31 oktyabr 2023 23:58
343

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında etibarlı əməkdaşlıq

Məlumdur ki, oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilmişdir və Prezident cənab İlham Əliyev son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyacın olduğuna diqqət çəkdi. Məlum olduğu kimi Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Azərbaycan neft və qazına hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi ölkəmiz neft və qazı müxtəlif istiqamətlərə ixrac edir. Azərbaycanın bu istiqamətdə əsas məqsədi daha geniş regionun enerji təhlükəsizliyinə əlavə  töhfə verməkdir. Odur ki, əsas daşıma infrastrukturu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəməri vaxtında istismara verilib.

Dövlətimizin inkişafının bu yeni mərhələsində Azərbaycan enerji siyasəti sahəsində qarşıya yeni hədəflər qoymuşdur. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Cənab Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəziliyi sahəsində əldə etdiyi nailiyyətlər və qarşımıza qoyduğumuz yeni inkişaf istiqamətləri ilə bağlı geniş məlumat vermişdir. Azərbaycanda enerji təhlükəsizliyi artıq tam təmin olunmuşdur. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.  Enerji təhlükəziliyi sahəsində qarşımızda duran əsas hədəflərdən biri bərpaolunan enerji mənbələrindən istifadədir. Qaradağ Günəş Elektrik Stansiyasının inşasının müvəffəqiyyətlə başa çataraq fəaliyyətə başlaması bu hədəflərin uğurla həyata keçirildiyinin göstəricisidir.

Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqla hazırda neft, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınır və nüfuz qazanır. Sözügedən açılış mərasimində “Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik və qeyd etdiyim kimi, dövlət proqramı icra olunur. Biz hər şeyi vaxtında edəcəyik. Biz artıq maliyyə resursları ayırmışıq ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bərpa olunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda  üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib. Bu ilin sonuna kimi bu rəqəm  270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaq.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi effektiv siyasət və siyasi iradəsi, eləcə də cəmiyyətdəki birlik bütün hədəflərə nail olmaq üçün zəmin yaradır. Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi də buna bariz nümunədir. Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsi əlamətdar nailiyyətdir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında imzalanmış müqavilələrə əsasən Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda Günəş elektrik stansiyaları, həmçinin Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi stansiyası yaradılacaqdır.  Nəticədə isə 1 qiqavat bərpaolunan enerji istehsalı mümkün olacaqdır. Bir sözlə, Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib. Bütün bunlar isə Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı