27 oktyabr 2023 18:00
790

Tarixi qələbə günlərimiz əbədiləşir

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, qəhrəman Azərbaycan oğullarının şücaəti 2020-ci ilin 8 noyabr gününü tariximizə qızıl hərflərlə yazdı. 44 gün ərzində şanlı ordumuz mənfur düşmən tərəfindən işğal edilmiş rayonları bir-birinin ardınca düşmən tapdağından azad etdi. Böyük qələbəyə gedən yolda ordumuzun mühüm uğurlarından biri də 25 oktyabr 2020-ci ildə Qubadlının azad olunması oldu. Çünki Qubadlının ordumuzun nəzarətinə keçməsi digər işğal altında olan ərazilərimizin də azad edilməsinə əlverişli şərait yaratmış oldu. İndi artıq xalqımız Qarabağda və Şərqi Zəngəzurdakı rayonlarımızın düşmən tərəfindən işğal günlərini deyil, həmin torpaqlarımızın öz azadlığına qoğuşduğu günləri böyük qürur hissi ilə qeyd edir.

İşğaldan azad edilmiş torpaqlarımızda şəhər günləri xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edilir. Belə əlamətdar günlərdən biri də 25 oktyabr Qubadlı şəhər günüdür. Şəhər günlərinin qeyd edilməsi həm də tarixi qələbə günlərimizi əbədiləşdirir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə "Qubadlının azad olunmasına görə" medalının əsasnaməsi təsdiq edilmişdir. "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərlər edən Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Qubadlı rayonuna da 4 dəfə səfər etmişdir ki, bunların da hər biri əlamətdar hadisələrlə yadda qalmışdır. 23 dekabr 2020-ci ildə ölkə prezidentinin Qubadlıda Azərbaycan bayrağını ucaltması xalqımıza böyük qürur yaşatmışdı. Növbəti, 25 oktyabr 2021-ci ildəki səfəri zamanı Cənab İlham Əliyev Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi. Dövlət başçımız Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

19 oktyabr 2022-ci ildə Qubadlı rayonuna gələn möhtərəm Cənab İlham Əliyev düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının elektirik enerjisi istehsalı baxımından da perspektivli ərazilər olduğunu bildirdi və “Zabuxçay”, “Bərgüşadçay” su anbarlarının layihələri ilə yaxından tanış oldu. Ölkə başçımız “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi. Sözsüz ki, bu yeni yarımstansiyasının inşası ətraf rayonların fasiləsiz enerji təminatına mühüm töhvələr verəcək.

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu şəhərə 4 may 2023-cü il tarixli səfərində reallaşdı. Ölkə başçımızın müdrik siyasəti sayəsində azad edilmiş torpaqlarımız yenidən qurulur, çiçəklənir və doğma sakinlərinə qovuşur.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini