28 oktyabr 2023 09:36
213

BƏƏ ilə Azərbaycan arasinda dostluq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək

Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.
Düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. 
Azərbaycanda çox gözəl investisiya iqlimi var. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir.
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətlər var. Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.  İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur. 2001-ci ildə səfirliyimizin bu ölkədə təsis edilməsindən sonra inkişaf etməyə başlayıb. Qısa müddət ərzində bir sıra qarşılıqlı səfərlər təşkil edilib, əlaqələrin ilkin olaraq inkişaf etdirilməsi üçün müxtəlif sahələri əhatə edən müvafiq sənədlər imzalanıb.
2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. “Masdar” şirkəti bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

Artıq bu il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Ölkə rəhbəri öz çıxışında qeyd edib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var. Bu gün bu əməkdaşlıq sayəsində çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasimi keçirilib.

İki lider iki dost ölkə arasındakı əməkdaşlıq gələcəkdə daha da genişlənməyi məqsədəuyğun hesab olunur. Bu, investisiya tərəfdaşlığı, ticarət, turist və mədəniyyət mübadiləsi, həmçinin qarşılıqlı turizmin inkişafına öz töhfələrini vermək və s. məsələləri özündə ehtiva edir. Ölkələr arasında sənaye, energetika, kənd təsərrüfatı, kommunikasiya və yüksək texnologiyalar, həmçinin nəqliyyat, ticarət, investisiya, turizm, yeni hava yolu xətləri, əqli mülkiyyət hüququ, təhsil və mədəniyyət üzrə olan əməkdaşlığın genişlənəcəyi gözlənilir.
Beləliklə, bütün bunlar onu göstərir ki,  BƏƏ ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, yeni layihələrin olacağı üçün geniş potensial mövcuddur.

Şəhla Rəhimova
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü