27 oktyabr 2023 16:04
434

Regionun enerji inkişafında inqilab

Özünün daxili enerji tələbatını ödəyən Azərbaycan, eyni zamanda, bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ölkəmizin  enerji siyasəti, yeni dövrün tələbi olan alternativ enerjidən istifadə ilə bağlı gördüyü işlər, eləcə də hədəfləri dünyanın diqqət mərkəzindədir.

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Şirkət tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi  isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Artıq bu il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Ölkəmiz, eləcə də regionun enerji əthlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək çıxış edib. Ölkə rəhbəri öz çıxışında qeyd edib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var. Bu gün bu əməkdaşlıq sayəsində çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasimi keçirilib.

Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Planlar isə genişdir. Planlara görə mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işlər həyata keçiriləcəkdir. Bu regionun enerji inkişafında tam bir inqilab olacaqdır.

Qeyd edilib ki, Azərbaycan dünyada ilk dəfə 19-cu əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. “İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Bu gün Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində Azərbaycanın çoxmilyardlı investisiya portfoliosu olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür.

Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.

“Eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac vardır.

Çıxışı zamanı Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü