26 oktyabr 2023 02:58
469

Samvel Şahramanyanın “referendum” sayıqlaması

Məşədi İbad demişkən, heç hənanın yeridir?

2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirlərindən sonra separatçıların bir qismi, o cümlədən Xankəndidəki xuntanın sonuncu “lideri” Samvel Şahramanyan müəmmalı şəkildə aradan çıxmağa nail oldu. O,  üz tutduğu Ermənistanda bir müddət dinib-danışmadı, bu susqunluğunu baş nazir Nikol Paşinyanın onu qəbul etməməsi ilə əlaqələndirdi.

Amma son günlərdə o, bir qədər fəallaşıb. Hətta “artsax”ın ləğvi qərarı”ndan imtina edəcəyini bildirib. Daha doğrusu, o, guya separatçı rejimin hələ də özünü buraxmadığını adaşı Samvel Babayanvarı söyləyib: “arsax respublikası" buraxılmayıb. Kimsə bu sənədi görüb? Demək istəyirəm ki, bu sənədlə, bu bəyanatla tanışsınızmı? Heç bir sənəd “xalq referendumu” ilə yaradılan “respublika”nı ləğv edə bilməz”. Üstəlik, riyakarcasına bildirib ki, guya o, əhalinin həyatını xilas etmək məqsədilə belə bir addım atıbmış: “Bir saat əvvəl onları dayandırmasaydıq, şəhərə girib uşaqları öldürəcəkdilər". Halbuki, Azərbaycan Ordusu keçirdiyi lokal antiterror tədbirləri zamanı mülki şəxslərin zərər görməməsi üçün zərgər dəqiqliyi sərgiləyib.

Qeyd edək ki, Qarabağdakı qondarma qurum 28 sentyabrda indi sayıqlayan  Samvel Şahramanyanın “fərmanı” ilə özünü buraxıb. Separatçı rejimin özünü ləğv etməsi prosesi 1 yanvar 2024-cü il tarixinə qədər başa çatmalı idi. Bəs indi onun belə bir sərsəm fikir səsləndirməsi nədən irəli gəlir? Şübhəsiz, bu şounun arxasında başda Makron Fransası olmaqla Cənubi Qafqazda proseslərə müdaxiləyə can atan xarici qüvvələr dayanır.

Bir sözlə, bir həftəlik “prezident”in "artsax"ın itirilmədiyi, onun bərpa oluna biləcəyi və hər şeyin hələ qabaqda olduğu sayıqlaması Azərbaycan və Ermənistan arasında sülh prosesini hər cür pozmağa, həmçinin hayları  yenidən qızışdırmağa, Qarabağ üzərindən yeni oyunlar qurmağa çalışanlara məxsusdur.

Son günlərdə Qərb ölkələrinin ölkəmizə qarşı qərəzli bəyanatlarının səngiməməsi belə qənaətə gəlməyə əsas verir. Bu mənada demək olar ki, Şahramanyan ağalarının sifarişini yerinə yetirir.

Onu da qeyd edək ki, sentyabrın 9-da keçmiş separatçı-kriminal xuntanın sonuncu başçısı təyin olunmuş “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Şahramanyan Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi, “artsax” səhifəsi mənim üçün bağlanmayıb” deyən Serjik Sarkisyanın adamı sayılır. Bu fakt da çox mətləblərdən xəbər verir. Belə ki, Qarabağ mövzusunun yenidən dirildilməsi Serjikin arzularından biridir. Fikrimizcə, bu məqamda erməni siyasi eksperti Artur Xaçikyanın aşağıdakı sözlərini xatırlatmaq yerinə düşərdi: “Deyəsən, Ermənistanda hansısa sekta fəaliyyət göstərir və bizi məhvə aparır”. Samvel Şahramanyanın sistemin bir hissəsi və təcrübəli daşnak fiquru olaraq, sadəcə, bunun həyata keçirilməsində iştirak etdiyini vurğulayan erməni bloger İşxan Verdyan isə bildirib ki, belə bir fikrin gündəmə gətirilməsi, daha doğrusu, “artsax”a qayıdış” rəvayəti Ermənistana yaxşı bir şey vəd etmir: “Əgər Ermənistan hökuməti "artsax" adı altında olan hər hansı bir qurumla rəsmi əlaqə saxlasa, nəticə onun üçün acınacaqlı olacaq". O, hətta Ermənistanda  “artsax” sözü ilə bağlı nə varsa, hamısını sıradan çıxarılmasının vacibliyini də vurğulayıb.

Bu, bir həqiqətdir ki, “bir gün sənəd imzlamışıq, o biri gün imzalamamışıq” deyən Samvel Şahramanyan və ona züy tutanlar həmin  açıqlama ilə özlərini gülünc vəziyyətə salıblar. Sual olunur: əgər o, sənədə imza atmayıbsa, indi niyə Ermənistanda veyillənir? İndi o, "vəzifə" başında olmalı deyildimi? Elə Qarabağdakı erməniəsilli şəxslərin  təcili sürətdə köçməsini də o təşkil edib. Bu faktı Qarabağdan köçən ermənilər də etiraf edirlər. Olmaya Samvel Şahramanyan bunu da danmaq istəyir? Bir məsələni də vurğulayaq ki, Şahramanyan Qarabağı tərk edənlərdən alət kimi istifadə etmək, onları “məcburi köçkün” kimi dünyaya sırımaq niyyətindədir. Hadisələrin gedişatı göstərir ki, onların hansısa sərsəm ideologiyanın arxasınca getmək həvəsləri yoxdur.

Amma Samvel Şahramanyanın nə deməyinin, kimlərinsə küyünə getməyinin Azərbaycan  üçün heç bir əhəmiyyəti yoxdur. Çünki rəsmi Bakı öz ərazisində - Qarabağ iqtisadi rayonunda suverenliyini beynəlxalq hüquq normaları çərçivəsində tam bərpa edib.

Bəli, "imzaladığı sənədlərin hüquqi qüvvəsi yoxdur" deyən  bu bivec erməni  hələ də anlamır ki, həmin “fərman”ın da “ləğvetmə” cəhdlərinin heç bir hüquqi əsası yoxdur. Qondarma  rejimin fəaliyyəti heç bir beynəlxalq normalara əsaslanmırdı və elə bu səbəbdən onu Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tanımamışdı. Azərbaycan isə müdrik siyasəti ilə sadəcə, həmin qurumu öz “rəhbər”inin əli ilə gorbagor etməklə beynəlxalq səviyyədə tanınan ərazilərində  suverenliyini tam bərpa edib. Artıq həmin ərazilərdə “Qarabağ şikəstəsi”nin coşqun zənguləsi eşidilir. Bu mənada Şahramanyanın “heç bir sənəd “xalq referendumu” ilə yaradılan “respublika”nı ləğv edə bilməz” sayıqlaması olduqca gülünc səslənir. “O olmasın, bu olsun” filmindəki bizim Məşədi İbadın sözü olmasın, heç hənanın yeridir?

Qvami Məhəbbətoğlu, “İki sahil”