29 oktyabr 2023 12:00
4222

Azərbaycan-BƏƏ münasibətləri: Tərəfdaşlıq və dostluq nümunəsi

Ümummilli Lider Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan tərəfindən əsası qoyulmuş Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan ikitərəfli əlaqələri ilbəil inkişaf edir. Hazırda iki ölkə arasında əlaqələrin inkişafına qarşılıqlı maraq var: "Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk İslam ölkələrindən biridir. Bu, Azərbaycan üçün mühüm bir dəstək idi. Bu gün isə müxtəlif sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün hər iki dövlət tərəfindən qarşılıqlı istək var".

Azərbaycan və BƏƏ arasında əlaqələrin inkişafında dövlət liderlərinin böyük rolu var: "Tarix bir çox şəxsiyyətlər yetişdirmişdir, lakin onların hamısı tarix yarada bilməmişdir. Şeyx Zayed və Heydər Əliyev bəşər tarixində yerli və beynəlxalq səviyyədə iz qoymuş liderlərdəndirlər. 1994-cü ildə Kasablanka şəhərində İslam Sammiti çərçivəsində Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan arasında keçirilən tarixi görüşdən sonra ikitərəfli münasibətlər bütün sahələrdə sürətlə inkişaf etməyə başlamışdır. BƏƏ və Azərbaycan xalqı həm regionda, həm də hər iki ölkədə xidmətlərinə görə bu iki liderə öz sevgisini və minnətdarlığını ifadə edirlər. Ölkələrimiz arasında ikitərəfli əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyanın dövründə daha da genişlənmişdir və indi də müxtəlif sahələrdə ildən-ilə inkişaf edir"

 Dövlətlərimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasının iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərindən, onların müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəldiyini vurğulayıb. Bu günədək iki ölkə arasında əməkdaşlığa dair 30-dan çox sənəd imzalandığını, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artdığını qeyd edib. Dubay şəhərində 2017-ci ildən ölkəmizin ticarət nümayəndəliyinin, 2019-cu ildən “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan və BƏƏ Hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edək ve Azərbaycanın “Expo 2020 Dubai” beynəlxalq sərgisinə dəstək verən ilk ölkələrdən olduğunu diqqətə çatdırmaq lazımdır..

İşğaldan azad edilmiş ərazilərimizdə gedən geniş miqyaslı bərpa və quruculuq işlərini, bu prosesdə dost BƏƏ şirkətlərinin də iştirakının arzuolunan olduğunu qeyd edilib. Ötən il Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək layihələrdə BƏƏ-nin biznes dairələrinin də iştirak etməkdə maraqlı olacaqlarına əminliyini bildirib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illər bir çox sahələrdə uğurla inkişaf etməkdədir. Bu inkişaf xüsusilə ticari-iqtisadi, o cümlədən, turizm, enerji sahələrində nəzərə çarpır. Yeni əməkdaşlıq sferalarından biri də yaşıl enerjidir. Eyni zamanda, Azərbaycana ən çox turistin gəldiyi ölkələrdən biri də məhz BƏƏ-dir. Azərbaycanda da əsas səfər istiqamətlərindən biri kimi Dubay hələ də öz populyarlığını saxlamaqdadır.

Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Son illərdə ölkəmiz etibarlı tərəfdaşa çevrilərək, beynəlxalq aləmdə nüfuzu yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Avropa ölkələri, Türk dünyası ilə yanaşı, ərəb dövlətləri ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə məlum işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürü idi. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir. Mövcud əlaqələr mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətinin qəbul etməsi görülən işlərin və əlaqələrin davamlığına söykənir. Qonaqlar Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak ediblər. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bir çox digər sahələri də əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev bugünkü görüşün əməkdaşlığımızın hazırkı vəziyyətinin və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirərək gündəlikdə duran birgə layihələrin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.

XƏZƏR REGİONUNDA VƏ MDB MƏKANINDA ƏN BÖYÜK GÜNƏŞ ELEKTRİK STANSİYASI

 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bunu əlamətdar nailiyyət kimi dəyərləndirib. "Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə "Masdar"ı, onun rəhbərliyini təbrik etmək istərdim. Bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır",. Bildiyimiz kimi, cari ilin yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platforma olan Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan Prezidenti Cənab mərasimdə çıxış etdi. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Əlbəttə ki, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Cənab İlham Əliyev çıxışında Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olduğunu bildirib: "Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir".

BUGÜNKÜ LAYİHƏ GƏLƏCƏKDƏ HƏYATA KEÇİRİLƏCƏK ÇOXSAYLI LAYİHƏLƏRİN BİRİNCİSİDİR

Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, eləcə də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Bu layihə Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub ki, həmin boru kəmərinin uzunluğu isə 3500 kilometrə malikdir.Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. "Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq... Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan "Masdar"a xüsusi minnətdarlığımı bildirmək istərdim. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir" – deyən Prezident bildirib ki, biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlərin imzalanması əlaqələrin davamlığına əsaslanır. Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi", "Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" və "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" imzalanıbdır.
İki ölkə arasında münasibətlər bir çox sahədə strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Bu əlaqələr münasibətlərin daha yüksək səviyyedə qaldırılmasına öz töhfəsini verir. "Masdar" şirkəti tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalı Prezident İlham Əliyevə təqdim olunması dövlətlərarası münasibətin dostluğa söykəndiyini bir daha göstərir.

Orxan İsmayılov,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı