26 oktyabr 2023 11:51
317

Azad Qubadlı yenidən qurulur

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Şəhəri azad etmək üçün ilk növbədə ətrafdakı yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdə hərbçilərimizi təhdid edən gücləndirilmiş atəş nöqtələri yaratmışdı. Azərbaycan Ordusu Qubadlı uğrunda gedən döyüşlərdə də yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirdi. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün Qubadlıya artıq öz sahibləri qayıdıb və hal-hazırda rayonun yenidən qurulması istiqamətində irimiqyaslı işlər görülür. İşğaldan sonra dövlət başçımızın azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya da etdiyi müntəzəm səfərləri rayonda aparılan bərpa-yenidənqurma işlərinin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Məhz bu səfərlər zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Ən əsası, ölkə Başçısı cənab İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən layihələrin miqyası və görülən işlərin dinamikası insanı heyran edir.

Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq