31 oktyabr 2023 10:55
316

Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artır

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz, elektrik enerjisi ixracatçısına çevrilib. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə Azərbaycan amilinə xüsusi önəm verilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edilir.

 “Əsrin müqaviləsi” Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. Dünyaya «açıq qapı» siyasəti həyata keçirən Azərbaycan ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarına qapılarını açdı, onların qoyacaqları investisiyaların təhlükəsizliyinin təmin olunacağını bəyan etdi. Bu baxımdan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən onun yalnız iqtisadi deyil, siyasi tərəfi də xüsusi önəm daşıyır. Müstəqillik yollarında ilk addımlarını atan ölkə üçün onun beynəlxalq aləmdə tanıtımı və mövqeyini möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi.Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdimatında və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rola malik olan “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması neft strategiyasının yeni mərhələsinin əsasını qoydu. Bu müqavilə müasir Azərbaycanın tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ümumi daxili məhsulun artımı, yeni iş yerlərinin yaradılması və sosial rifahın yaxşılaşdırılması kimi dəyərləndirildi. Azərbaycanın iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Bu onu göstərir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır.

Ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olması da əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində öz sözünü deyir. Oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı bütün bu məqamlara işıq saldı. Bu stansiya Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Prezident İlham Əliyevin mərasimdəki çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini təsdiqləyir. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalandı. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdi.  Oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında imzalanan üç investisiya sazişi də əməkdaşlığın gələcəyi barədə aydın təsəvvür yaradır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.

Dövlət başçısı İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir açılış mərasimindəki çıxışlarında bu mühüm layihənin perspektivlərindən geniş bəhs etdilər. Ölkəmizlə əməkdaşlığa verilən önəm səsləndirilən hər bir fikirdə özünün aydın ifadəsini tapdı. Təbii ki, Azərbaycanın böyük etimada nail olmasında yürütdüyü siyasət mühüm rol oynayır. Hər bir ölkənin tərəqqisində iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycanın bu sahədə təcrübəsi təqdir edilir. Reallıq budur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur gətirməmişdir. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi davamlı uğurlarında öz sözünü deyir. Neft gəlirlərinin düzgün istiqmətləndirilməsi həm ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayan sosial-iqtisadi layihələrin reallığa çevrilməsində, həm də dövlət büdcəmizə böyük məbləğdə vəsaitlərin toplanmasına geniş imkanlar yaradır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan böyük investisiyalar məkanıdır. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artır.

Bütün bu uğurlar, Azərbaycana olan inam və etimad düşünülmüş siyasətin nəticəsidir. Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi, Azərbaycanı daim zirvələrdə görmək istəyi bu günümüzə və gələcəyə xidmət edən inkişaf strategiyasının işlənib hazırlanmasında öz sözünü dedi. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri