29 oktyabr 2023 16:21
427

Azərbaycan-Türkiyə: Əbədi iki sevdalı

Jalə Əliyeva,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini,
filologiya elmləri doktoru, professor

Tarixini, keçmişini yaşatmağı bacaran xalqlar tarix səhnəsindən heç vaxt silinmirlər. Müxtəlif rejimlərin gətirdiyi qadağalar, qoyduğu tabular, verdiyi fərmanlar xalqa öz qan yaddaşını unutdura bilmirsə, deməli, bu xalq, həqiqətən əbədiyaşar xalqdır.

Azərbaycan türkü öz Kəbəsi olaraq bildiyi Türkiyəsindən təqribən bir əsr ayrı qaldı. Ancaq nə dilini unutdu, nə dinini, nə də mədəniyyətini. Qardaş ölkədə gedən bütün siyasi prosesləri, baş verən bütün hadisələri, yaranan yeni ədəbiyyatı, yazılan yeni əsərləri - hər şeyi min bir çətinliklə də olsa, izlədi, tapdı, oxudu, öyrəndi.

Uşaqlığımdan bəri evimizin əşyaları, bəzək-düzəkləri içərisində bir guşə hər zaman diqqətimi çəkirdi. Nələr var idi bu guşədə! Türkiyə bayrağı, Atatürkün portreti, Topqapı, Dolmabahçe saraylarının, Boğazın, Asma köprünün görüntüləri, Türk fəsi, Türk sazı və bir də Türkün şanlı tarixini, coğrafiyasını, ədəbiyyatını anladan saysız-hesabsız kitablar. Türk sözünün yasaq olduğu dönəmlərdə bu guşəni mərhum anam, müasir Azərbaycan poeziyasına silinməz imzasını atan Nurəngiz Gün öz əlləriylə hazırlamışdı. Və tam anlamıyla Türkiyənin bir parçasını evimizə köçürmüşdü sanki anam. Əlimiz çatmayan, ünümüz yetməyən məmləkətin havasını alırdıq sanki bütün gün bu mənzərələrdən. Sonra oturub gecənin yarısını gözləyirdik. Güc-bəla ilə radioda Türkiyə dalğasını ayarlayaraq az qala qulaqlarımızla radionun içinə girib (çünki dalğa məqsədli olaraq batırılırdı) Türkiyə radiosunun xəbərlərini, sonra da gözəlim türkülərini dinləyirdik. Gecənin bir yarısı, deyəsən, sovet xüsusi xidmət orqanları ya yorulurdular, ya yuxu tuturdu onları, bəlkə də, Allah ürəklərinə insaf salırdı və radio dalğasını azad buraxırdılar. Nəhayətində, Türkiyəni doya-doya dinləyən ruhumuz rahatlıq tapırdı.

Əlbəttə, bu anlatdıqlarım böyük həsrətin və qovuşmaq arzusunun çox kiçik, adda-budda parçalarıdır. Yaşananları bir neçə sətirə sığdırmaq mümkün deyil. Zatən həsrət və sevgi anladılmaz, yaşanır.

Şükürlər olsun ki, bütün bunlar arxada qaldı. Və tarixin inkaredilməz həqiqətləri öz sözünü dedi. Böyük Mustafa Kamal Paşa Atatürkün bundan bir əsr əvvəl söylədiyi “Bu gün Sovyetler Birliği dostumuzdur. Bu dostluğa ihtiyacımız vardır. Fakat yarın ne olacağını kimse bu günden kestiremez. Tıpkı Osmanlı gibi, tıpkı Avusturya-Macaristan gibi, parçalanabilir, ufalanabilir. Dünya yeni bir dengeye ulaşabilir. İşte o zaman Türkiye ne yapacağını bilmelidir. Bizim bu dostluğun idaresinde dili bir, inancı bir, özü bir kardeşlerimiz vardır. Onlara sahip çıkmaya hazır olmalıyız. Hazır olmak yalnız o günü susup beklemek değildir. Hazırlanmak lazımdır. Milletler buna nasıl hazırlanır? Manevi köprüleri sağlamlatarak. Dil bir köprüdür. Tarih bir köprüdür. Köklerimize inmeli ve olayların böldüyü tarihimizin içinde bütünleşmeliyiz. Onların bize yaklaşmasını bekleyemeyiz. Bizim onlara yaklaşmamız gereklidir”, ifadələri gerçək oldu. Dəmir pərdənin pəncəsindən qurtulan Azərbaycan arxasında qardaş Türkiyəni buldu.

Tarix yalan sevmir və ləkə götürmür

Müxtəlif rejimlərin hakim ideologiyalarının uydurduğu saxta tarixlər bir gün mütləq yox olur. Biz hamımız yaxın tariximizdə bunun şahidi olduq. 20-ci yüzilliyin çalxantıları, baş verən kataklizmlər gerçək tariximizə kölgə sala bilmədi. Eləcə də saxta təbliğat maşınlarının yazdırdığı, yalan, uydurma, saxta tarix nağılları da güclü zəkaların həqiqətinin işığında əriyib getdi. Məhz o güclü zəkaların daşıyıcıları sayəsində ilahi ədalət qalib gəldi və iki qardaş, iki sirdaş, iki doğma ölkə - Azərbaycan və Türkiyə yenidən qovuşdu.

Böyük alman filosofu Karneyl Tomas deyib ki, “yer üzündə elə oğullar var ki, xalqlar onun şöhrəti arxasında gizlənib və belə oğulların sayı çox deyil”. Dünyada sayı çox olmayan oğullardan birini - Mustafa Kamal Paşa Atatürkü Tanrı Türkiyəyə, Heydər Əlirza oğlu Əliyevi isə Azərbaycana bəxş etdi. Və bu iki böyük isim bir əsrdə iki dəfə - biri ötən əsrin başlarında, digəri isə ötən əsrin sonlarında ölkəsini və xalqını tarix səhifəsindən yox olmaq, məhv olmaq təhlükəsindən qurtararaq, yeni bir dünya qurdular və milyonların Atasına çevrildilər.

Hər iki lider öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməmələri ilə sübut etdi ki, onların varlığı, sadəcə, cismanilikdən ibarət deyil. Hər iki lider milli dövlətçiliyi və milli birliyi qorumaq naminə böyük bir yola çıxdı, çiyinlərini son dərəcə ağır bir yükün altına verdi. Çətinliklərə, maneələrə, iç və dış savaşlara, çevriliş cəhdlərinə mətinliklə sinə gərərək, Tanrının onlara bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam, siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəl keyfiyyətlərindən məharətlə bəhrələnərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardılar.

Mustafa Kamal Atatürk ötən əsrin başlarında dedi ki, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Ulu öndər Heydər Əliyev isə ötən əsrin sonlarında, 1994-cü ilin 9 fevralında qardaş ölkəyə ilk rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisindəki tarixi çıxışı zamanı dedi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Sonralar dillər əzbəri olan bu sözlər iki ölkənin strateji tərəfdaşlığının əbədi tərifini verən bir bəyanat kimi səsləndi və ölkələrimizin qardaşlıq münasibətlərinin yolgöstərəninə çevrildi.

Hər iki liderin ancaq liderlərə xas böyük bir dəqiqliklə və ustalıqla dilə gətirdikləri ifadələrin həqiqətini hər ötən gün daha dərindən anlayırıq.

Bəli, istər Heydər Əliyev, istər Atatürk öz xalqına bir Türk oğlu Türk kimi xidmət etdilər, həm də fədakarcasına xidmət etdilər. Heçdən var yaratdılar, qüdrətli iki dövlət qurdular. Bu fədakarlığın, bu əvəzsiz xidmətin bəhrəsini bu gün doya-doya dadırıq. Bu gün dünyanın ayaqları üzərində möhkəm dayanan, inkişaf edən, azad, güclü, qüdrətli iki ölkəsinin vətəndaşı olmaqdan, iki dövlət, tək millət olmaqdan qürur duyuruq. Bu qürur üçün böyük Atatürkə və Ulu öndər Heydər Əliyevə, onların ideyalarına borcluyuq. Və bu borcumuzu onların tarixi və mənəvi irsinə sahib çıxmağı bacarmaqla, bu irsi bəd dillərdən, pis niyyətlərdən qorumağı bacarmaqla, onların bizlərə ərmağan etdikləri bu iki cənnət məmləkətə əl və dil uzadanlara yerini göstərməyi bacarmaqla ödəyə bilərik. Yalnız o zaman əbədiyyən tək millət, iki dövlət olmağın qürurunu yaşaya bilərik.

Bu gün Azərbaycan və Türkiyə bölgədə və dünyada ən yaxın dost, qardaş, sirdaş, strateji müttəfiqdir. Türkiyənin marağı Azərbaycanın marağıdır, Azərbaycanın marağı Türkiyənin marağıdır. Bu gün hər iki ölkə həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan ilə Türkiyə əl-ələ verməmiş olsun. Bu gün ölkələrimizdə, bölgədə və dünyada baş verən hər bir hadisə, meydana gələn hər bir gəlişmə istər Türkiyə, istər Azərbaycan üçün eyni dərəcədə əhəmiyyətlidir.

Hər iki ölkənin prezidentlərinin - Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında Azərbaycan-Türkiyə əlaqələrinin dünənini, bu gününü və gələcəyini ehtiva edən dostluq və qardaşlıq əlaqələri, çoxsaylı səfərlər, strateji müttəfiqlik, imzalanan anlaşmalar, ən əsası 30 illik ədalətli mübarizəmizdə və 44 günlük şanlı müharibəmizdə hər an Türkiyənin yanımızda olması, eyni zamanda Azərbaycanın da beynəlxalq müstəvidə qardaş ölkəylə eyni mövqedə durması, birlikdə kədərlənib, birlikdə sevinməyimiz birliyin və bərabərliyin izaha ehtiyacı olmayan ən üstün nümunəsi, ən yüksək zirvəsidir.

Türkiyəmizin 100-cü ildönümü günündə

bu birlik və bərabərliyin əbədiyyən bizlərin olması diləklərimi bildirərək yazımın sonunu bir şeirlə bitirmək istəyirəm. Əslində bu bir aşiqin öz sevdiyinə yazdığı şeirdir. Yəni parça iki sevdalını anladır. Bu parçanı çox sevirəm. Və hər oxuduğumda gözlərimin önündə iki sevdalı olaraq - Azərbaycan və Türkiyə canlanır.

Bir bulağın iki gözü -

biri sənsən, biri mən,

Bir almanın iki üzü -

o həm sənsən, həm də mən,

Qoşa simin titrəməsi -

biri sənsən, biri mən,

Bir pərdənin iki səsi -

o həm sənsən, həm də mən,

Bu həyat da iki rəngdir -

biri sənsən, biri mən,

Sevinc kimdir, kədər kimdir -

o həm sənsən, həm də mən.

Bu dünyaya biz gələni

həm qəmik, həm də sevinc,

Sən məndəsən, mən səndəyəm,

biri sənsən, biri mən.