12 oktyabr 2023 22:43
250

ATƏT və BMT-də köklü dəyişikliklər olmalıdır

Tarixi Zəfərimiz 30 illik işğala, soydaşlarımızın torpaq həsrətinə son qoysa da həqiqətlərimizin təbliği günümüzün əsas çağırışları sırasındadır. Ermənilərin havadarlarının dəstəyi ilə illərdir apardıqları yalan təbliğat həqiqətlərimizin qarşısında puç olur. Azərbaycan hər zaman bu çağırışı edir ki, tarix faktlara əsaslanır və hazırkı informasiya-kommunikasiya texnologiyaları dövründə yalanın ömrü uzun ola bilməz.

Oktyabrın 11-də Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul etdi. Dövlət başçısı İlham Əliyev 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları əsaslı şəkildə görüş iştirakçılarının diqqətinə çatdırıldı. “Son üç ildə baş verənlər barədə sizi qısaca məlumatlandırmaq istəyirəm. Amma mənim informasiyamın, necə deyərlər, daha dolğun olması üçün tarixə qısa ekskursiya etmək istəyirəm” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Tarixçilər də yaxşı bilirlər ki, Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır.

Azərbaycanın illərdir apardığı informasiya mübarizəsinin əsas tərkib hissələrindən biri budur ki, dünya bugünkü Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yarandığını bilməlidir. Tarixi faktlar təsdiqləyir ki, XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

Saxta tarix yazıb bu günə qədər bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər. Tarix faktlara əsaslanmaqla yanaşı, saxtakarlığı da sevmir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.

 Cənab İlham Əliyev Qarabağ münaqişəsinin yaranma səbəblərindən, 20 faiz torpağımızın işğalından, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsindən geniş bəhs etdi.

 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir. 

Dövlət başçısı İlham Əliyev bu reallıqlar fonunda 27 il münaqişənin həllində vasitəşilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, Birləşmiş Millətlər Təşkilatının öz nüfuzundan istifadə edə bilməməsindən danışdı. “Azərbaycan bütün vasitələrlə məsələni sülh yolu ilə həll etməyə çalışdı. Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Yeri gəlmişkən, bu münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır. Bu münaqişənin timsalında biz həm də Birləşmiş Millətlər Təşkilatının öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilməməsinin şahidi olduq” bildirən cənab İlham Əliyev onu da əlavə etdi ki, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Azərbaycan uzun müddət gözlədi, ümidlərimiz var idi: “Mən 2004-cü ildən müxtəlif mərhələlərdə danışıqlarda iştirak etdim, lakin təəssüf ki, 2019-cu ildə bütün ümidlər puça çıxdı. O vaxt Ermənistanın baş naziri bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. O, bununla bütün danışıqlara son qoydu və onları tamamilə mənasız etdi. Onu demək lazımdır ki, bu, suveren Azərbaycan dövlətinə qarşı açıq ərazi iddiası idi, çünki dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan qondarma “Dağlıq Qarabağ respublikasını” tanımırdı. Yəni, erməni rəhbərliyinin bu təxribatçı, düşünülməmiş, deyərdim ki, aydın olduğu kimi, özünə qarşı sui-qəsdçi addımı və digər, o cümlədən hərbi xarakterli təxribat fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı.”

 Dövlət başçısı İlham Əliyevin postmünaqişə dövründə bütün çıxışlarında diqqəti artıq dünyada uzun illər müzakirə edilən BMT ilə bağlı məsələlərə yönəldir. BMT-də islahatlara böyük ehtiyac olduğunu xüsusi qeyd edən dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi çağırışını da edir. İrəli sürülən təkliflər sırasında bir daimi yerin mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməsi xüsusi yer tutur. Digər daimi yerin isə Qoşulmama Hərəkatına verilməsi bildirilir. Bu mühüm məqam önə çəkilir ki, İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir.

Sözsüz ki, ədaləti və beynəlxalq hüququ heç bir halda maraqlarının arxasında gizlətməyən dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunması həm BMT qətnamələrinin, həm də beynəlxalq hüququn norma və prinsiplərinin vahid mexanizm əsasında icrasında öz sözünü deyəcək. Dövr, zaman dəyişirsə, qarşıya çıxan yeni tələblər sözsüz ki, fəaliyyətləri ilə etimad mühitini sıfra endirən təşkilatların fəaliyyətində də yenilikləri, təkmilləşməni bir tələbə çevirir. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Əvvəldə də qeyd etdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, həmçinin erməni silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapsa da bu sənədlərin icrası müşgülə çevrildi. Hələ onu da nəzərə alaq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri idi. 30 il işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə böyük maneə yaradacağını bildirən həmsədrlər, amma məsələnin sülh yolu ilə nizamlanacağına əminlik yaratmağa çalışdılar. İmitasiya naminə danışıqlara dəstək olan bu dövlətlər belə yanaşmanın hansı faciələrə gətirib çıxardığının şahidinə çevrildilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini təkbaşına icra etdi. Ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu sübut etdi. Dünyaya edilən çağırışlar uğurlu gələcəyin aydın mənzərəsini yaratdı.

Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır.

Yeganə Əliyeva, “İki sahil”