bilməz! Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirmiş, Azərbaycan dövlətinin ən yeni tarixinin Şərəf və Zəfər tarixini yazmışdır! Hər bir azərbaycanlı  öz Prezidenti ilə qürur duyur!

Qarşıdan gələn Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq. Azərbaycan gənci olaraq fəxr edirəm ki, güclü dövlətin, qalib ölkənin vətəndaşıyam. Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm rol oynayır. Tarix göstərir ki, dövlətimizin başçısı gənclərimizin sağlam ruhda, əsl vətənpərvər kimi Vətənə, xalqa  sadiq nəsil olaraq formalaşması üçün yorulmaz fəaliyyət göstərir.

Biz artıq Xankəndidə də üçrəngli Bayrağımızı yüksəltdik. Bu Bayraq bir daha enməyəcək, Qarabağ səmasında qürurla dalğalanacaq! Doğma Qarabağ, sənin qapılarını dünyaya açıb gözəlliklərini hər kəsə nümayiş etdirəcəyik. Sən yenidən bizimlə, öz doğma insanlarınla sevinəcəksən. Artıq səni heç kimə verməyəcəyik. Sən, uğrunda şəhid olanlara laylay çalacaqsan, onların ruhları sənin hər qarışında müsəlləh əsgər kimi dayanıb əbədi keşiyini çəkəcəklər. Onların Şuşa qalasına bayraq kimi sancılanqanlı köynəkləri əbədi olaraq dalğalanacaq və yaddaşımıza həkk olunacaq.  Biz yaşadığımız canlı tarixi yeni nəsillərə ötürəcəyik, dastana çevrilən şəhid oğullarımızı heç vaxt unutmayacağıq. Şuşa qalası məğrur duruşuyla torpaqlarımıza göz dikən hər kəsə meydan oxuyacaq. Pənahəli xanın ruhu dinclik tapacaq, Cıdır düzündə igidlərimiz at çapacaq. Hər gün bu əsrarəngiz diyardan azan səsini, “Qarabağ şikəstəsi”ni dinləyəcəyik və yenidən xoşbəxt günlərimizə qayıdacağıq. Sənin dağlarından güllə səsləri yox, Xan əminin təkrarolunmaz səsi havalanacaq, Natəvanın, Vaqifin şeirləri yüksələcək. Vüqarlı dağlarında əzəmətli bayrağımız əbədi dalğalanacaq. Heç vaxt o Bayrağı enməyə, qəlbimizdəki sevgini sönməyə qoymayacağıq. Çünki sən əcdadımızın ayaq izlərinə sahib müqəddəs məkansan, sən Qarabağsan, sən Azərbaycansan!

Yazımı Abbas Səhhətin “Vətən” şeirindən bu məşhur misraları ilə yekunlaşdırıram…

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim!

Yaqut Ağaşahqızı, “İki sahil”