13 oktyabr 2023 03:26
311

Regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaranır

Artıq Qarabağ münaqişəsi həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq. İşğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər.

Qırmızı xətti keçdilər və başqa yol qalmadı

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç il keçməsinə baxmayaraq Ermənistan nə sənəddən irəli gələn öhdəlikləri yerinə yetirir, nə də Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addımlar atır. Hər zaman olduğu kimi, qarşı tərəf yenə də himayədarlarının təklifini gözləyir. Müxtəlif vasitələrlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğu diqqətdən kənarda qalmır. Amma bir reallığı unudur ki, Azərbaycan qalib ölkə olmaqla hazırkı dövrdə sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Rəsmi Bakı ilk gündən bu bəyanatı da Ermənistanın və havadarlarının diqqətinə çatdırdı ki, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq. Təbii ki, Ermənistan ona yaradılan şansdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmaq imkanı qazana bilər. İşğalçı dövlət 30 il yaşadığı asılılıq vəziyyətini bu gün də qabarıq şəkildə büruzə verir. Bütün hallarda Azərbaycan regionda dayanıqlı inkişafın və təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı addımları ilə diqqətdədir.

Dövlət başçısı sözügedən görüşdə bir daha Ermənistanın sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu təsdiqləyən faktları diqqətə çatdırdı. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı keçirilən görüşlərdə beynəlxalq hüququn 5 əsas prinsipinin özündə ehtiva edən sülh müqaviləsinə tərəfdar olduğunu bildirsə də əməldə tamamilə fərqli yanaşma nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edir. Cənab İlham Əliyev “Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi” söyləyərək onu da əlavə etdi ki, bu, ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi. Sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoyulmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.

Ermənistan sülhdə maraqlı deyil

Antiterror tədbirlərinin nəticələrindən sonra belə qənaət yarandı ki, sülh müqaviləsinin imzalanmasına artıq heç bir maneə qalmayıb. Lakin hadisələrin gedişindən də göründüyü kimi, Ermənistan havadarlarının dəstəyi ilə yenə də sülh müqaviləsinin imzalanması prosesinin hər vəchlə uzanmasına çalışır. Eyni dəyərlərə malik olan Ermənistan-Fransa birliyi ədalətin, beynəlxalq hüququn maraqların arxasında əriməsini şərtləndirir. Cənab İlham Əliyev həmin görüşdə Fransa rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolundan bəhs edərək bildirdi ki, Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi: “Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil.”

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, görüşü dünyaya gələcəklə bağlı bir çağırışdır. Bu baxımdan ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri əsaslı şəkildə diqqətə çatdırır və bunların yolverilməz olduğunu bildirir. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi bu gün də bu çağırışlarını bəyan edir. Diqqəti oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşünə yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi: “Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır.” Azərbaycan Prezidentinin həqiqətlərə bir daha işıq salan bu görüşündə Ermənistana və ona dəstək verən dövlətlərə ciddi düşünməyi bir tələbə çevirən mesajlar ünvanlandı.

Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olan dövlətlər, beynəlxalq təşkilatlar dəstəklərini sözdə deyil, əməldə nümayiş etdirməlidirlər. Ermənistan unudur ki, 30 illik işğal deyil, postmünaqişə dövrünün reallıqlarınıı yaşayırıq. Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Ədalətin, beynəlxalq hüququn qalib gəldiyi tarixi Zəfərimiz özündə mühüm çağırışları ehtiva edir. Seçim Ermənistanındır.

Yeganə Əliyeva, “İki sahil”