21 oktyabr 2023 08:22
306

Mərakeş 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün 6 stadionunu yenidən quracaq

Mərakeş hökuməti 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün 6 stadionu modernləşdirəcək və 1 yeni arena tikəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bununla bağlı Mərakeş hökuməti və investisiya holdinqi CDG (Caisse de Depot et de Gestion) arasında Rabatda tərəfdaşlıq sazişi imzalanıb. CDG tikinti işlərini maliyyələşdirəcək.

Qəbul edilmiş proqrama əsasən, 2023-2028-ci illər arasında Tangier, Kasablanka, Rabat, Aqadir, Mərakeş və Fes şəhərlərində stadionlar yenidən qurulacaq. Bundan əlavə, Benslimane kəndində (Kasablanka yaxınlığında) yeni arena salınacaq. Tikinti işlərinin ümumi dəyərinin təxminən 2 milyard dollar olması proqnozlaşdırılır.

Qeyd edək ki, bu il oktyabrın əvvəlində Beynəlxalq Futbol Federasiyası 2030-cu il dünya çempionatının oyunlarına 6 ölkənin ev sahibliyi edəcəyini açıqlamışdı. Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Dünya çempionatının ilk üç oyununa Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək, turnirin finalının isə Madriddə, Santiaqo Bernabeu stadionunda keçirilməsi planlaşdırılır. İlk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.