13 oktyabr 2023 00:10
304

Əfqan Muxtarlının «araşdırmaları»nda erməni, fransız ruhu

Özünü «mühacir jurnalist» kimi qələmə verən milli xəyanətkarın ermənilərə dəstək şousunun «müəllifləri» vətənsizlərdir

Avropa ölkələrində formalaşmış anti-Azərbaycan dairələrin süfrələrinin artığı ilə gün keçirən, özlərini politoloq simasında görən milli xəyanətkarların siyasi şouları bitmir. Bitə də bilməz. Çörək pullarını Vətəninə xəyanətlə qazananları «Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı» misrası ilə tanıdan rəhmətlik Məmməd Arazın sözləri ilə deyilsə, xarici ölkələrdə məskunlaşan, mühacirlər Vətən təəssübü kimi ülvi duyğulardan kənardırlar. Bu baxımdan özünü mühacir jurnalist adlandıran Əfqan Muxtarlıya çatan olmaz. «Bir agacda oturub, min budağı» silkələmək məsəlinə uyğun «araşdırma aparan», gözbağlayıcı münəccim kimi Gürcüstandan vurub Avropadan çıxan, Azərbaycanda baş verənləri ağalarının istəklərinə uyğun «təhlil edən » «araşdırmaçı» Əfqanın ökəmizlə bağlı sayıqlamaları tülkünün həccə getmək məsəlinə oxşayır. Bütün dünya ictimaiyyətinin həsəd apardığı, iki qardaş ölkənin «Bir millət, iki dövlət» siyasətinə uyğun münasibətlərə kölgə salan bu «araşdırmaçının» «təhlillərindən » erməni, fransız ruhu duyulur.

Əsasən Azərbaycandan kənarda yaşadığı üçün iki qardaş ölkənin oxşar tarixləri barədə məlumatı olmayan Əfqana bəzi məqamları xatırladaq. Bildirək ki, hər iki ölkənin igid oğulları dar günlərdə belə biri-birinə dayaq olmuşlar. Ermənilərə dəstək verən Əfqan düşüncəli xainlərə xatırladaq ki, 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunması zamanı şəhid olan Qafqaz İslam Ordusunun əsgərləri bu qardaşlığın əbədiliyini tarixə qanları ilə yazıblar. Canaqqala döyüşündə yadellilərə qarşı vuruşan türk əsgərinə dayaq, şəhid olan azərbaycanlılar bu gün də qardaş ölkədə hörmətlə xatırlanır. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Qələbəmizə inanan qardaş Türkiyə xalqının siyasi, mənəvi dəstəyi düşmənə belə öldürücü zərbə oldu. Birlik və həmrəyliklərinin sarsılmaz olduğunu dəfələrlə qeyd edən iki qardaş ölkənin başçıları harada bir olub, olmamağı Əfqan Muxtarlıdan daha yaxşı bilirlər. Bilmirsə ona və onu maliyyəşdirənlərə «Şərq tərəfdaşlığı» proqramının 5 illiyinə həsr olunan Sammidə Prezident İlham Əliyevin Ermənistanın sabiq prezidenti Serjik Sarkisyanın Türkiyəyə qarşı böhtanlarına verdiyi cavabı xarıladaq: «Bunu emək asandır. Çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə –Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.» Ötən ay BMT Baş Assambleyasının 78-ci sessiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”» sözləri əfqanların vasitəsilə iki qardaş ölkənin birliyinə kölgə salmaq istəyənlərə cavabdır.

«Qarabağ Rusiyanın nəzarətinə verilib» kimi sərsəmləmələri ilə Azərbaycanın müstəqilliyinə, Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsinə, liderlik qabiliyyətinə kölgə salmaq istəyən mühacirə bir məqamı xatırladaq. Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ respublikası»na «humanitar yardım» adı ilə göndərilən «Spayka» konvoyunun bölgəyə buraxılmaması, günlərlə sərhəddə gözləməsi dövlət başçımızın iradəsinin ifadəsi idi. Erməniləri dəstəkləyən Avropa İttifaqı da daxil olmaqla beynəlxalq təşkilatların təkidli tələblərinin qarşısını alan dövlət başçımızın qətiyyəti ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın müstəqil dövlət olmasının təzahürü idi. Bu baxımdan Əfqan kimilərinin «Azərbaycan kimlərinsə əlindədir» sayıqlaması boşboğazlıqdır.

İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin döyüş məharətinə bütün dünya heyran oldu. Döyüşə könüllü gedənlərin sayı belə heyrət doğururdu. Buna görə də Əfqanın guya «Gənclərimizin kimlərinsə hakimiyyət hərisliyinin qurbanı olması» barədəki « araşdırması» ermənilərə xidmətdən başqa bir şey deyildir. Əksinə torpaqarımız uğrunda qurban gedən şəhidlərimizin ruhuna hörmətsizlikdir. Onun « Ölkə fəlakətin bir addımlığındadır» kimi xəyanətkar düşüncəsinin əksinə olaraq Azərbaycan inkişafının, tərəqqisinin intibah dörünü yaşayır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlənir. Əfqan Muxtarlını və onun kimi Azərbaycana böhtan yağdıranları tarahat edən də bu tərəqqi, ölkəmizin dünyada artan nüfuzu və diplomatik uğurlarıdır. Belə yerdə deyiblər ki, yalanın ömrü qırx gün olar.

Xuraman İsmayılqızı, «iki sahil»