31 oktyabr 2023 11:10
543

Effektiv siyasətin strateji resursu

Müasir dünyada enerjiyə duyulan tələbat günü-gündən artmaqdadır. Bu bir çox amillərlə bağlıdır. Belə ki, dünya dövlətlərinin iqtisadiyyatı daha da genişlənir və istehsal durmadan artır. Dünya əhalisinin sayının artması daha çox istehlak məhsullarının istehsalını zəruri edir. İstehsalın təşkili isə bilavasitə enerji təminatı ilə bağlıdır. Bütün bunlardan aydın olur ki, hal-hazırda enerji təminatı çox önəmli geostrateji amildir. Nəzərə alsaq ki, müasir dövrdə yaşadığımız Yer planetinin ekologiyası ciddi təhlükələrlə üz-üzədir, onda ekoloji cəhətdən daha təmiz olan Yaşıl Enerji istehsalı olduqca aktuallaşır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qurulmuş Azərbaycan Respublikasının enerji siyasəti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilir. Ölkə başçımızın yürütdüyü ardıcıl, məqsədyönlü və uzaqgörən siyasət sayəsində Azərbaycan Respublikası Avropanın mühüm enerji təchizatçısına çevrilməkdədir. Nəticədə ölkəmizin beynəlxalq aləmdə təkcə iqtisadi deyil, həm də siyasi çəkisi xeyli artır.  Azərbaycan Respublikasının enerji resurslarının Avropa ölkələrinə nəqli təkcə iqtisadi, kommersiya məsələsi deyil, bu həm də siyasi məsələdir və xarici siyasətimizin uğurlarına müsbət töhvələr verən amildir, effektiv siyasətin strateji resursudur. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə neft, qaz resurslarına malik deyil, ölkəmiz bununla yanaşı nəhəng bərpaolunan enerji potensialına da malikdir.

Azərbaycan Respublikasının iqtisadi baxımdan daha da güclənməsi üçün yorulmadan çalışan Cənab İlham Əliyev ölkəmizdə Yaşıl Enerji istehsılının artırılmasını daim diqqətdə saxlayır. Bu sahə üzrə yeni istehsal obyektləri yaradılır. Dövlət başçımızın 26 oktyabr 2023-cü il tarixində 230MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışı önəmli açıqlamalarla yadda qaldı. Cənab İlham Əliyev bildirdi ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Məqsədimiz daha geniş regionun enerji təhlükəsizliyinə əlavə bir töhfə verməkdən ibarətdir.

Azərbaycan  Respublikası dünyanın müxtəlif ölkələri ilə enerji sahəsində qurduğu əməkdaşlığın bəhrələrini artıq görür. Unutmaq lazım deyil ki, müasir dövrdə enerji təhlükəsizliyi məsələləri həddən artıq aktuallaşmışdır. Sözsüz ki, Azərbaycan Respublikası istənilən ölkə üçün etibarlı və gələcək perspektivlər vəd edən bir tərəfdaşdır. Belə etibarlı tərəfdaşla qarşılıqlı faydalı əməkdaşlıq istənilən  dövlətin və ya şirkətin marağında olan məsələdir.

Dövlət başçımız Cənab İlham Əliyevin yaxından iştirak etdiyi tədbirdə “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energu Company - Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində, Biləsuvar rayonunda Günəş elektrik stansiyası, həmçinin Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqavilələri” imzalandı.  Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən atılan bütün addımlar bir məqsədə - Azərbaycan dövlətinin daha da güclü olmasına, iqtisadi inkişafımıza və hər bir Azərbaycan vətəndaşı üçün firavan həyatın təmin olunmasına yönəlmişdir.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi