01 noyabr 2023 01:58
451

Şeytani xislətli Rima Əbdül Mələk

Fransanın mədəniyyat nazirinin Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı əsassız iddiaları absurd olduğu qədər də gülüncdür

Hamımız yaxşı bilirik ki, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransa bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanı dəstəkləyib. Bu ölkənin başçısı Emmanuel Makron beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə məhəl qoymayaraq açıq şəkildə ermənipərəstlik edib.

Azərbaycanın tarixi Qələbəmizlə yekunlaşan qırx dörd günlük Vətən müharibəsindən sonra, bu il sentyabrın19-20-də Qarabağda lokal antiterror tədbirləri keçirirək mülki əhaliyə və infrastruktura zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması və suverenliyini bərpa etməsi rəsmi Parisin anti-Azərbaycan fəaliyyətini daha da gücləndirib. Çox təəssüf ki, sentyabrın 19-20-də həyata keçirilən tədbirlərdən sonra bölgədə hərbi müstəvidə yaranmış sabitliyə Fransa başda olmaqla bəzi Qərb ölkələri və beynəlxalq dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atırlar. Xüsusilə Fransanın Ermənistana silah-sursat verməsi, bir müddət bundan əvvəl bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvandakı çıxışı, sentyabrın 11-də Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsi bir daha göstərir ki, rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. 

Fransa rəsmiləri son vaxtlar daha da irəli gedərək ölkəmiz haqqında həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirməklə bütün sərhədləri aşırlar. Lap əvvəldən erməni separatizmini dəstəkləyən Fransanın müdafiə naziri Sebastyan Lekornyunun bu günlərdəki hərzə-mərzə açıqlamaları, hədyanları, təcavüzkar Ermənistana dəstək bəyanatları bunun əyani təsdiqidir. S. Lekornyu bildirib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. O, həmçinin deyib ki, prezident (E.Makron ) şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, (Makron) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”.

Rəsmi Parisin ölkəmizə qarşı təxribat xarakterli bəyanatları, daha doğrusu sərsəmləmələri davam edir. Belə ki, bu günlərdə Fransanın mədəniyyat naziri Rima Əbdül Mələk Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırışlar edib.

Belə yerdə bu atalar sözü yada düşür: “Adımı sənə qoyum, səni yana-yana qoyum”. Deyəsən fransalı rəsmilər, o cümlədən adına uyğun mələk donuna girmiş R.Ə.Mələk şeytanla müqavilə imzalayıblar. Onların Qarabağla bağlı açıqlamaları, anti-Azərbaycan davranışları belə qənaətə gəlməyə əsas verir. Erməni sevgisiylə alışıb-yanan fransalı mədəniyyət nazirinə bir daha xatırlatmaq istərdik ki, 30 illik işğal dövründə ermənilər tərəfindən Qarabağda və Şərqi Zəngəzurda İslam dininə aid ibadət evləri ya məhv edilib, ya da dağıdılıb, Alban xristian memarlığına məxsus kilsə və monastrlar erməniləşdirilib və dünyaya erməni abidələri kimi təqdim edilib, oradakı sənədlər, arxiv materialları, lövhələr saxtalaşdırılıb. Hətta ermənilər bu yaxınlarda Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi nəticəsində torpaqlarımızı tərk edərkən də dünya ictimaiyyətinin gözü qarşısında məscidləri yandırmaqdan, bölgədəki dini-mədəni abidələri, o cümlədən Alban kilsələrindəki ikonaları və.s talayaraq Ermənistana aparmaqdan belə çəkinməyiblər.

Azərbaycan bugünə qədər Fransa da daxil olmaqla bir çox ölkələrin dini abidələrini bərpa edib. O cümlədən Bakıda Xristianlıağa Yəhudliyə, Buddiazmə aid dini tikililər ki, erməni qriqoryan kilsəsi də qorunub saxlanılır. Hətta 2010-ci il aprelin 26- da bütün ermənilərin katalikosu II Qaregin və onu müşayiət edən din xadimləri kilsəni ziyarət ediblər.

Ölkəmizdə bütün xalqların, o cümlədən erməni xalqının mədəniyyət və dini abidələrinin qorunub saxlanılması multikulturalizm və tolerantlıq siyasətinin bariz nümunəsidir. Artıq otuz ildir ki, Azərbaycanın tarixi, mədəni və dini irsini məhv edən Ermənistandan fərqli olaraq Azərbaycan uzun illərdir ki, belə siyasət modeli nümayiş etdirir. Multikulturalizm təkcə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti deyil, həm də bütün Azərbaycan xalqının həyat tərzidir. Dövlət başçısının qeyd etdiyi kimi: “Qədim zamanlardan tolerantlığı, başqa dinlərə və mədəniyyətlərə hörməti həyat tərzinə çevirən xalqımız bu prosesə mühüm töhfələr vermişdir”.

Yəqin ki, Fransanın mədəniyyət naziri, ermənipərəstliyi qıcqırıb daşan Rima Əbdül Mələk bütün bunları bilməmiş deyil. Ancaq nə edəsən ki, şeytani xislətli R.Mələk kimi fransız nazirlərdən bundan başqa nəsə gözləmək quru, susuz səhradan gül-çiçək istəmək kimi bir şeydir.

Zahid Rza, “İki sahil”