30 oktyabr 2023 12:46
518

Cənubi Qafqazda sülh və sabitlik ölkələrimiz üçün vacibdir - Aydın Hüseynov

“Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olması və həm də davamlı inkişafı üçün Azərbaycan var gücünü sərf edib və bu gün də proses cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bütün bunlara baxmayaraq 30 ilə yaxın Azərbaycanın 20 faiz ərazilərini işğalda saxlayan, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan, bütün bunlara baxmayaraq Azərbaycanın sülhə dəvət etdiyi Ermənistan hələ də təxribatçı əməllərini davam etdirir, imzalanan sənədləri təhrif edir. Bu da yekunda regionda çoxdan gözlənilən sülhə əngəl törədir. Bütün bunlar barəsində Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfəri çərçivəsində ölkənin hökumət başçısı ilə keçirdiyi birgə mətbuat konfransında da  öz mövqeyini açıqladı. Cənubi Qafqazda sülh və sabitlik ölkələrimiz üçün vacibdir. Artıq sülhün vaxtıdır”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Azərbaycanla Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib: “Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edib və bu gün Ermənistanla sülh müqaviləsi imzalamağa çalışır. Əgər buna nail olunsa Cənubi Qafqazda tamamilə yeni bir siyasi mənzərə yaranacaq. Beləliklə, Cənubi Qafqaz ölkələri uğurlu əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. Azərbaycan regionun problemlərinin region çərçivəsində həllinə tərəfdardır. Kənar qüvvələrin, qeyri-regional ölkələrin öz maraqlarından çıxış edərək proseslərə müdaxiləsi yolverilməzdir. Bu, yalnız sülh və sabitliyi ləngidir, yeni müharibələrin, toqquşmaların baş verməsini sürətləndirir. Azərbaycanın təklif etdiyi kimi, Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılması bölgənin inkişafına xidmət edəcək. Azərbaycanla Gürcüstan strateji tərəfdaş ölkələrdir, xalqlarımız arasında ənənəvi dostluq davam edir və Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq getdikcə daha çox şaxələnir. Bu il ticarətimizin həcmi 15 faiz artıb. Dəmir yolları sahəsində də əməkdaşlıq uğurla davam edir. Orta Dəhliz layihəsinin inkişaf perspektivləri nəzərdən keçirilir. Orta Asiyadan gələn yüklərin bu xəttə qoşulacağını nəzərə alsaq, iki ölkənin iqtisadi və siyasi bağları bundan sonra daha da möhkəmlənəcək”.