01 noyabr 2023 00:10
477

Ulu Öndərin müdrik gənclər siyasəti bu gün də yaşayır və qalib gəlir

Ulu Öndərimiz Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Təsadüfi deyil ki, Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovet İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. 

Hələ Sovet hakimiyyəti illərində Ümummilli Liderimiz yüzlərlə Azərbaycan gəncinin keçmiş ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi Vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.

Həqiqətən də Ulu Öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi çox vacib vəzifə hesab edirdi. Bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də Onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Ulu Öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildi ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi idi. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə Ümummilli Lider tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu Öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsi idi ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük vəzifələrin dayanmasından danışan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğulamışdı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan Gəncləri Günü” elan edilmişdir.

Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsi idi.

Böyük qürur və fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli Liderimiz Heydər Əliyevin gənclər siyasəti bu gün Onun layiqli davamçısı dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclər bu gün milli dəyərlər üzərində qurulmuş müstəqil Azərbaycanın dövlət quruculuğunda, ərazi bütövlüyünün təmin olunmasında da aparıcı rola sahib olub. Heç təsadüfi deyil ki, müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. 44 günlük Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Vətən müharibəsi başlayan gündən gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə doğulan, böyüyən və istiqamətlənən, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə yetişən, formalaşan gənclər 2016-cı ildə Aprel döyüşlərində, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatında, 2020-ci ildə Tovuz döyüşlərində Ermənistan ordusu barədə yayılan mifi darmadağın etdilər. Bu gənclik 2020-ci il 27 sentyabrda başlayan, Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsində işğalçı dövlətin ordusunu fiziki və mənəvi cəhətdən məğlubiyyətə uğradıb, torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Dillərdə dastan olan, qəhrəmanlığın zirvəsi Şuşa əməliyyatı ordumuzun gücünü və yenilməzliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci ildə Şuşada Cıdır düzündə müraciəti zamanı söylədiyi “Mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı” müdrik fikirləri Ümummilli Liderin 1994-cü ildə çıxışı zamanı uzaqgörənliklə ifadə etdiyi: “Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar. Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm də gələcəkdə cəmiyyətdə öz yerlərini tutacaqlar” məramının təsdiqi idi.

Həqiqətən də bu illər ərzində formalaşan Azərbaycan gəncliyi öz biliyi, savadı, intellektuallığı, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə bağlılığı ilə nümunə olmuşdur. Əminəm ki, bu tendensiya bundan sonra da cənab Prezidentimizin rəhbərliyi ilə davam edəcək, Azərbaycan gəncliyi dövlətimizi neçə-neçə zəfərlər qazandıracaq, ölkəmizin uğurlarının əsas təməlllərindən olacaqdır. Heç şübhəsiz gənclərin bundan sonra da vətənpərvər, dövlətə və xalqa bağlı olmalarına böyük haqları var. Çünki 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbəmiz, eyni zamanda, şəhidlərimizin, qazilərimizin öz canları, qanları və sağlamlıqları hesabına xalqımıza bəxş etdikləri qürur hissi bizə bunu deməyə əsas verir. Qeyd etdiklərim hesabına bizlər artıq başıdik, üzüağ və alnıaçıq şəkildə müzəffər xalq, qalib xalq kimi yaşayırıq.

Qeyd etmək lazımdır ki, Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək təşəbbüskarlıq göstərirlər. Onlara göstərilən inam və etimadı dəyərləndirmək üçün fəallıq nümayiş etdirir, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün Azərbaycan gəncləri yalnız ölkə səviyyəsində deyil, regional və beynəlxalq arenada da mühüm layihələr həyata keçirir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında, beynəlxalq miqyasda ölkəmizi uğurla təmsil edilmsində, eyni zamanda, ölkənin ictimai-siyasi və iqtisadi həyatında gənclərimizin rolu təqdirəlayiqdir.

Bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün bir yumruq ətrafında birləşməli, birliyimizin və həmrəyliyimizin əbədi olması üçün yorulmadan fəaliyyət göstərməlidirlər.

İlqar Quliyev,
YAP Gənclər Birliyinin üzvü,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekan müavini