30 oktyabr 2023 23:57
354

Ölkəmizə binoklla baxan xanım nazirə bəzi xatırlatmalar

Kanadanın ölkəmizi entik dözümsüzlükdə ittiham etməsi siyasi mənəviyyatsızlıqdır

Bu gün güclü və qalib Azərbaycan dostları nə qədər sevindrirsə, düşmənləri də o qədər məyus edir. Xüsusilə rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi işğalçı Ermənistanın havadarlarının kabusuna çevrilib.  Hətta bəzi islamofobiya ölkələri məntiqsiz və qərəzli addımları ilə daha da irəli gedərək Ermənistanı revanşizmə məcbur edərək Cənubi Qafqazı müharibəyə sürükləmək istəyirlər.

Təbii ki bu kimi ölkələrin önündə gedənlərdən birincisi Fransadırsa, ikincisi Kanadadır. Qeyd edək ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna oktyabrın 3-də Ermənistana səfər edərək ölkəmiz haqqında qərəzli bəyanatlar vermişdi. Hətta bunula ürəyi soyumayaraq ölkəmizlə sərhəddə gələrək buradanda qərəzli çıxışlar etmişdi. Ötən həftə isə Kanadanın xarici işlər naziri Melani Coli də Ermənistana səfər edərək Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta Bakını sanksiyalarla hədələyib. Burada deyirlər ki, meşədə çaqqalın biri az idi ikincisi də gəldi… Hətta bu xanım Melani Çoli də İrəvanda qərar tuta bilməyib Azərbaycan- Ermənistan sərhədinə gələrək oradan  Azərbaycan ərazisini binoklla müşahidə edib. Bu, bir daha göstərir ki,  ölkəmizə xor baxanlar, ədalətsiz və qərəzli yanaşanlar torpaqlarımıza bundan sonra adi gözlə deyil, binoklla , həm də həsədlə baxacaqlar.    

Burada haqlı suallar yaranır: Görəsən bu nazir xanım ermənilərin Qarabağ və Şəriqi Zəngəzur iqtsadi rayonlarındakı vandallıqları nəticəsində dağıdılmış Azərbaycan şəhər və kəndlərini də görübmü? Yoxsa onu da görməyə binokl lazımdır? Təbii ki, belə qərəzli ölkələrin gözlərinə deyil, vicdanlarına binokl lazımdır ki, həqiqətləri olduğu kimi, qərəzdən uzaq, təmiz vicdanla görə bilsinlər…

Təbii ki, Kanada xarici işlər nazirinin Azərbaycanı «deportasiya»da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir. Eyni zamanda nazirin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu da göstərir. 

Bu xanım nazirin Azərbaycanı sanksiyalarla hədələməsi gülüncdür. Ona görə ki, Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan forpost ölkədir. Hamıya məlumdur ki, Kanada sözdə müstəqil olsa da burada ABŞ-ın hegemonluğu həmişə aydın şəkildə hiss edilib. Bu ölkənin vəzifəsi Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz yerinə yetirməkdir. Hətta siyasi şərhçilər iddia edirlər ki, Kanada ilə Amerikanın hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin…

Bundan başqa, Kanadanın tarixinə nəzər salanda məlum olur ki, bu ölkə də Fransa kimi soyqırımlara görə tarixin üz qarasına çevrilib. Yəni aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək ən axırıncı  dövlətdir.

Bu ölkənin qara və ləkəli tarixində 1840-cı ildə yerli hindu uşaqları üçün açılan internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi faktları möacuddur. Həmin internat məktəblərində 150 mindən çox yerli uşaq saxlanılıb. Hətta bəzi uşaqlar üzərində tibbi təcrübələr də aparılıb. Bütün bu vəhşiliklərin fonunda Kanada rəsmilərinin ölkəmizi  etnik dözümsüzlükdə ittiham etməsi isə tam olaraq siyasi əxlaqsızlıq və mənəviyyatsızlıqdır. Ancaq onlardan fərqli olaraq Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Bu gün multikultural dəyərlərə sadiqlik, digər xalqların inanc və mədəniyyətinə hörmət və ehtiram, eyni zamanda, tolerantlıq xalqımızın davamlı həyat tərzidir.

Bu da bir anormallıqdır ki, okeanın o tayında yerləşən bir ölkənin Cənub Qafqazda baş verən hadisələrə bu şəkildə aktiv və qərəzli münasibəti nə iqtisadi, nə də siyasi baxımdan məntiqə uyğun deyil. 30 il ərzində Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyü haqqına göz yuman rəsmi Ottavanın indi öz istəyi ilə Qarabağdan Ermənistana köçən ermənilərə matəm saxlamasının  arxasında heç şübhəsiz humanizm və  insani dəyərlər yox, anti-Azərbaycan maraqları dayanır.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ordumuzun qardaş Türkiyənin bizə verdiyi «Bayrakdar»lardan peşəkarcasına istifadəsi bizə döyüş üstünlüyü qazandırmışdı. Məhz bunu qısqanan Kanada hökuməti  «Bayraqdar»ların bəzi hissələrinin Türkiyəyə ixracına qadağa qoymuşdu. Bu, bir daha göstərdi ki,  Kanada Qafqazda baş verən hadisələrə beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipləri əsasında deyil, erməni lobbisinin maraqlarına uyğun davranır. Həmin dövrdə Kanada başda olmaqla bir çox ermənipərəst dairələrin niyyəti boşa çıxdı və ordumuz Ermənistanı ağır məğlubiyyətə uğratdı. Onun ardınca, yəni 3 il sonra isə Xankəndidə, Ağdərədə, Xocalıda dalğalanan üçrəngli bayrağımız təkcə Ermənistanın deyil, həm də Fransa və Kanada kimi ermənipərəst ölkələrin də dizini yerə gətirdi.

Bundan başqa, nazir xanımının sərsəmləmələri bir daha sübut edir ki,  o, hətta ən  bəsit coğrafi məlutlara malik deyil. Məlumatlı olsaydı ölkəmizin coğrafi və geosiyasi əhəmiyyətini anlamış olardı.

Çünki bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran isə qətiyyən təyyyarə yükü deyildir. Belə olan halda bu ölkə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya apara öilər.  Hazırkı geosiyasi duruma görə rəsmi Pekinin buna razılıq verməsi mümkün deyil. Demək Kanada bu məsələdə Azərbaycandan asılıdır.

Elçin Zaman, «İki sahil»