29 oktyabr 2023 14:12
464

Azərbaycan bir daha İslam həmrəyliyinə öz sadiqliyini nümayiş etdirib - ŞƏRH

Bəzi siyasətçilərin fikrincə, Yaxın Şərqdə hazırda yaranan vəziyyyət fonunda indi bəşəriyyət Üçüncü Dünya müharibəsi  ilə üzləşmək təhlükəsi qarşısında qalıb. Bu prosesdə superdövlətlər öz canfəşanlıqları ilə fərqlənir. Məsələn, ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, bununla da münaqişəni nizamlamaq əvəzinə qızışdırır. Fransa da tərəfləri sülhə çağırmaq əvəzinə HƏMAS-a qarşı koalisiya ideyası irəli sürür. Makron klassik səlibçi konsepsiyasından çıxış edir, problemə səlibçi təfəkkürü ilə yanaşır. Yeri gəlmişkən, hər gün Qəzzada ağır və aramsız aviazərbələr altında həlak olan yüzlərlə günahsız insanın faciəsi  Makron Fransasını qətiyyən düşündürmür.

Qeyd edək ki, Rusiya Suriyadakı hərbi-dəniz bazası ilə oradadır. Çin bölgəyaə 6 hərbi gəmi göndərmək barədə qərar qəbul edib. Bu isə Üçüncü Dünya müharibəsi riskini artırı.  Bu acınacaqlı vəziyyəti nəzərə alan BMT Baş Assambleyası Qəzzada davam edən böhranla bağlı “Mülki əhalinin müdafiəsi və hüquqi və humanitar öhdəliklərə riayət edilməsi haqqında” qətnamə qəbul edib. Layihənin lehinə 120, əleyhinə 14 ölkə səs verib, 45 ölkə bitərəf qalıb. 
Rəsmi Bakı da layihəni dəstəkləyib. Bununla da Azərbaycan bir daha İslam həmrəyliyinə öz sadiqliyini nümayiş etdirib, İslam dünyasının yanında olduğunu açıq göstərib və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara layiqli cavabını verib. 

Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında bildirib ki, münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində səylərini əsirgəməyən Azərbaycan fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verib.

Bəli, müstəqil siyasət yeridən Azərbaycan belə bir mürəkkəb şəraitdə də öz haqq səsinin ucaldıb və İslam ölkələrinin birliyinə, həmrəyliyinə növbəti töhfəsini verib və verməkdə davam edir. Şübhəsiz, bu, həm də rəsmi Bakının İslamı dəyərlərə bağlı ölkə olduğunun növbəti təzahürüdür. Bu həm də Azərbaycanın dünyada sülhə, əmin-amanlığa hədəflənmiş siyasət həyata keçirdiyini bir daha təsdiqləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”