27 oktyabr 2023 16:03
560

Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir - Kamran Bayramov

Son illər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Azərbaycan və BƏƏ arasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də çox müsbət münasibətlər mövcuddur. Lakin biz bilirik ki, hətta 44 günlük müharibə ərzində Ermənistanın ozamankı Prezidenti Armen Sarkisyan bir neçə dəfə BƏƏ-yə səfər etmişdi. Amma onların bu siyasəti müsbət nəticə vermədi. Çünki Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət Ermənistanın niyyətinin reallaşmasına imkan vermədi. Körfəz ölkələri ilə münasibətlər yüksək səviyyədədir. Bu siyasətin nəticəsi artıq görülməkdədir. Belə ki, ötən il dekabrın sonunda Fransa BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan bəyanatının qəbul edilməsinə çalışdı. Lakin bir neçə dövlətin, o cümlədən BƏƏ-nin buna qarşı çıxması Fransanın arzusunu ürəyində qoydu. Fransanın ölkəmiz əleyhinə mənfi siyasi davranışına qarşı BƏƏ-nin Azərbaycanı dəstəkləməsi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Bu isə o dəməkdir ki, iqtisadi-siyasi, turizm sahəsindəki münasibətlərin inkişafı avtomatik olaraq ölkələrimiz arasında həm də beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanın dəstəklənməsinə gətirib çıxardı”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, ölkələrimiz arasında qarşılıqlı  yatırımlarının, ticari əlaqələrin genişlənməsinin həm iqtisadi, həm də siyasi baxımdan tərəflərə yeni dividendlər qazandırır. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması  Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik.

Deputat diqqətə çatdırıb ki, bu gün Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensial vardır. Ölkəmiz bu potensial sayəsində ixracı şaxələndirəcək. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.  Hazırda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri hökumət strukturları və şirkətləri arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük. Dövlət başçımızın qeyd etdiyi kimi, milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var.

K.Bayramov əlavə edib ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir.

K.Bayramov xüsusi olaraq qeyd edib ki, Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini daha genişləndirir.  Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. BƏƏ ilə dərinləşən hərtərəfli əlaqələr də gələcəyə hesablanıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir.