31 oktyabr 2023 01:57
341

Azərbaycan bir daha İslam həmrəyliyinə öz sadiqliyini nümayiş etdirdi

Görünən odur ki, Yaxın Şərqdə hazırda yaranan gərgin vəziyyyətin fonunda indi bəşəriyyət Üçüncü Dünya müharibəsi  ilə üzləşmək təhlükəsi qarşısında qalıb. Bu prosesdə superdövlətlər öz canfəşanlıqları ilə fərqlənirlər. Məsələn, ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, bununla da münaqişəni nizamlamaq əvəzinə qızışdırır. Öz məkrli niyyətləri ilə ad çıxarmış Fransa tərəfləri sülhə çağırmaq əvəzinə HƏMAS-a qarşı koalisiya ideyası irəli sürür. Yəni, Fransa Prezidenti Makron klassik səlibçi konsepsiyasından çıxış edir, problemə səlibçi təfəkkürü ilə yanaşır. Yeri gəlmişkən, hər gün Qəzzada ağır və aramsız aviazərbələr altında həlak olan yüzlərlə günahsız insanın faciəsi, Qərbi, o cümlədən Makron Fransasını qətiyyən düşündürmür. Sanki belə də olmalı imiş.

 Rusiya da Suriyadakı hərbi-dəniz bazası ilə oradadır. Çin bölgəyə 6 hərbi gəmi göndərmək barədə qərar qəbul edib. Bütün bunlar Üçüncü Dünya müharibəsi riskini daha da artırır.  Bu acınacaqlı vəziyyəti nəzərə alan BMT Baş Assambleyası Qəzzada davam edən böhranla bağlı “Mülki əhalinin müdafiəsi və hüquqi və humanitar öhdəliklərə riayət edilməsi haqqında” adlı qətnamə qəbul edib. Layihənin lehinə 120, əleyhinə 14 ölkə səs verib, 45 ölkə bitərəf qalıb. 
Rəsmi Bakı da layihəni dəstəkləyib. Bununla da Azərbaycan bir daha İslam həmrəyliyinə öz sadiqliyini nümayiş etdirib, İslam dünyasının yanında olduğunu açıq göstərib və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara layiqli cavabını verib.

Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə  bağlı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında bildirib ki, münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində səylərini əsirgəməyən Azərbaycan fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu problemə xüsusi diqqət yetirdiyini, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini də bildirib. Nazir Ceyhun Bayramov bundan sonra da ölkəmizin İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərini davam etdirəcəyini bildirib.
Bəli, müstəqil siyasət yeridən Azərbaycan belə bir mürəkkəb şəraitdə də öz haqq səsini ucaldıb və İslam ölkələrinin birliyinə, həmrəyliyinə növbəti töhfəsini verib və verməkdə davam edir. Şübhəsiz, bu, həm də rəsmi Bakının İslami dəyərlərə bağlı ölkə olmasının növbəti təzahürüdür. Bu, həm də Azərbaycanın dünyada sülhə, əmin-amanlığa hədəflənmiş siyasət həyata keçirdiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı, ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib. Elə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, həmçinin İslami dəyərlərlə bağlı müxtəlif mövzuda beynəlxalq tədbirlərin təşkil edilməsi də Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradənin ifadəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”